Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
25 oktyabr 2014-cü il tarixində bütün dünya 26 yaşlı iranlı Reyhan Cabbarinin edam edilməsi xəbərilə sarsılmışdı. Mən özüm uzun müddət bu xəbərin əzici ağırlığı altından çıxa bilmədim. Reyhan 19 yaşında ona təcavüz edən keçmiş SEPAH kəşfiyyatçısı Murtaza Əbdüləli Sərbəndi qətlə yetirdiyi üçün ölüm cəzasına məhkum edilmiş və 7 illik məhbus həyatından sonra hökm icra edilmişdi. O zaman “Amnesty International”-dan tutmuş ABŞ Dövlət Departamentinədək bu vəhşi, ədalətsiz, vicdansız və Allahsız hökmü durdurmağa çalışsalar da faydası olmadı. Əyyaş və əxlaqsız biri tərəfindən 19 yaşında təcavüzə məruz qalmış, həyatı məhv edibmiş qızcığaz namusunu qorusa da, həyatını itirdi, çünki qarşı tərəfdə İran istibdadının bel sütunu olan SEPAH dayanmışdı. O zaman bu dəhşətli xəbərə ürəyim sıxılanda dedim ki, bizdə hər növ haqsızlıq, vicdansızlıq, ədalətsizlik var, ancaq şükür ki, heç olmasa belə rəzillik, belə alçaqlıq yoxdur. Etiraf edim ki, bu hakimiyyətin repressiyalara ən çox məruz qalan qadın olaraq mən belə Aytəkin Abdullayevanın və Əlzamin Salayevin başına gətirilən müsibətlərin mənim ölkəmdə baş verdiyinə inana bilmirəm, inanmaq istəmirəm. Aytəkin də Reyhan kimi həyatının ən gözəl və gənc çağında təcavüzə məruz qalıb, həyatı məhv olub. Aytəkinə də Reyhan kimi bu dəfə Azərbaycan istibdadının bel sütunu olan polis əməkdaşı təcavüz edib. Aytəkin də Reyhan kimi öz şərəfini və namusunu qoruduğu üçün 7 il məhbəs həyatına məhkum edilib. Bu iki gənc qızın arasında bircə fərq var ki, Reyhan edam edildi, Aytəkini isə edam edə bilmirlər, çünki Avropa Şurası qarsışında öhdəliklər var, Avropa Birliyi, ABŞ var. Onlar olmasaydı bəlkə Aytəkini də edam edərdilər, halbuki Murtaza Sərbəndidən fərqli olaraq Keçəl Həmzə ölməyib, torpağın üzərində gəzib oksigen tükədir. Ancaq susqunluğumuz, laqeydliyimiz bu qaydada davam etsə, namussuzluğu həyat tərzinə də çevirəcəklər, polis xoşuna gələn hər qızı zorlamaq haqqına da yiyələnəcək və hələ 7 ildən sonra nələrin baş verəcəyini demək çətindir. Bir də gördünüz ki, ölüm cəzasını bərpa edib ona təcavüz edən polisə müqavimət göstərdiyi üçün Aytəkini də edam etdilər.