Bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndələri Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciət edib.
Müraciətin tam mətnini təqdim edirik:
Sizə bu müraciəti yazmağımızın səbəbi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun bir neçə ay öncə ictimaiyyətin müzakirəsinə təqdim etdiyi “Orfoqrafiya qaydaları” layihəsi və onun yaratdığı ciddi narahatlıqdır.
Biz Azərbaycan dilinin dövlət dili kimi statusunun qorunması və dilimizin işləkliyinin artırılması, ana dili ilə bağlı qarşıya çıxan problemlərin, o cümlədən yazı qaydalarının cilalanması, yeni “Orfoqrafiya lüğəti”nin hazırlanması istiqamətində ölkəmizdə aparılan müsbət işləri təqdir etməklə yanaşı, layihədə ciddi narahatlıq doğuran bəzi məsələləri diqqətinizə çatdırmağı vacib sayırıq.
Layihənin 37-ci bəndi ilə bağlı irəli sürülən təklifə görə, “əvvəlki orfoqrafiya lüğətlərində tərkibində –iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa “y” samiti ilə yazılıb. Hazırda həmin sözlər bir “y” ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir “y” ilə yazılması məqsədəuyğun sayılır”.
Məlum olduğu kimi, orfoqrafiya ilə orfoepiya dilçiliyin fərqli sahələridir və onların qarışıq salınması yolverilməzdir. Ədəbiyyat, fəaliyyət, cəmiyyət, bəşəriyyət, əbədiyyət, vəsiyyət, vəziyyət, ezamiyyət və bu kimi sözlərin yazılış qaydasının dəyişdirilməsinə heç bir tarixi və fonetik zərurət yoxdur. Yeni qaydaların təşəbbüskarları bir çox ərəbmənşəli sözlərdəki -iyyat şəkilçisini -iyat, -iyyə/–iyyət şəkilçilərini isə -iyə və ya -iyət kimi dəyişdirmək mövqeyindən çıxış edirlər. Onlar nəzərdən qaçırırlar ki, bu morfemlər ərəbmənşəli sözlərin tərkibində işlədilir və heç də zənn edildiyi kimi, eyni dil hadisəsinin müxtəlif təzahürləri deyildir; əksinə, hər biri ayrıca dil hadisəsidir. Biz məhz bu fərqli dil hadisələrini elmi baxımdan eyni fonetik qəlibə salmağın əleyhinəyik. Əvvəlki orfoqrafiya lüğətlərini hazırlayan korifey dilçi alimlərimiz ensiklopedik bilik sahibləri olduqlarından, həm də ərəb dilini gözəl bildiklərindən ərəbmənşəli bu sözləri müvafiq olaraq, -iyyat, -iyyət və -iyyə, -iyat və -iyə ilə yazıblar.
Bundan başqa, qoşa “y” samiti ilə yazılan sözlər bəzən tələffüzdə də ikiləşir. Bu, xüsusən, nəzm əsərlərində, bəlağətli üslubda, xitab və müraciətlərdə, təntənəli çıxışlarda, insana xas olan hiss-həyəcanın dolğun ifadəsində, nitqin təsir gücünün artırılmasında özünü göstərir. Belə hallar həm də psixolinqvistik aktın fonetik səviyyədə reallaşmasıdır. Azərbaycan bədii mətnində, xüsusilə şeirdə ayrıca mövqeyi və müəyyən bir çəkisi olan bu ifadələrin yazılış və deyiliş şəklinin dəyişdirilərək, -iyət, -iyat şəkli alması mənbəşünaslıq, mətnşünaslıq, əruz elmi, bədii qiraət, ədəbiyyatdan oxu dərsləri, nitq mədəniyyəti və s.-də ancaq və ancaq problemlərə yol açacaq. İlk növbədə ona görə ki, bu sonluqla bitən kəlmələr bir y ilə yazılarsa, əruzla qələmə alınmış şeirin bəhrinə təsir edərək qapalı hecanın açıq heca ilə əvəzlənib oxunmasına və öncəki saitin lüzumsuz uzanmasına səbəb olacaq. Bu isə, öz növbəsində, mənəvi mirasımız içərisində xüsusi çəkisi olan yeddiəsrlik klassik şeirimizdə saysız təhriflərə yol açacaq, Azərbaycanın dünyanın hər yerində oxucusu olan söz inciləri nöqsanlı təqdim ediləcək. Bu baxımdan layihənin 37-ci maddəsindəki iddia elmi baxımdan əsassız və məntiqsizdir. Eyni zamanda bu gərəksiz dəyişmə özündən sonra dildə daha neçə-neçə sözlərin yazılışında dəyişiklik edilməsinə zəmin hazırlayır ki, bu da ədəbi dilin elmi bünövrəsinin dağıdılması deməkdir. Artıq mətbuatda gedən bir çox məqalə və müsahibələrdə qoşa “s” və qoşa“m” ilə yazılan sözlərin də bu islahatın növbəti hədəfləri kimi nəzərdə tutulması fikri öz ifadəsini tapmışdır. Yəni bu lüzumsuz və qorxulu təklifin reallaşması zəncirvarı reaksiyalarla ana dilinə ciddi zərbə vurmaq deməkdir.
