close

2010-cu il seçkisi: Siyahıya salınmayan seçicilər, parlamentdəki yeni simalar…

2010-cu il seçkiləri. Foto: Azadlıq Radiosu

Natiq Cavadlı

VI hissə

Əvvəlki hissəni buradan oxuya bilərsiz.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri sayılır.

Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 və 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub.

Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib.

Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb.

Elçibəyin qardaşı oğlu AXCP sədrinə rəqib oldu

Bundan sonra AXCP-nin keçmiş sədri, mərhum prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən partiyanın sədri Əli Kərimliyə rəqib oldu. Ə.Elçbəyin qardaşı Almurad Əliyev “Şərq” qəzetinə açıqlamasında oğlunun bu addımdan təəssüfləndiyini demişdi:

“İndiki uşaqlar bəzən özbaşınalıq edirlər. Adama deyərlər, məsləhətləşərlər. Amma mən də qəzetdən oxudum ki, Hürü namizədliyini verib. Mənə qəribə gəldi. Mənimlə heç bir məsləhətləşmə aparmayıb. Yenə də nə deyim, Allah köməyində dursun, uğurlar arzulayıram”. O, Əli Kərimliyə dəstək verəcəyini istisna etməyib:

Foto: Hürrü Əliyevin şəxsi arxivindən

“Hürrü ilə danışacam, narahat olmağa dəyməz, hər şey düzələcək”.

 31 saylı Suraxanı ikinci seçki dairəsindənAXC-nin İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də namizədliyini irəli sürmüşdü. 

YAP 17 deputatını siyahıya salmadı

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası 7 noyabr parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqladı. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov elə həmin gün jurnalistlərə deyib ki, hakim partiyanın siyahısı kifayət qədər yenilənib.

Partiyanın icra katibi Əli Əhmədov irəli sürülən namizədlər arasında yaşı 40-dan az olan 15-dən çox namizədin olduğunu bildirib.

YAP 114 dairədə namizəd irəli sürmüşdü, 11 dairəni isə boş saxlamışdı. Hakim partiyanın namizədlərinin 61 nəfəri yeni simalar idi. III çağırış Milli Məclisində YAP-ı təmsil edən 17 deputatın adı isə siyahıya salınmamışdı.

Yeni Azərbaycan Partiyası, Foto: http://yap.org.az/

Adı partiya siyahısına salınmayan Əhəd Əhmədov qərarı normal qarşılasa da, namizədliyini yenə də 80 saylı İmişli-Beyləqan dairəsindən verəcəyini və deputat seçiləcəyini bildirmişdi:

“Adamı deputat seçən camaatdır, camaat da məni istəyir”.

Ancaq DSK Əhəd Əhmədovu qeydə almadı.

Mətbuatın yaydığı məlumata görə, hakimiyyət 3 saylı Babək-Gəngərli-Naxçıvan dairəsində Səttar Mehbalıyevi, 7 saylı Ordubad-Culfa dairəsində Qüdrət Həsənquliyevi, 50 saylı Qobustan-Xızı-Sumqayıt dairəsində Zeynəb Xanlarovanı, 59 saylı Salyan dairəsində Əliağa Hüseynovu, 60 saylı Salyan-Neftçala dairəsində Fəzail Ağamalını, 63 saylı Sabirabad birinci seçki dairəsində Ceyhun Osmanlını, 66 saylı Biləsuvar seçki dairəsində Xanhüseyn Kazımlını, 93 saylı Bərdə seçki dairəsində Zahid Orucu, 102 saylı Samux-Şəmkir seçki dairəsində Valeh Ələsgərovu, 116 saylı Qəbələ seçki dairəsində Fəttah Heydərovu, 122 saylı Xankənd seçki dairəsində Həvva Məmmədovanı dəstəkləyəcək.   

VHP və DİP bir blokda, AMİP bloksuz seçkilərə gedir

Digər partiyaların təsis etdikləri bloklara gəldikdə, Vətəndaş Həmrəyliyi və Demokratik İslahatlar partiyalarının “Demokratiya Seçki Bloku”-13, Təkamül, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyalarının “İslahat Seçki Bloku”-30, Aydınlar, Demokrat və Ümid partiyalarının “Qarabağ Seçki Bloku”-28, Liberal, Vətəndaş və İnkişaf partiyaları “İnsan Naminə Seçki”-12 namizədlə seçkiyə qatıldı.

Seçkilərə bloklara qoşulmamaq prinsipi ilə gedən Milli İstiqlal Partiyası 11-i partiya üzvü olmaqla 19 şəxsin deputatlığa namizədliyini irəli sürdü.  

