close

143 milyonluq yeyintiyə görə həbsdə olan polkovnik: “Müdafiədən imtina edirəm”

Məhkəmə. Foto: Meydan TV

“Heç özüm də özümü müdafiə etməyəcəyəm”

Müdafiə Nazirliyində 2017-2021-ci illərdə 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olan general-mayor – Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və onunla birlikdə mühakimə olunan polkovniklər onlar haqqında çıxarılmış hökmdən apelyasiya şikayəti verib. 

Fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində onların şikayətinə baxılmağa başlayıb.

General Nizami Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadə ilə birlikdə mühakimə olunur.

Fevralın 3-də hakim İbrahim İbrahimlinin sədrliyilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Bu zaman məlum olub ki, zabitlərdən Cəlal Kazımov və Vüsal Əlizadə apelyasiya məhkəməsində onu müdafiə etmək üçün vəkillə müqavilə bağlamayıb.

Vüsal Əlizadə onlara təklif olunan dövlət hesabına vəkilin onu müdafiə etməsinə razılıq versə də, Cəlal Kazımov ümumiyyətlə, müdafiəçi istəməyib. 

O bildirib ki, nə öz vəkil tutmaq istəyir, nə də dövlət hesabına vəkillə təmin olunmasına razıdır.

Təqsirləndirilən polkovnikin sözlərinə görə, heç özü də özünü müdafiə etməyəcək.

“Müdafiədən imtina edirəm”, – Cəlal Kazımov bildirib. Lakin o da məlum olub ki, birinci instansiyada – Bakı Hərbi Məhkəməsində Cəlal Kazımovun vəkili olmuş Əli Adıgözəlov hazırda onun ailə üzvlərinin hüquqlarını müdafiə edir. Çünki Bakı Hərbi Məhkəməsinin hökmü ilə həm də onun özü və yaxınlarına məxsus əmlaklar müsadirə olunub. 

Bu səbəbdən kimlərin mülkiyyətində olan əmlaklar müsadirə olunubsa, həmin şəxslər də maraqlı tərəf kimi hökmdən apelyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər və onların vəkilləri məhkəmə baxışının təyin olunmasını istəyiblər.

İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyası bildirib ki, təqsirləndirilən şəxslər xüsusilə ağır cinayətdə ittiham olunur. 

Bu halda, onlar vəkil olmadan mühakimə edilə bilməz.

İlkin baxış iclası fevralın 17-də davam edəcək.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay azadlıqdan məhrum ediliblər. 

Təqsirləndirilən şəxslərin həbsindən sonra onların özləri və yaxınlarının adına olan bir çox əmlaklar müsadirə olunub.

Müdafiə Nazirliyindəki mənimsəmələrlə bağlı cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. 

Həbs olunan 10 nəfərdən çox vəzifəli şəxs də 2022-ci ilin yanvar-fevral aylarında bu qurumun əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı saxlanılıb.

General-mayor Nizami Məmmədov təxminən 18 milyon manatlıq mənimsəmədə ittiham olunur. 

DTX-dan məhkəmənin sorğusuna verilən cavabda bildirilib ki, Nizami Məmmədov ziyandan 12 milyon manatdan artıq ödəniş edib. 

Digər təqsirləndirilən şəxslərdən Cəlal Kazımov 110 min manat, Vüsal Kazımov isə 101 min manat ödəyib. 

Ziyandan ümumi ödənilmiş məbləğ isə 38 milyon 664 min manatdır.

Təqsirləndirilən şəxslər və onların ailə üzvlərinin adlarına olan bir çox əmlakların üzərinə həbs qoyulsa da, məhkəmə prosesinin gedişində bəzilərinin üzərindən həbs götürülüb. 

Onlar satılıb və əldə edilən vəsait ziyanın ödənilməsinə yönləndirilib, qalanları isə müsadirə edilib.

Bu cinayət işi üzrə əsas ittihamlardan biri budur ki, qiymətlər sənəd üzərində artıq göstərilib və tenderdə qalib elan edilən şirkətlərin hesabına büdcədən buna uyğun məbləğdə pul köçürülüb. Lakin əvvəldən razılaşma olub ki, köçürülmüş artıq pulu şirkət hesabından çıxarıb, Müdafiə Nazirliyinə geri qaytaracaq. 

İttihama əsasən, şirkətlərin ümumi vəsaitin təxminən 18-20 faizini geri qaytarıb və qayıdan pul da mənimsənilib. 

Həmçinin hərbi hissələrə və Müdafiə Nazirliyinə tabe olan başqa müəssisələrə köçürülən vəsaitlərin bir hissəsi ora göndərilən təftişçilərə verilərək, geri qaytarılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Nizami Məmmədova bir sıra orden və medallar verilib. 

O, 2020-ci il iyunun 25-də general-mayor ali hərbi rütbəsi alıb. 

Həmin ilin dekabrında – müharibədən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 

2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdu.

Ana səhifəXəbərlər143 milyonluq yeyintiyə görə həbsdə olan polkovnik: “Müdafiədən imtina edirəm”