İqtisadi Təhlil İnsitutunun rəhbəri Məhəmməd Talıblı:
“İnhisarçı bazar payı olan şirkətlərin rəqabəti təşviq edən təklif və tövsiyələrlə nazirliyə müraciət etmələri inandırıcı gəlmir”
Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tədbirlərdən söz düşmüşkən, nəzərinizə çatdıraq ki, bu gün İnam Kərimovun rəhbərliyi və aqrar sahədə ixtisaslaşmış böyük şirkətlər daxil olmuşdur. Toplantıda iştirak edən şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini müzakirə edib və bu zaman Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Bundan sonra isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə “Azərsun Holding”in prezidenti Abdolbari Goozal adıçəkilən şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə katibliyin rəhbəri seçilib. Bir qədər öncə də bildirdiyimiz kimi “Azərsun Holding” bu gün ölkənin qida sənayesini inhisarında saxlayır. Belə ki, Azərbaycanda 1994-cü ildən fəaliyyətə başlayan, ana şirkəti Birləşmiş Ərəb Əmirliklərindəki «Intersun International Sun Group FZCO» müəssisəsi olan “Azərsun Holding” ölkəmizdə qida bazarının böyük hissəsinə nəzarət etməklə, yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Beləliklə, Kənd Təsərrüfatı Nazirliyində baş tutan məlum toplantıda alınan qərara görə, sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən onlarla müəssisəni birləşdirən “Azərsun Holding”in prezidenti Abdolbari Goozal artıq Aqrar Məşvərət Şurasının sədri vəzifəsini icra edəcək. Bu isə o deməkdir ki, Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına yox, məhz “Azərsun Holding”in daha da genişlənməsinə, əhatə dairəsini artırmasına, aqrar və qida sənayesini tam şəkildə nəzarətə götürməsinə, bu sahədə azad rəqabətin aradan qaldırılmasına gətirib çıxaracaq. Söz yox ki, bu da öz növbəsində, antiinhisar (rəqabət) qanunvericiliyinin pozulmasına, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılmasına və digər neqativ hallara səbəb olacaq. Yəni bununla da “Azərsun Holding” daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları əldə edəcək.
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz “İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı nazirlik və komitələrin nəzdində konsultativ məzmun daşıyan yan qurumların yaradılması təşəbbüsünü yaxşı hal kimi qiymətləndirməklə yanaşı, bildirdi ki, belə qurumlar kollegial məzmun daşımalıdır:
“Buna bir neçə aspektdən yanaşmanın tərəfdarıyam. Bu qurumlar sahibkarlıq subyektlərinin maraqlarını və problemlərini yuxarı instansiyaya daşıyan təşəbbüskar qurum olmalıdır. Onlar nazirə “ütülü” hesabatlar verməyi yox, problemləri bütün çılpaqlığı ilə onların diqqətinə çatdırmalıdır. İkincisi, bu cür qurumların yaxın illərdə nazirliklərin yanında yaradılmış Appelyasiya Şuralarının analoji aqibəti kimi olmamalıdırlar. Bizdə bu sistem işləmədi və elə bir ciddi effekt doğurmadı. Üçüncüsü, belə qurumların kollegial məzmun daşımalıdırlar. Yəni, onlar rəhbər-işçi subordinasiyasından uzaq olaraq işgüzar xarakter daşımalıdır. Onlar sədr, müavin və s. kimi seçkili orqan yox, kollegial formatda işçi qrup kimi fəaliyyət göstərməlidirlər. Çünki, beynəlxalq təcrübədə də belədir”.
Aqrar Məşvərət Şurasına eləcə birinci gündə sədr seçilməsini komanda işindəki effektivliyi motivasiya edən deyil, məhz aşağı salan amil kimi dəyərləndirən tanınmış iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, həmin işçi heyətdə inhisarçı şirkətlərin təmsil olunması maraqlar konflikti yaradan haldır: “Diqqət etdinizsə, həmin işçi heyətdə yalnız bazarda ən ciddi paya malik olan inhisarçı şirkətlərin – “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group” və “Səba Qrup” təmsilçiləridirlər. Bazar paylarının yüksək olması onların Şurada iştirakı ilə maraqlar konflikti yaradan haldır. Mən inanıram ki, ucqar kəndlərdə və rayonlarda fermer təsərrüfatı ilə məşğul olan çoxsaylı peşəkarlar vardır ki, resurs çatışmazlığından başlamış istehlakçıya çatdırılacaq kənd təsərrüfatı məhsullarının bütün mərhələlərdindəki dəyər zəncirinin harada qırıldığını dəqiqliklə bilirlər. Çünki onlar məhz bu problemlərdən əziyyət çəkir. Onlar problemləri “dəriləri” ilə hiss edirlər. Kənd təsərrüfatı məhsulların istehsalında və idxalında inhisarçı bazar payı olan şirkətlərin rəqabəti təşviq edən təklif və tövsiyələrlə nazirliyə müraciət etmələri şəxsən mənə inandırıcı görünmür.”