Bərzaninin Azərbaycana səfəri: Səbəb siyasidir, yoxsa iqtisadi?

Çərşənbə axşamı günü Azərbaycana rəsmi səfərə gələn İraq Kürdüstanı Regionunun lideri Neçirvan Bərzani Prezident İlham Əliyevlə görüşündə iqtisadi əlaqələri müzakirə edib.
Onlar İraq Kürdüstan Regionu ilə Azərbaycan arasında “iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparıblar, rəsmi media yazır.
Siyasi şərhçinin fikrincə, Azərbaycanla İraq Kürdüstanı arasında hazırda “siyasi əlaqələrlə bağlı hər hansı bir təmas nöqtələri yoxdur”.
“İraq Kürdüstanında da müəyyən zəngin yataqlar var, ola bilsin ki, onların birgə istismarı ilə bağlı Bakıda müəyyən fikir mübadiləsi aparılsın”, – Elxan Şahinoğlu əlavə edib.
Ancaq BBC jurnalisti İlkin Həsənovun fikrincə, Bərzaninin Azərbaycana səfərində siyasi əlaqələrin rolunun da olması mümkündür. Onun şərhini aşağıda oxyun.
Təhlil
İlkin Həsənov
BBC News Azərbaycanca
Nerçivan Bərzaninin Bakıya səfəri zamanı Azərbaycan hakimiyyətinə yaxın yerli media Kürdüstan bölgəsindəki inkişafı tərifləyən və muxtariyyətin hərbi qüvvələri olan Peşmərgənin PKK və İŞİD üzərindəki qələbəsindən yazıb.
Ancaq maraqlıdır ki, bu yazılarda İraq Kürdüstanının 2017-ci ildə keçirdiyi müstəqillik referendumuna və İraq hökümətinə qarşı separatçılıq meyillərinə toxunulmur.
Bundan başqa, mümkündür ki, İraq Kürdüstanı ilə Azərbaycanı birləşdirən ortaq cəhət Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə və İsrailin Kürdüstanın əsas dəstəkçiləri olmasıdır.
İsrailin milli təhlükəsizlik və diplomatiya üzrə tədqiqat institutu Yerusəlim İctimai Əlaqələr Mərkəzi yazır ki, İsraillə İraq Kürdüstanını hər iki tərəfin maraqlarına xidmət edən “sən də qazan, mən də” (win-win) əlaqəsi birləşdirir.