Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda parlament seçkiləri ilə əlaqədar seçki kampaniyasının gedişi barədə aralıq hesabat yayıb. Hesabatda əvvəlki seçkilərlə müqayisədə siyasi fəallığın artdığı, daha çox müstəqil namizədin seçkiyə qatıldığı göstərilib. Lakin azad toplaşmaq, birləşmək və ifadə azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmadığı bildirilib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ABŞ-dan Azərbaycana qayıtmazdan öncə müsahibəsində növbədənkənar parlament seçkilərinin monitorinqi və seçkiöncəsi durum haqda danışıb.
Anar Məmmədlinin bildirdiyinə görə, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların prosesə hazırlıqla bağlı yetərli imkanları olmayıb. O, vətəndaş cəmiyyəti təşkilatlarının qarşılaşdığı bir sıra problemlərin həllini tapmadığını deyib. “Təşkilatların fəaliyyəti üçün yaşıl işıq yandırılmır. Bölgələrdə, Bakıda normal fəaliyyət göstərmək üçün, tədbirlər keçirmək üçün imkanlar yoxdu. Normativ vaxtlar xeyli dərəcədə maliyyələşmə ilə bağlıdır, istər milli səviyyədə, istərsə də xaricdən maliyyələşmə problemlər yaradır. Sərbəst toplaşmaq azadlığına problemlər var. Yəni belə bir problemlərin çözümü tapılmadan dərhal, qəfildən seçki təyin olundu və mənə elə gəlir ki, Azərbaycanın böyük ictimaiyyəti seçkini hazırsızlıqsız yaxalandı. Yəni mən Azərbaycan ictimaiyyətinin seçkilərə hazırlığı olduğunu düşünmürəm və bu, özünü indi göstərməkdədir.”
Anar Məmmədli seçki mühitinim vətəndaş cəmiyyəti və siyasi partiyalar üçün əlverişli olmadığını deyib. “Seçki mühiti əlverişli deyil, vətəndaş cəmiyyəti üçün, siyasi partiyalar üçün, namizədlər üçün əlverişli deyil. Yəni belə bir mühitdə seçkini təyin etmək o deməkdir ki, seçki ölkə miqyasında deyil, bir qrup dairələrdə cərəyan eliyəcək. Yəni belə bir mühitlə üz-üzəyik. Amma normalda bu, parlament seçkisidir. Azərbaycanda qanunverici hakimiyyətin formalaşmasından söhbət gedir. Bu hakimiyyət uzun illərdir ki, Azərbaycanda saxta, qeyri-demokratik seçkilər vasitəsilə, heç bir legitim əsaslar göstərmədən formalaşdırılır. Hakim siyasi iradənin maraqlarına uyğun olaraq. Və hazırda da buna doğru cəhdlər var. Biz bunun şahidi oluruq.”
Anar Məmmədli cəmiyyətdə bundan əvvəl dekabr ayında keçirilmiş bələdiyyə seçkiləri zamanı və hazırda növbədənkənar parlament seçkiləri öncəsi müşahidə edilən canlanmanın seçkilərlə deyil, “ölkənin sosial-iqtisadi durumu” ilə bağlı olduğunu bildirib. “İnsanlar 2014-15 devalvasiyasından sonra yaşanan problemlər onları müəyyən qədər siyasi proseslərlə maraqlanmağa, siyasi mövzulara münasibət bildirməyə, müəyyən hallarda aksiyalar keçirməyə sövq edir. Yəni ölkədə təbii, ölkənin mövcud sosial-iqtisadi durumundan qaynaqlanan təbii bir canlanma var. Amma bu, ölkə miqyasında geniş şəkildə deyil, sadəcə, bunun işartılarını biz görməliyik. Bunun seçkiyə də müsbət təsiri var təbii ki.”
Anar Məmmədli bildirib ki, “ifadə azadlığına basqılar aradan götürülmədən ölkədə siyasi canlanmanı təmin etmək çox çətindir”.
Anar Məmmədli yerli müşahidəçiliklə bağlı ciddi problemlərin oldğunu deyib. O, rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 2008-ci ildə qeydiyyatının ləğv edilməsindən sonra Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçə bilmədiyini qeyd edib. “Biz yalnız kim könüllü olaraq müşahidəçi olursa, onlar bizlə əməkdaşlığa razılıq verəndə onların məlumatları əsasında hansısa rəyi hazırlayırdıq. Bu, açığı göstərici də ildən-ilə aşağı-düşür. Əvvəllər biz 2000 müşahidəçi ilə çalışırdıq, 1000 müşahidəçi ilə çalışırdıq, 500, 600, 700, yəni maraq göstərənlər var idi. Getdikcə isə ildən-ilə maraq ölməkdədir və aşağı düşməkdədir. Bu baxımdan bir az çətindir yerli müşahidəçilərlə işləmək.”
Anar Məmmədli beynəlxalq müşahidənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ABŞ və Qərb ölkələri ATƏT-in Azərbaycan hakimiyyətinə verdiyi tövsiyələrin icra vəziyyəti ilə bağlı “daha effektiv mexanizmlər haqda düşünməlidir”.
Amerikanın səsi