Qanlı yanvar silsiləsindən altıncı yazı…
Milli Şuranın sədri Cəmil Həsənli
SSRİ DTK-nın “Alfa” qrupunun yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatması ilə Bakının işğalı əməliyyatı başladı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Partlayış anında siyasi icmalçı professor Həmid Əliyev studiyada canlı olaraq “Planetimizin mənzərəsi” verilişini aparırdı. Proqramın gedişində, saat 19:27 dəqiqədə enerji ploku partladı və ekranda ani olaraq qığılcımlar kimi şüa görsəndi və ekran söndü. Həmin gün nədənsə televiziya və radio əməkdaşları evə tez buraxılmış, yayımın dayandırılacağı barədə şayiələr yayılmışdı. Milli Müdafiə Şurasının üzvü Etibar Məmmədov teleradio komitəsinin sədri Elşad Quliyevə zəng edib bunu dəqiqləşdirmək istədikdə sədr dedi ki, televiziya verilişləri dayandırılır və işçilər artıq evə buraxılıb. Ondan bunun səbəbini soruşanda, dedi ki, Xalq Cəbhəsinin nümayəndələri gəlib tələb ediblər ki, televiziya verilişləri dayandırılsın və o da bu səbəbə görə işçiləri buraxıbdır. Etibar Məmmədov bildirdi ki, belə “göstəriş ola bilməz, verilişlər bərpa olunmalıdır və axşam saat 8-də də mən özüm gəlib çıxış etmək fikrindəyəm”.
Yanvarın 19-da axşama yaxın Teleradio Şirkəti Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin 160 kursantı tərəfindən mühasirə olunmuşdu. Yanvarın 19-da saat 19-da teleşirkətə yarı hərbi, yarı idman forması geymiş 4 nəfər silahlı gəldi. Gələnlər növbə rəisləri İ.Hüseynov və növbətçi elektrik V.Romanovdan ehtiyat dizel-generatorun olub-olmadığını, habelə teleşirkətin enerji təchizatının sıradan çıxarılmasının mümkünlüyünü öyrəndilər. 19.27-də enerji bloku partladılır. Partlayış və yanğın haqqında Bakı Baş Milis İdarəsinə saat 19.30 dəqiqədə məlumat daxil oldu. Hadisə yerinə gələn milis işçilərini mühafizəçilər içəri buraxmadılar. Ertəsi gün hadisə yerində olan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin operativ istintaq qrupunun rəis müavini Mansurov aydın bir nəticəyə gələ “bilmədi”. Ekspertlər isə qeyd etdilər ki, “enerji bloku Sovet Ordusu və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi təyinatlı dəstəsi tərəfindən partladılmışdır”.
Elşad Quliyevlə söhbətdən sonra Etibar Məmmədov təxminən saat 18:00-də Mərkəzi Komitəyə getdi. Orada kabinetlərin demək olar ki, hamısında sovet əsgərləri oturmuşdu. O, yalnız MK katibi Polyaniçkonu və Əfrand Daşdəmirovu otağında tapa bildi. Polyaniçko bildirdi ki, “artıq hər şey həll olunubdur. Sizin iki saat vaxtınız qalıb” və əlavə etdi ki, “siz silahlı çevriliş hazırlayırsınız, xalq silahlanıb, Mərkəzi Komitənin binasına hücum hazırlanıb. Hücum olsa, atəş açılacaq”. E. Məmmədov bildirdi ki, “heç bir hücum yoxdur, ancaq xalqın etirazı var. Xalq, ilk növbədə, Bakıya qoşun yeridilməsinə etiraz