Hörmətli Komissiya üzvləri!
Bu təklif qəbul olunarsa, külli miqdarda gərəksiz məsrəflərə də yol açılacaq. Çünki bir çox dərsliklərin (ədəbiyyat, iqtisadiyyat, riyaziyyat, üslubiyyat, mədəniyyət, ilahiyyat və s.), dövlət qurumlarının (Mədəniyyət, Maliyyə, Ədliyyə, Səhiyyə nazirlikləri, İcra hakimiyyətləri və s.), həmçinin müxtəlif təşkilat, idarə və küçələrin adında -iyyat,-iyyət sonluğu ilə bitən sözlər yer alır. Bu cəhət həmin dərslikləri və qurumların adlarını dəyişdirmək zərurətini də ortaya çıxaracaq. Bütün bu dəyişikliklər nəticəsində müharibə şəraitində yaşayan dövlətimizin lüzumsuz maddi vəsait sərfi qarşısında qalacağı şübhəsizdir.
Məsələnin qəribə cəhəti budur ki, 37-ci maddənin ictimai müzakirələrdə sərt tənqid olunmasına baxmayaraq komissiyanın bəzi üzləri KİV-ə verdikləri müsahibələrdə bu etirazlara laqeyd və saymazyana münasibət nümayiş etdirirlər. Hətta son müsahibələrdən birində belə bir fikir səsləndirilib ki, “indiyə qədər qoşa “y” samiti ilə yazılan sözlərdə “y”lərdən birinin ixtisar edilməsi təklifinə mətbuatda etiraz edən olmayıb”.
Halbuki məhz bu bəndin qəbulunun dilin təbiəti və özünəməxsusluğu baxımından qəbuledilməzliyi bir sıra tanınmış alimlərin, pedaqoqların, hüquqşünasların, mədəniyyət xadimlərinin aşağıdakı məqalələrində öz ifadəsini tapıb:
1) Mahirə Quliyeva, filologiya üzrə elmlər doktoru, dosent: “Əcdadların ruhunun harayı: ana dilinə xələl gətirməyin!” (ilkxeber.org saytı, 6 fevral 2018-ci il);
2) Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor: “Ana dilimizdə 37 havası və ya doğrudanmı, orfoqrafiya “islahatı” dilimizi edam kötüyünə aparır?”(ayna.az, 9 fevral 2018-ci il).
3) İdris Abbasov,filologiya üzrə elmlər doktoru, professor: “Yazı qaydalarımızın kitabi-müqəddəsi – orfoqrafiya lüğəti” (kaspi.az saytı, 29 noyabr 2017-ci il).
4) “Qüsurlu orfoqrafiya lüğəti – sorğu” (Nəriman Qasımoğlu və Elvüsal Məmmədovun müsahibəsi) (olaylar.az saytı, 25 yanvar 2018-ci il).
5) Səadət Şıxıyeva,filologiya üzrə fəlsəfə doktoru, dosent: “Türkün dili tək sevgili, istəkli dil olmaz” (moderator.az saytı, 28 yanvar 2018-ci il) .
6) Rafiq İsmayılov, filologiya üzrə fəlsəfə doktoru: “Dilçilərin vəzifəsi dildə dəyişiklik etmək deyil” (modern.az saytı, 30 yanvar 2018-ci il).
