“Azadlıq”ın elektron ünvanına Səbail məhkəməsindən bildiriş gəlib. Açığı, məhkəmələrin elektron sistemə keçməsinə görə sevincimizin həddi-hüdudu yoxdur. Daha ənənəvi poçt problemimizin olmayacağını düşünə-düşünə məktuba bir də göz gəzdirdik. Bəlli oldu ki, məktub 17 apreldə imzalanıb, ancaq elektron poçtumuza bu gün – 26 apreldə, yəni imzalanandan düz 10 gün sonra gəlib çatıb.
Bildiriş məktubundan belə anlaşılır ki, azadlıq.info ilə birgə bəzi saytların Azərbaycanda bloklanmasının məhkəmə müstəvisinə çıxarılacağını görən Nazirlik özü qabağa düşmək istəyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bloklanan saytları məhkəməyə verib. Bizə göndərilən bu bildiriş də həmin məhkəməyə çağırışdır. Ancaq, görünür, Nazirliyin yanındakı Elektron Təhlükəsizlik Mərkəzi Səbail məhkəməsini də bloklayıbmış, yoxsa elektron poçtla göndərilən məktub niyə 10 gündən sonra gəlib çatsın ki?! Məhkəmənin qabağında küləyə versəydilər(imzalanandan sonra), həmin bildiriş anındaca gəlib çatardı; Bakı küləyi bunların hər iki poçtundan sürətli olduğu üçün…
Bu da məktubda yazılanlar:
“Səbail Rayon Məhkəməsinin icraatında olan, ərizəçi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (maraqlı şəxslər: “Azadlıq.info”, “Azadlıq.org”, “Azərbaycansaatı.com” domenlərinin, “Meydan.tv”, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının yerləşdirildiyi internet informasiya ehtiyatları) «internet informasiya ehtiyatlarının müraciətin məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə məhkəmə iclası 27 aprel 2017-ci il tarixə, saat 11:20-a təyin edilmişdir (ünvan: Bakı şəhəri M.Useynov küçəsi 5, məhkəmə iclas zalı).
Etiraz və mülahizələrinizi bildirməklə məhkəmə iclasında səlahiyyətlərini təsdiq edən sənədlə birlikdə iştirak etməyiniz (və ya nümayəndənizin iştirakını təmin etməyiniz) xahiş olunur.
Hakim: Nurəddin Bağırov”
P.S. Yollar bloklanmasa sabah məhkəmədə görüşərik.
Oxunub: 636