İki yerdə işləyən müəllim işinin birini itirməlidir
Naxçıvanda da yeni dərs ilinə hazırlıqlar başa çatmaqdadır. Ancaq bu hazırlıqlardan müəllimlər ziyana düşəcək. Muxtar Respublikadan aldığımız xəbərə görə, iki yerdə işləyən müəllimlər işinin birini itirir. Bu gün Naxçıvanın təhsil idarələrində bununla bağlı yığıncaq keçirilib.
İki yerdə çalışan müəllimlər yarımştat maaşı alır. Maraqlıdır ki, indi onlar işinin birini itirsə də tam ştata götürülmürlər. İki iş yerindən 350 manata qədər maaş alan müəllimlər indi bir yerdə yarımştat işləməklə təxminən 180 manat əmək haqqı alacaq. Üstəlik, tətildə müəllimlərə veriləcək maaşdan da kəsiblər ki, tətilin 2 günü Qurban bayramına düşüb.
Xəbəri verən mənbə müəllimlərə qarşı ayrı-seçkilikdən şikayətlənir. O, Naxçıvanın rəhbəri Vasif Talıbovun oğlu Seymur Talıbovun da müəllim olduğunu deyir. Seymur Talıbov iki yox, daha çox yerdə işləyir. S.Talıbov Naxçıvan Özəl Universitetinin təsisçisi, Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsini tutur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. 1988-ci il doğumlu S.Talıbov hüquq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosentidi. Bu yaxınlarda isə Naxçıvan Şahmat Federasiyasının sədri seçilib.
Azadliq.info