7) Vasif Sadıqlı: “ Siciliyada şahidləri sevmirlər…”(tezadlar.az, 3 mart 2018-ci il);
8) Elvüsal Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru: “Layihənin ən böyük qüsuru onun fonetik prinsip əsasında hazırlanmasıdır” (ilkxeber.org saytı, 6 fevral 2018-ci il).
9) “BSU-nun dosenti orfoqrafiya lüğəti ilə bağlı maraqlı müsahibə verib” (filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədovanın müsahibəsi, mektebgushesi.az saytı, 10 aprel 2018-ci il).
10) “Yeni orfoqrafiya qaydalarına dair bəzi qeydlər”.45 müəllimin imzası ilə müraciət (http://www.dilcilik.az/460.htm).
11) İsa Nəcəfov, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi:“Bir daha ana dilimiz haqqında…” (http://icmal.az/bir-daha-ana-dilimiz-haqqinda).
Mart ayında müzakirələrin bitdiyi elan edilsə də, mətbuatda 37-ci bəndlə bağlı davamlı etiraz xarakterli yazıların dərc edildiyinin şahidi oluruq:
1) Rafael Hüseyn, akademik: “İtkin söz və itməyən dəyər” (ilkxeber.org, 11 avqust 2018).
2) Vasif Sadıqlı, jurnalıst: “İnkoqnito rejimində orfoqrafiya müzakirəsi və ya akademik İsa Həbibbəyliyə 7 sual” (ilkxeber.org saytı, 23 iyul 2018-ci il).
3) Nəriman Qasımoğlu, ərəbşünas alim, tərcüməçi: “Yazıçı dostlarımızın nəzərinə” (“Ədəbiyyat qəzeti”, 1 sentyabr 2018-ci il).
Biz burada, əsasən, filoloqların yazılarının bir qisminin adını qeyd etdik. Halbuki, etiraz edənlər sırasında yazıçı, jurnalist, hüquqşünas, çoxsaylı orta məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimləri və digərləri vardır. Onlar əsaslı etirazlarını müsahibə və müstəqil yazılar şəklində bildirmiş, Dilçilik İnstitutuna həmin etirazlar elektron və ya yazılı şəkildə təqdim olunmuşdur. Təklif olunan yeni layihəni təkzib xarakterli bu məqalə və müsahibələrin hamısında diqqət yetirilən ən mühüm məqam qoşa “-y” ilə bağlı olub. Bu anlamda ictimaiyyətin etirazına laqeydlik və onları saymamaq layihənin təşəbbüskarlarının niyyətinin xalqa və onun dilinin inkişafına xidmət etmək olduğuna ciddi şübhə yaradır.
Bildiyimizə görə, müzakirəyə çıxarılan bir məsələ çoxsaylı etirazlara səbəb olubsa, ictimai rəy, verilən təkliflər nəzərə alınmalıdır. Bu kimi saymazyana münasibət, təəssüf ki, cəmiyyətdə narazılığın artmasına səbəb olur. Çünki dil, o cümlədən yazıya əsaslanan ədəbi dil kimsənin xüsusi mülkiyyəti deyildir və bu dilin yazı qaydalarında baş verən hər hansı dəyişiklik cəmiyyətin bütün təbəqələrinə təsir edir.
Hörmətli Komissiya üzvləri!
Dil islahatı kimi irəli sürülən təkliflərdə vahid prinsipin gözlənilməməsi də bizdə ciddi etiraz doğurur. Belə ki, 37-ci bənddə yer alan bir qrup sözün imlasında tələffüzə yaxın şəklin, 22-ci bəndə daxil edilən bir qrup sözün isə qaynaq dilə uyğunluğu əsas götürülür. Layihənin 69-cu bəndində isə əvvəllər apostroflu yazılan sözlərin hecasını digər sözlərlə eyni qaydaya tabe etdirmək təklifi irəli sürülür. Halbuki həmin tərzdə bölgü ortaya vurğu ilə bağlı da problem çıxaracaq. Məsələn, digər apostrofu ləğv olunmuş sözlərin, o cümlədən himnimizdə yer almış “məsud” sözünün də tələffüz və yazılışında ikilik yaranacaq: məs-ud –mə-sud. Eləcə də Quran sözünün “qurmaq”feilindən törəmiş “quran” feili sifəti ilə tələffüzü eyniləşir və bu da mənanı təhrif etdiyindən yolverilməzdir.