Siyasi tribuna. Foto: Niyazz/shutterstock

24 partiya sədri seçkilərə qatıldı

Seçkilərdə ümumilikdə 24 siyasi partiya sədri namizədliklərini irəli sürmüşdü. Müsavat Partiyasının başqanı İsa Qəmbər 15 saylı Yasamal I seçki dairəsindən, AXCP sədri Əli Kərimli 31 saylı Suraxanı II seçki dairəsindən, KXCP sədri Mirmahmud Mirəlioğlu 42 saylı Sumqayıt seçki dairəsindən, Ümid Partiyasının sədri İqbal Ağazadə 35 saylı Xətai III seçki dairəsindən, ADP sədri Sərdar Cəlaloğlu 21 saylı Nəsimi I seçki dairəsindən, VHP sədri sabir Rüstəmxanlı 72 saylı Yardımlı-Masallı seçki dairəsindən, AMİP sədri Yusif Bağırzadə 39 saylı Kəpəz seçki dairəsindən, AXP sədri Qiyas Sadıxlı 63 saylı Sabirabad seçki dairəsindən, BAP sədri Elşad Musayev 9 saylı Binəqədi seçki dairəsindən, ALDP sədri Fuad Əliyev 18 saylı Nərimanov-Nizami seçki dairəsindən, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən, ALP sədri Əvəz Temirxan 23 saylı Nəsimi-Səbayel seçki dairəsindən, BQP başqanı Fazil Musatafa Sabunçu I seçki dairəsindən, BAXCP sədri Qüdrət Həsənquliyev 7 saylı Ordubad-Culfa seçki dairəsindən, Ədalət Partiyasının sədri İlyas İsmayılov 106 saylı Tovuz-Ağstafa seçki dairəsindən, ASDP həmsədri Araz Əlizadə 17 saylı seçki dairəsindən, DİP sədri Asim Mollazadə 22 saylı seçki dairəsindən, VİP sədri Əli Əliyev 17 saylı Yasamal seçki dairəsindən, Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan 31 saylı Suraxanı, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu 37 saylı Nizami seçki dairəsindən namizədliyini irəli sürmüşdü.

“Azərbaycanda 4 milyon 829.888 seçici var”

İyulun 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Nizami Nadirov “Yeni Azərbaycan” qəzetində yazırdı ki, aktiv seçki hüququna malik seçicilərin sayı 4 milyon 829.888 olmaqla onların 2.480.729 nəfərini qadınlar, 2.349.159 nəfərini kişilər təşkil edir:

Seçki. Foto: Reuters

19 yaşından 30 yaşına qədər seçicilərin 1.392.604 nəfərini gənclər təşkil edir. 31-40 yaşadək 941.322 nəfər, 41-50 yaşadək 1.073.912 nəfər, 51-60 yaşadək 747.525 nəfər, 61 yaşından yuxarı seçicilərin sayı 634.987 nəfərdir. Əlbəttə ki, qeyd edilən rəqəmlər heç də son rəqəmlər deyildir. Seçki Məcəlləsinin tələbinə əsasən daimi seçici siyahıları seçki ilində səsvermə gününə azı 25 gün qalmış yenidən dəqiqləşdirilərək MSK-nin internet səhifəsində yerləşdiriləcək”.

Prezident Administrasiyasının siyahısı…

Seçki ərəfəsində Milli Məclisə mandat alacaq namizədlərlə bağlı mətbuatda siyahıların yayılması adi hal almışdı. Amma bu siyahılar ehtimallar əsasında hazırlansa da, gözlənilməz hadisə baş verdi. Sentyabrın birinci həftəsində Bayraq Meydanın açılışında Milli Məclis Prezident Administrasiyasından gələn siyahı əsasında tədbirə  deputatları da dəvət etdi. Ancaq qanunverici orqana köhnə tərkibdə olan deputatları yox, yeni tərkibdə olacaq deputatların siyahısı verilmişdi. Bu barədə həmin vaxt deputat olan professor Cəmil Həsənli “Zamanın sınağında” kitabında yazırdı:

“Maraqlı o idi ki, Prezident Aparatından Məclisə göstəriş verilmiş di ki, Milli Məclisin üzvlərini Bayraq Meydanının açılışına dəvət etsinlər. Eyni zamanda, tədbirə dəvət ediləcək deputatların siyahısını da Məclisə göndərmişdilər. Lakin bu, fəaliyyət də olan deputatların siyahısı yox, bir ay yarım sonra seçiləcək deputatların siyahısı idi. Yəni fəaliyyət də olan deputatların bir hissəsinin adı tədbirə dəvətlilərin siyahısında yox idi. Aləm dəymişdi bir-birinə. Məsələ aydın olandan sonra Məclisin katibliyindən yenidən zəng vurub əlavə olaraq, mən də daxil, təxminən 20 nəfər deputatı tədbirə dəvət etdilər. Bəzi deputatlar bu hadisədən ayıq düşüb öz işlərini düzüb qoşdular”.