edir. Ən başlıcası isə, Vəzirovun istefasını tələb edir”. O, əlavə etdi ki, Vəzirovun istefa verdiyi elan olunarsa, bəlkə də, xalq sakitləşər, digər məsələləri həll etmək olar. Polyaniçko bildirdi ki, “Vəzirov yoxdur, ancaq onun da məsələsi artıq həll olunubdur”. E. Məmmədov qeyd etdi ki, “əgər Vəzirovun məsələsi həll olunubdursa, bunu xalqa elan etmək lazımdır”. Polyaniçko cavab verdi ki, bunun üçün plenum çağrılmalıdır, qərar verilməlidir, plenum çağıra bilmirik”. Etibar Məmmədov deyir: “Oradan çıxanda mən Daşdəmirovu gördüm, onun yanında tanımadığım başqa bir adam vardı. Daşdəmirov da bildirdi ki, vəziyyət belədir. Dedim, əgər Vəzirov yoxdursa, ərizə yazaraq qaçıbsa, tez bunu elan etmək lazımdır. Bunun üçün əgər plenum çağrılmalıdırsa, bizim köməyimiz lazımdırsa, gedək, lazım olan adamları evlərindən gətirək. O mənə dedi ki, burada heç kim yoxdur. Dedim ki, plenum keçirə bilmirsinizsə, Mərkəzi Komitə bürosunun üzvlərini yığıb qərar qəbul edin. Mən ona dedim ki, indi xalqın taleyi sizdən, verəcəyiniz qərardan asılıdır. Daşdəmirov mənə dedi ki, biz heç bir qərar verə bilmərik, çünki heç bir rəsmi səlahiyyətimiz yoxdur. Mərkəzi Komitədə bildirdilər ki, plenum çağırmaq və büro üzvlərini yığmaq mümkün deyildir. Həmin vaxt, təxminən saat 19.30 olardı, indiki kimi yadımdadır, biz qəbul otağında söhbət edərkən, siyasi icmalçı Həmid Əliyev televiziyada çıxış edirdi. Birdən ekranda partlayışı xatırladan işartı göründü. Aşağı düşəndə mənə bildirdilər ki, televiziya studiyasında enerji bloku partladılıbdır. Mən Mərkəzi Komitənin qarşısında çıxış etdim, Polyaniçkonun dediklərini, o cümlədən bizə iki saat vaxt verdiyini camaata çatdırdım. Sonra biz bu məsələni dəqiqləşdirdik. Məlum oldu ki, doğrudan da televiziya studiyasında enerji bloku partladılıbdır. Bununla da xalqa hər hansı müraciətin qarşısı alınıbdır.
Qoşun Bakıya girməzdən bir neçə gün əvvəl bir sıra hərbi hissələr artıq şəhərin içindəki kazarmalara yerləşdirilmiş və yerli milis şöbələri tərksilah edilmişdi. Yanvarın 19-da, hadisədən bir gün əvvəl bütün xəstəxanalar boşaldılmış, xəstələrin demək olar ki, hamısı evlərinə buraxılmışdı. MK aparatından bütün rayon partiya kömətlərinə gizli göstəriş verilmişdi ki, hər kəs hazır olsun, çağırılan kimi gəlsin. Rayon partiya komitələrinin binaları hərbi komendaturalar üçün ayrılmış, komendatların kimliyi təsdiq edilmiş və yerlərə məlumat verilmişdi. Yerli rəhbərlik, xüsusi ilə MK Bürosunun bəzi üzvləri bütün bunlardan xəbərdar, bir sıra hallarda isə bu prosesin iştirakçıları idilər. Həmin dövrdə Mərkəzi Komitə katibi işləyən Telman Orucov qeyd edir ki, yanvarın 19-da axşam saat 8-də Vəzirov ona zəng edib qarşıdakı 2-3 gün ərzində Bakıya qoşun yeridilməsinə münasibətin soruşdu və o, bunun əleyhinə olduğun bildirib.