Bir müddət öncə apostrofun ləğv edilməsinin vurduğu zərbənin nəticələri həm tələffüzdə, həm də klassik mətnlərin yazılışı və oxusunda özünü göstərir. Bunun ardınca həmin apostroflu sözlərdən şer sözü heç bir ciddi əsaslandırma olmadan şeir və bir müddət sonra isə fel sözü də feil kimi yazıldı. Halbuki həmin sözlər dilimizdə artıq çoxdan vətəndaşlıq statusu qazanaraq, düşüncə və təfəkkürümüzün zəruri ifadə vasitəsinə çevrilmişdi.
Məlumdur ki, sözlərin orfoqrafiyası daha çox empirik yolla, göz yaddaşı və əzbərləməklə mənimsənilir və bu, çox zaman oxunan yazılı mətndən yadda qalanlar vasitəsilə də olur. 3-4 ildən bir dəyişən orfoqrafiya qaydaları ilə yazılan mətnlərdən insanlar dilin hansı imla xüsusiyyətlərini öyrənə bilər? 2004-cü ildə “metafora”, 2013-cü ildə “metafor”, 2018-ci ildə yenidən “metafora”, 2004-cü ildə “əsginaz”, 2013-cü ildə “əsginas”, 2018-ci ildə isə “əskinas” kimi imlaların təklifi yalnız çaşqınlığa xidmət edir. Azərbaycan dili üzərində belə eksperimentlər aparılması imla qaydalarının mənimsənilməsi və icrasına ciddi zərbədir…
İfadələrin yazılışının təkrar-təkrar dəyişdirilməsi təkcə fikir qarışıqlığına yol açmır, bu həm də dil və imlada sistemsizlik və çoxvariantlılıq yaradacaq, yazıların elektron variantına nəzarət imkanı da zəifləyəcək. Çünki layihə indiki şəkildə qəbul edilərsə, müxtəlif kompüter proqramları üçün işlənmiş Azərbaycan dilinin imla yoxlayıcıları tamamilə gərəksiz olacaq. Buna görə də, çox təəssüf ki, imla qaydaları ciddi gözlənilməyən bir mühitdə sözlərin 3-4 il fasilə ilə yenilik adı altında şəkildən-şəklə və cilddən-cildə salınması ən arzuolunmaz haldır. Buna nümunə olaraq “feil” və “kompüter” sözlərini göstərə bilərik. 2013-cü il lüğətindən sonra tələm-tələsik dərsliklərdə dəyişikliklər edildi, 3-cü sinifdə “fel”, “kompyuter” sözlərini öyrənmiş şagird 4-cü sinifdə “feil”lə, “kompüter”lə, 5-ci sinifdə yenidən “fel” və “kompyuter”lə qarşılaşdı. Çünki dərsliklər 4 ildən bir nəşr olunur və burada siniflər üzrə bir ardıcıllıq yoxdur.
Hörmətli Komissiya üzvləri!
Bu layihədəki mübahisəli bəndləri (22, 37 və 69) son aylarda mətbuat və sosial şəbəkələrdə geniş müzakirələrimizin nəticəsi olaraq, belə bir yekdil qərara gəldik ki, təklif edilən qaydalar qəbul olunarsa, bugünkü informasiya bolluğu və mütaliənin azlığı şəraitində şagirdlərə orfoqrafik qaydaların mənimsədilməsində də ciddi problemlər yaranacaq. Bu “islahat” iddiaları tədris baxımından da qarşıya çətinliklər çıxaracaq. İndiyədək istifadə olunan dərslik, müvafiq ədəbiyyat, test topluları, lüğətlər, didaktik materiallar, iş dəftərləri və s. yararsız hala düşəcək. Buna görə də Orfoqrafiya qaydalarında yamaq kimi görünən, heç bir məntiqə və elmi prinsipə əsaslanmayan 37 və 69-cu bəndlərin layihədən çıxarılması dövləti əlavə xərclərdən, cəmiyyətimizi isə narahatlıqdan xilas edərdi.