Prezident Administrasiyası. Foto: Ovchinnikova Irina/shutterstock

Bu hadisədən sonra kimlərin parlamentin yeni tərkibində olacağı haqda siyahı yəqinləşdi və mətbuatda yayıldı. Beləliklə, 1995-ci ildə Nemət Pənahlının yaydığı siyahı bu dəfə başqa formada təkrarlandı.

Siyahıdan kənar YAP-çılar

Sentyabrın 22-də “mediaforum.az” saytı MSK-nin “Seçkilər” İnformasiya Mərkəzinə istinadən məlumat yaydı ki, hakim partiyanın 26 üzvü öz təşəbbüsü ilə seçkilərə qatılıb. Buna qədər YAP icra katibi Əli Əhmədov namizədliyini geri götürməyənlərin partiyadan çıxarılacağını bildirmişdi. YAP isə seçkilərə 114 nəfərlə qatılmışdı.

Öz təşəbbüsü ilə seçkilərə qatılan YAP-çılar sırasında Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Etibar Məmmədov (1 saylı Şərur-Sədərək dairəsindən Vasif Talıbova qarşı), Babək rayon Yarımca kənd orta məktəbinin direktoru Cəbrayıl Əliyev (3 saylı Babək-Gəngərli-Naxçıvan, Qüdrət Həsənquliyevə qarşı),  Bakı Dövlət Universitetinin dosenti Elmira Əliyeva 13 saylı Xəzər Seçki diarəsindən (YAP-nin bu dairədən vahid namizədi Rauf Əliyevdir), ARDNŞ-də hüquqşünası Hafiz Ağayev, həmçinin, “Haqlı tələb” qəzetinin baş redaktoru Fəxrəddin Babayev 16 saylı Yasamal seçki dairəsindən,  (YAP-nin həmin dairədən vahid namizədi Abel Məhərrəmov), Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən baş mütəxəssis Akif İmanov 24 saylı Nizami seçki dairəsindən (YAP-nin bu dairədən namizədi Rövnəq Abdullayev), “Yeni Azərbaycan Naminə” qəzetinin baş redaktoru Ramazan Bağırov, “Qələbə” Əlillər Cəmiyyətinin sədri Mehdi Əhmədov, AMEA-nin Folklor İnstututunun aparıcı elmiş işçisi Yusif Ələkbərov 31 saylı Suraxanı II seçki dairəsindən (YAP bu dairədən “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevə dəstək verirdi), “Feniks” İdman Klubunun prezidenti Asəf Məlikov 32 saylı Suraxanı III seçki dairəsindən (YAP-nin vahid namizədi Ağacan Abıyev), “91-lər”in üzvü Əli Əlirzayev 34 saylı Xətai II seçki dairəsindən (YAP-nin namizədi Nərminə Hacıyeva), Abdulla Abdullayev 42 saylı Sumqayıt seçki dairəsindən (YAP-nin namizədi Rafiq Dəmirovdur), Ələddin Tağıyev 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən (YAP-nin namizədi Məharət Xasayevadır), “Azərsu”nun Abşeron rayon üzrə su müfəttişi Əlyəddin Babayev 45 saylı Abşeron dairəsindən (YAP-nin vahid Vahid Əliyevdir), AYB üzvü Minayə Əliyeva 62 saylı Saatlı seçki dairəsindən (YAP-nin namizədi, prezidentin əmisi Cəlal Əliyevdir), Deputat Aydın Həsənov 67 saylı Cəlilabad (YAP-nin namizədi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri  Kərəm Həsənovun qardaşı Malik Həsənov), “Arzu” LTD-nin direktoru Rafiq Tağıyev 80 saylı İmişli-Beyləqan (YAP-nin namizədi Tahirə Rüstəmli), “Məktəb” qəzetinin təsisçisi Cəbrayıl Əliyev 93 saylı Bərdə seçki dairəsindən (YAP bu dairəni AVP sədrinin müavini Zahid Oruca görə boş saxlayıb), “Azərittifaq”da istehsal kommersiya departamentinin rəisi Elçin Mahmudov 95 saylı Tərtər Seçki diarəsindən (YAPnin namizədi Əhməd Əhmədovdur), İqtisadi İnkişaf Nazirliyində böyük məsləhətçi Məhəmməd Nooyev 109 saylı Balakən seçki dairəsindən (YAP-nin namizədi Rəbiyyət Aslanova) və digərləri var idi.