Gecə saat 12-yə işləmiş Bakıya qoşun yeridilməsi haqqında məlumat almış MK Bürosunun bəzi üzvləri Nazirlər Sovetinin sədri Mütəllibovun kabinetinə toplanıb Moskvadan gələnlərlə birbaşa əlaqə saxlamağa çalışdılar. Onlar əvvəlcə Cənub qoşunlarının komandanı, ordu generalı Popovla danışdılar. Onun idarəsi Bakıda yerləşirdi və o, özü Mərkəzi Komitə bürosunun üzvü idi. Lakin general Popov yaxasını dərhal kənara çəkdi. Böyük çətinliklə onlar qoşunların Bakıya daxil olmasından bir neçə dəqiqə əvvəl SSRİ müdafiə naziri Yazovla telefonla danışdıqda o, qəti surətdə bildirdi ki, ordunun Bakıya yeridilməsi haqqında qərarı Sov.İKP Mərkəzi Komitənin Siyasi Bürosu verir, bu, mənim işim deyil, siyasi məsələdir. Mən əsgər kimi ancaq əmri yerinə yetirirəm. Bu söhbətlər heç bir nəticə vermədi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı. (Чёрный Январь. Баку, 1990, c.82). Respublika televiziyasının enerji bloku partladıldığından nə televiziya, nə də radio vasitəsi ilə fövqəladə vəziyyət haqqında fərman əhaliyə çatdırılmadı. Bununla da yanvarın 19-dan 20-nə keçən gecə ordu hissələri qabaqcadan xəbərdar edilmədən Bakı üzərinə hücuma keçdi. Bu əməliyyatda iştirak etmiş “əfsanəvi” general Aleksandr Lebed ordunun şəhərə doğru hərəkətini belə təsvir edirdi: ” Mənim də içərisində olduğum təyyarə Bakıdan 30 kilometr məsafədə Qala aerodromunda sıx toranlığa endi. Ətrafda atəş açırdılar. Məni diviziyanın qərargah rəisi polkovnik N.N.Nikiforov və Ryazan alayının komandiri polkovnik Y.A.Naumov qarşıladılar… Qərargah rəisi vəziyyəti məruzə etdi: Ryazanlılar və kostromlular cərgəyə düzüldülər. Kəşfiyyat göndərirdilər və mühafizə qoydular. Əməliyyatlara hazırdırlar!.. Vəzifə – deyə qərargah rəisi qaranlıqda mızıldadı, – vəzifəni … alay komandiri bildirəcək. Mən yox idim, o isə vəzifəni şəxsən müdafiə nazirindən alıb…
– Məruzə edin, Yuri Alekseyeviç (Naumov – C.H.), məsələ nədir? – dedim.
– İcazə verirsiniz, söyləyim, cənab polkovnik?
– Söylə!
Müdafiə naziri yumruğunu burnuma yaxınlaşdırdı və dedi: “Sizin ananızı… hünəriniz var, götürməyin, Lebedə də beləcə çatdırırn.”
– Bu qədər?
– Bu qədər!
– Bəs nəyi götürməliyik?
– Bakını. Burada başqa götürəcək bir şey yoxdur”.
Vəzifə aydın və sadədir – iki milyon əhalisi olan şəhəri ələ keçirmək. Amma həmin an məni telefona çağırdılar. Hərbi Desant Qüvvələri komandanı general-polkovnik Açalov vəzifəni dəqiqləşdirdi və konkretləşdirdi. Mənzərə ortaya çıxdı. Mən ilkin göstərişləri verdim və məsələni aydınlaşdırmaq üçün Nəzarət Buraxılış Məntəqəsinə getdim. Bakıya 30 km var, vəzifəni uğurla yerinə yetirmək üçün əvvəlcə uğurla aerodromdan çıxmaq lazım idi…” (Александр Лебедь. За державу обидно…М.: Редакция газеты «Московская правда», 1995. С.289; General Aleksandr Lebed 1989-cu ilin aprel ayının 8-9-da Tbilisidə çıxışın yatırılmasında iştirak etmişdi. Həmin əməliyyat zamanı 18 nəfər dinc əhali öldürülmüşdü).