Qənaətimizə görə, təklif olunan qaydaları müzakirə və qəbul etməzdən öncə bunun 50 milyondan artıq Azərbaycan türkünün əlifbası, yazı dili və imlası olduğunu nəzərə almaq lazımdır. Məlum olduğu kimi, hazırkı dövrdə soydaşlarımız arasında yazılı ədəbi dil yalnız bizim ölkəmizdə mövcuddur. Ona görə də bu dilin cilalı və məqbul kəlmələrini kəskin dəyişmələrdən qorumaq məsuliyyəti də ədəbi dil normalarını yaratmış müstəqil bir dövlətin müstəqil dilinin daşıyıcıları olan bizlərin üzərinə düşür. Biz bu dilin ahəngdarlıq, özəllik və musiqili gözəlliyini süni müdaxilələrdən qorumalı, onu gələcək nəsillərə ötürməliyik. Bu kontekstdə 37-ci bənd qəbul olunarsa, şeiriyyətə, 69-cu bənd isə həmin kəlmələrin deyilişinin ənənəviliyinə ciddi zərbə vuracaq. Halbuki nəsillərarası əlaqənin gözlənilməsi sələflərə sədaqətimizin təzahürü olmaqla yanaşı, gələcək nəsillər qarşısında da mənəvi borcumuzdur.
Azərbaycan dilinin xüsusiyyətlərinin təhrifi ilə nəticələnəcək bu dəyişikliklər milli varlığımızın əsas göstəricilərindən olan dilimizə etimadsızlığı artırmaqdan başqa heç nəyə yaramayacaq. 14 il ərzində 3 dəfə dəyişdirilmiş orfoqrafiya qaydaları bu sahəyə nəzarətin lazımi səviyyədə olmaması, dilimizin orfoqrafik qaydalarının şəxsi istək və maraqlara uyğun biçimdə istənilən vaxt dəyişdirilə biləcəyi kimi yanlış təsəvvürlərə də zəmin yaradacaq.
Biz hazırda Azərbaycan ədəbi dilində müşahidə olunan bir çox mənfi təmayül və təzahürlərlə, həmçinin bəzi teleradio verilişlərində və media materiallarında ana dilimizin normalarının ciddi şəkildə pozulması ilə bağlı da narahatlığımızı ifadə etmək istərdik. Son 25-30 ildə uğurlu alınmalarla yanaşı, ədəbi dilimizə kortəbii şəkildə gəlmiş və israrla vətəndaşlıq hüququ verilməsinə cəhdlər edilən kəlmələr də daxil olub. Hazırda həmin leksik vahidlər Azərbaycan dilində vətəndaşlıq hüququ qazanmış sözləri sıradan çıxararaq, türkcəmizə təqlidi xarakter verməyə yönəlib. Bu alınmalar kortəbii olduğundan bəzən daha sadələşdirilmiş və anlam yükü dilimizin təbiətinə uyğunlaşdırılmış söz və ibarələr daha mürəkkəb quruluşlu, tələffüzü nisbətən çətin söz və ifadələrlə əvəzlənir. Bu kəlmələrin çoxunu insanlar eşitdikləri və ya tələffüz etdikləri kimi yazırlar ki, bu da imla qaydalarında ciddi pozuntulara gətirib çıxarır. Son illərdə bir sıra ərəb sözlərindən imtina edərək, əvəzinə digər ərəbcə, yaxud farsca ifadələrin gətirilməsi və ya ana dilimizdə fərqli anlam çalarına malik sözlərə müraciətin artması dildə qarışıqlıq və anlaşılmazlıq yaradır. Məsələn, “təzyiq”in “şiddət”, “təəssüf”ün isə “məaləsəf”lə əvəz olunması,“məcburiyyətində qalmaq” ifadəsinin öz yerini “zorunda qalmağ”a, “fəxr etmə”nin yerini “qürur duymağ”a verməsi və s. buna misal ola bilər.
