«Müsəlman Birliyi» Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin yaxınları onun cəzaçəkmə müəssisəsində incidildiyini deyir. Bu barədə AzadlıqRadiosuna dindar fəalın anası Zeynəb Hüseynova danışıb.
Anası deyir ki, Ə.Nuruzadə avqustun 17-də 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Ora çatan kimi də rəhbərliyin təzyiqi ilə üzləşib, onu Qobustandakı qapalı həbsxanaya göndərməklə hədələyiblər: «Cəzaçəkmə müəssisəsində onu 15 gün karantində saxlayıblar. Karantindən dərhal sonra da heç bir əsas olmadan birbaşa «kars»a salıblar. Bu adam ora çatan kimi neylədi ki, onu «kars»a saldılar?».
Z.Hüseynova hesab edir ki, oğluna bu cür münasibət ona qarşı qərəzdən qaynaqlanır: «Günahsız yerə şərləyib yeddi il verməklə ürəkləri soyumayıb…».
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, təkcə Ə.Nuruzadə yox, hər bir məhkum cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra iki həftəyə qədər karantində saxlanılır: «Bu müddətdə ona müəssisənin daxili intizam qaydaları öyrədilir, hüquq və vəzifələri izah olunur, məhkumun psixoloji durumu öyrənilir. İslah, tərbiyə prosesi üçün bu çox vacibdir. İntizam qaydaları pozulduğu halda görülə biləcək tədbirləri izah eləmək sadəcə, xəbərdarlıqdır. Bunu hədə-qorxu kimi qəbul etmək düzgün deyil».
Ə.Nuruzadənin cərimə təcridxanasına salınmasına gəlincə, M.Sadıqov deyir ki, ailə üzvləri onun əsassız cəzalandırıldığını hesab edirsə, bu barədə Penitensiar Xidmətə rəsmi şəkildə müraciət edə bilər: «Müraciət araşdırılar, əgər, deyildiyi kimi, cəzanın əsassız olduğu aydınlaşarsa, lazımi addım atılar».