Qazaxda 13 yaşlı qız qızılcadan ölüb

Qazaxda yeniyetmə qız qızılcadan dünyasını dəyişib.
Toplum TV APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.
Bildirilir ki, kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına aparılıb.
Daha sonra yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib. Amma yeniyetmə yolda dünyasını dəyişib.
Məlumata görə, Nəzrinin 10 yaşlı qardaşı da ondan əvvəl xəstəliyə yoluxmuşdu.
Bundan əvvəl Dövlət Statistika Komitəsi Azərbaycanda qızılca xəstəliyinin yayılması barədə statistika açıqlamışdı. Bildirilirdi ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.
Səhiyyə Nazirliyi xəstəliyin yayılması ilə əlaqədar əhaliyə müraciət edib və peyvənd olunmağı məsləhət görüb.