İnsanlar orfoqrafik qaydaları yalnız akademik nəşrlər və ya müvafiq sözlüklərdən öyrənmirlər. Bəzən bu qaydalar kitab, jurnal və ya qəzetlərin dili vasitəsilə də oxucunun yaddaşına yazılır. Amma çox təəssüf ki, son dövrlərdə nəşrlərdə gedən saysız orfoqrafik və üslubi xətalar həmin nəşrləri belə bir funksiyadan məhrum edib. Ədəbi dilin təbliğində televiziyanın oynadığı rol isə, təəssüf ki, mənfidir. Dil normalarına biganəliyin nəticəsidir ki, indi az qala hər aparıcının öz danışıq tərzi, hər kanalın öz üslubu var. Həmin təzahürlər isə vahid ədəbi dilin bünövrəsinin laxladır və zəiflədir. Bunun aradan qaldırılması üçün ciddi tədbirlər görülməli, cəzasızlıq və nəzarətsizliyə son verilməsinin yolları axtarılmalıdır.İş o həddə çatıb ki, ədəbi dil ləhcələri deyil, ləhcələr ədəbi dili öz nüfuz dairəsinə daxil edib. Bu isə çox təhlükəli bir tendensiyadır. Çünki bu hallar tarixin çoxsaylı zərbələrinə sinə gərmiş, özünün saflıq və bütövlüyünü yüzillər ərzində saxlayan Azərbaycan ədəbi dilinin leksik və qrammatik bünövrəsini sarsıdır və dil əsrlər boyunca qazandığı simasından məhrum olunmağa yönəldir.
Azərbaycan ədəbi dili dövlətin və dövlətçiliyin mühüm atributlarından olduğu üçün onunla əlaqəli hər bir proses də dövlətin nəzarətində olmalı, burada kortəbiilik və ya özfəaliyyətə yer verilməməlidir. Təəssüflə qeyd etməliyik ki, ədəbi dil normaları son dövrlərdə bu sahədə daha artıq məsuliyyət daşımalı olan elm və təhsil sahələrinin, eləcə də KİV nümayəndələri tərəfindən də ciddi şəkildə pozulur.
Televiziya çıxışlarında, reklam və afişaların dilində, mahnı sözlərində, dublyaj filmlərində Azərbaycan dilinin ədəbi normaları tez-tez pozulur. Yazı mədəniyyətinin tərkib hissəsi olan imla qaydaları, durğu işarələri, üslubi səlislik sahəsində də bir hərc-mərclik mövcuddur. Halbuki “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda (2013) ana dilimizin norma və qaydalarına əməl olunması və ədəbi dilimizin təmizliyinin qorunması üçün bir sıra ciddi vəzifələr müəyyənləşdirilib. Təəssüf ki, Dilçilik İnstitutu və digər əlaqədar təşkilatlar bu kimi ciddi vəzifələri yerinə yetirmək, ədəbi dilimizlə bağlı gündən-günə artan xoşagəlməz prosesləri, boşluqları nəzarətə götürərək tənzimləmək əvəzinə, ana dilimizdə sabitləşmiş və oturuşmuş qaydalarda dəyişikliklər təklif edir ki, bununla da Azərbaycan xalqının mənəvi sərvətlərindən birincisi olan ədəbi dil dibi görünməyən uçuruma sürüklənir.
Hörmətli Komissiya üzvləri!
Çoxsaylı müzakirələrimizin nəticəsini belə ümumiləşdirmək olar:
- Orfoqrafiya qaydalarında təklif olunan bir sıra maddələr (xüsusilə 37) elmi əsaslara söykənmir, subyektiv mülahizələrdən qaynaqlanır. Həm də dilimizin tarixən sabitləşmiş xüsusiyyətinə xələl gətirən bu bənd “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununaziddir.
- Dilin inkişafı təbii prosesdir, onun qaydalarını dilçilər yaratmır və dildə bu şəkildə inqilab yolverilməzdir; 37-ci bəndin qəbul olunması digər analoji dəyişikliklərə də zəmin hazırlayır, bu isə dilin təbii axarını öz məcrasından çıxarmaqla nəticələnə bilər.
- Bu təkliflərin bir qismində bəzən ədəbi dil normalarının pozularaq, danışıq dili və ləhcələrlə əvəz edilməsinə meyllilik görünür ki, bu da ədəbi dil normalarına zidd bir təzahürdür.
- Dil xalqın sərvəti və milli-mənəvi kimliyinin göstəricisidir, onun yazı qaydalarının istənilən zaman və zərurət olmadan dəyişdirilməsi psixoloji yöndən həmin kimliyin mötəbərliyini şübhə altına alır.
- Bir sıra sözlərin yazılış şəkli ilə bağlı təkliflərdə digər türk dillərinin təqlidi qabarıq görünür. Bu kurs tutularaq inkişaf etdirilərsə, Azərbaycan türkcəsinin xüsusiyyətləri digər türk dillərinin içərisində əridiləcək. Nəticədə biz “Kitabi-Dədə Qorqud”dan başlayaraq bu günədək davam edən ədəbi miras üzərindəki varisliyimizi sübut imkanından məhrum olacağıq.
- Bu təkliflərin bir qisminin (xüsusilə 37-ci maddə) qəbul olunacağı təqdirdə tədris prosesində çaşqınlıq yaranacağı, bunun da nəticədə təhsil sisteminə əngəl törədəcəyi şəksizdir.
- Bu təkliflərin bir qismi qəbul olunarsa, nəsillər arasında mətnlər üzərində qurulan anlaşma və bağlılığa da zərbə dəyər, Azərbaycan dilinin tarixən müəyyənləşmiş hüquqları və statusu da məhdudlaşar.
- Bu cür süni dəyişiklik cəhdləri dilin yüz illər boyu təbii şəkildə təşəkkül taparaq müəyyənləşmiş normaları, saflıq, gözəllik və ahəngini poza bilər.
- Bu təkliflər (xüsusilə 37 və 69) yeddi yüz illik klassik anadilli ədəbiyyatımızın bədii özülü, musiqililiyi və estetik bünövrəsini dağıdacaq gücə malikdir; təklif qəbul edilərsə, ayrıca olaraq, əruz vəznli mirasımız ciddi itkiyə məruz qalacaq.
- Bir sıra təkliflər (xüsusilə 37) qəbul olunarsa, lüzumsuz və külli miqdarda maliyyə məsrəflərinə gətirib çıxaracaq; nəşr işi, təhsil, rəsmi yazışmalar, kargüzarlıq və başqa sahələrdə qarşıya çox ciddi çətinliklər çıxacaq.
Hörmətli Komissiya üzvləri!
Sizin əksəriyyətiniz Azərbaycan dili və ədəbiyyatına, ümumən mədəniyyətimizin inkişafına müəyyən töhfələr vermiş insanlarsınız. Hamınız da gözəl bilirsiniz ki, dil qaydalarında dəyişiklik etmək elmi əsaslara söykənməzsə, dildə gedən proseslər öz məntiqindən deyil, şəxsi iddialardan qaynaqlanarsa, bu süni dəyişiklik dilin sabitliyini pozar, onu eybəcərləşdirər və dildə başqa mənfi tendensiyalara yol açar. Ona görə də Sizin belə bir arzuolunmaz vəziyyətin yaranmasına imkan verməyəcəyinizə çox ümid edirik.
Biz bu müraciətlə Sizi Azərbaycan dilinin sabitliyinin saxlanılması naminə prinsipial və obyektiv mövqe tutmağa, Orfoqrafiya qaydaları layihəsində dilimizin ruhuna və qaydalarına uyğun olmayan, gələcəkdə dil praktikamızda qarışıqlıq yaradacaq 37 və 69-cu maddələrin qəbul olunmasına yol verməməyə çağırırıq.
Hörmətlə:
- Aida Qasımova, filologiya üzrə elmlər doktoru, professor
- Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor
- Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor
- Xaləddin İbrahimli, tarix üzrə elmlər doktoru, professor
- Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi, professor
- Tərlan Quliyev, filologiya üzrə elmlər doktoru,professor
- Mahirə Quliyeva, filologiya üzrə elmlər doktoru, dosent
- Nuridə Novruzova, filologiya üzrə elmlər doktoru, dosent
- İlqar Fəhmi, şair, Azərbaycan Yazıçılar Birliyinin katibi
- Əli Məmmədov, Azərbaycan radiosunun diktoru, xalq artisti
- İsmayıl Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Rafiq İsmayılov, filologiya üzrə fəlsəfə doktoru, naşir
- Şəhla Əhmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Qərənfil Xəlilova, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
- Hafiz Rüstəm, “Kövsər” nəşriyyatının baş redaktoru, şair-tərcüməçi
- Məti Osmanoğlu, AYB üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Rasim Müzəffərli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, naşir
- Əlirza Xələfli ( Əlirza Əzizli), şair, yazıçı, “Kredo” qəzetinin baş redaktoru
- Rəhman Orxan, əməkdar jurnalist
- Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktoru
- İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, tənqidçi
- Əziz Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru, dosent, AYB və AJB-nin üzvü
- Xanəmir Telmanoğlu, şair, jurnalist
- Kamran Nəzirli, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi
- Dilqəm Əhməd, araşdırıcı-jurnalist
- Afaq Şıxlı, şair, Azərbaycan, Rusiya və Avrasiya yazıçılar birliklərinin üzvü
- Gülnarə Rəfiq (Manafova), “Konservatoriya” elmi jurnalının redaktoru.
- Rəsul Mirhəşimli, avropa.info xəbər portalının baş redaktoru
- Xanoğlan Əhmədov, likxeber.org saytının baş redaktoru
- Sədrəddin Soltan, siyasi təhlilçi
- Vasif Sadıqlı, jurnalist
- Ayişə Nəbi, yazıçı
- Sevil Gültən (Nuriyeva), tərcüməçi
- Etibar Etibarlı, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü
- Səhər Əhməd, şair
- Cavi Dan (Gülüş Xəlilova), yazıçı
- Nisə Bəyim, Azərbaycan Yazıçılar Birliyinin üzvü
- Dürdanə Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Lalə Əlizadə, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Firdövsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent
- Müşfiq Şükürov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
- Elvüsal Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, tərcüməçi
- Afina Barmanbay, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Dilavər Əzimli, tarix üzrə fəlsəfə doktoru, dosent
- Afət Rüstəmbəyova, tarix üzrə fəlsəfə doktoru, dosent
- Qadir Səfərov, fəlsəfə üzrə fəlsəfə doktoru
- Rəna Rzayeva, filologiya üzrə fəlsəfə doktoru
- Şəhla Yusifova, tarix üzrə fəlsəfə doktoru
- Samirə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru
- Zaur Qafarzadə, “Adiloğlu” nəşriyyatının redaktoru
- Nigar Adil, “Olaylar” İnformasiya Agentliyi, jurnalist
- Rövşən Kərimov, coğrafiya üzrə fəlsəfə doktoru
- Rüxsarə Nəbili, hüquqşünas
- Şıxəli Əliyev, ərəbşünas, tərcüməçi
- Ceyhun Musayev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Cəlil Məmmədsoy, islamşünas
- Təravət Məmmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Elmar Həsənov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Gülyaz Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Vüqar Mirzəzadə, ilahiyyatçı
- Vəfa Həmidova, musiqişünas, tərcüməçi
- Aynur Bəşirova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Məmmədağa Nuriyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Pərvanə Qədirova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Sevil Məmmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Ülviyyə Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Zərifə Məmmədova, menecer
- Günel Zamanlı, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Elnarə Qurbanzadə, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Könül Şahbazova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Ülviyyə Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Elnarə Allahverdiyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Böyükxanım Qasımova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Şəhriyar Məcidov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Afaq Bağırlı, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Gülnar Həsənova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Aytən Naxçıvanski, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Vüsalə Babayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Nilufər Bəşirova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Günel Məmmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Kəmalə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- İlhamə Cabbarova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Günay Qənbərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Lalə Yüzbaşova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Sakitə Qulamova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Fidan Xasıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Əntiqə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Könül Abdullayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- İlhamə İsmayılova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Elnarə İbrahimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Murad Mehdiyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Məmmədağa Nuriyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Fəxrəddin Səfərov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Namiq Ağayev, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Pərvanə Qədirova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Surac Bəşirov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Təranə Hüseynli, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Şahnaz Həsənova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Aynur Kərimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Səmra Mustafayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Səbinə İmanova Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Mərziyyə Baxşəliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Təhminə Əsgərli, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Nabat Abdullayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Ruhəngiz Qəribova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Çiçək Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Səadət Ağayarova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Ülviyyə Nəbiyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Səidə Şükürova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Fidan Məmmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Günel Hüseynova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Fazil Ellazov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Əfqan Soltanov, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Şükürova Gülnarə, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Çinarə Babayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Aytən Hüseynova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Rüxsanə Ağayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Dünya Mirzəyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyatı müəllimi”.
122. Həsən Əliyev, filoloq
123. Elşad Xanəlibəyli, filologiya üzrə fəlsəfə doktoru
P.S, Müraciət yeni imzalar üçün açıqdır