Həmin şəxslər barəsində ölçü götürüləcək”.

Oktyabrın 8-də YAP icra katibinin müavini Siyavuş Novruzov bu məsələyə reaksiya verdi. O, yerli mediaya dedi ki, öz təşəbbüsü ilə seçkilərə qatılan 45 hakim partiya üzvündən 15-i namizədliyini geri götürüb:

Əli Əhmədovun mətbuat konfransı
Foto: Azərtac

“Qalan 30 nəfərdən 16-nin namizədliyi qeydə alınmayıb. Ümumiyyətlə, YAP deputatlığa 115 namizəd irəli sürüb, 113 nəfərin namizədliyi qeydə alınıb, 2 nəfər isə namizədliyindən özü imtina edib”.

YAP Əli Kərimliyə qarşı dəstək verdiyi rektoru Qazaxa göndərdi

Sentyabrın 28-də “Odlar Yurdu” Universitetinin rektoru, YAP-nin 31 saylı dairədən vahid namizədi Əhməd Vəliyev namizədliyini geri götürərək 107 saylı Qazax Seçki Dairəsindən irəli sürüb. Bu dairədən seçkilərə AXCP sədri Əli Kərimli qatılmışdı. 107 saylı dairədən YAP-nin namizədi  Polad Ağakişiyev namizədliyini geri götürüb. Həmçinin, 15 saylı dairədən YAP-nin namizədi Gülər Əhmədova namizədliyini geri çəkərək 34 saylı sənədlərini 34 saylı Xətai seçki dairəsinə təqdim edib. Bu dairədən hakim partiyanın namizədi Nərminə Hacıyeva seçki yarışından imtina edib.

YAP icra katibi Əli Əhmədov “Yeni Azərbaycan” qəzetinə deyib ki, 2005-ci ildə onlar 107 saylı seçki dairəsindən xalq şairi Vaqif Səmədoğlunu dəstəkləyiblər:

Ancaq bu dəfə Vaqif Səmədoğlu seçkiyə qatılmadığı üçün partiya Əhməd Vəliyevi həmin dairəyə göndərib”. 

34 saylı Xətai ikinci seçki dairəsindən Gülər Əhmədovanın namizədliyinin irəli sürülməsinə gəlincə, Əli Əhmədov bildirib ki, YAP ötən seçkilərdə o dairədə uğur qazanmadığı üçün bu dairədən daha güclü namizəd irəli sürüb.

ATƏT-nin Müşahidə Missiyası fəaliyyətə başladığını açıqladı

Sentyabrın 28-də ATƏT-nin DTİHB Müşahidə Missiyası fəaliyyətə başladığını elan edib.

MM-nin rəhbəri Odri Qlover keçirdiyi mətbuat konfransıda deyib ki, missiyanın əsas heyətinə daxil olan 16 nəfər ATƏT-nin üzvü olan 11 ölkəni təmsil edir. Daha sonra 22 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək.

Odri Qlover oktyabrın 8-də “Turan”a müsahibəsində bildirib ki, 22 uzunmüddətli müşahidəçi Azərbaycanın 11 bölgəsində, o cümlədən, Naxçıvanda olacaq, 450 qısamüddətli müşahidəçi isə bilavasitə seçki günü məntəqələrdə prosesi müşahidə edəcək:

Odri Qlover. Foto: “Turan”

Ümumilikdə, ölkə üzrə seçki prosesini Bakıda yerləşən 16 beynəlxalq ekspertdən ibarət missiya izləyir”. Missiya rəhbəri regionlarda müxalifətdən olan namizədlərin imzatoplama zamanı təzyiqlərə məruz qaldıqları haqda məlumat aldıqlarını vurğulayıb. Amma Odri Qlover kampaniya müddətinin azaldılmasından narahatlığını ifadə edib:

Bu, 2008-ci il prezident seçkilərində də baş vermişdi, indi müddət daha da azaldılıb. Digər narahatlıq doğuran məsələ bütün namizədlər üçün eyni səviyyədə imkanların yaradılmasıdır. Ona görə də kampaniya müddətini çox diqqətlə izləyəcəyik”.

SMDTM: …2005-ci il seçkilərində olduğundan 3 dəfə azdır

Oktyabrın 18-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsinə dair aralıq hesabatını açıqladı. Mərkəz 80 dairədə prosesi müşahidə etdiyini bildirdi:

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

“322 iddiaçının qeydiyyatından imtina olunub. Ümumilikdə isə 719 namizəd qeydə alınıb ki, bu da 2005-ci il seçkilərində olduğundan 3 dəfə azdır”. Namizədlərə efir vaxtının verilməsinə gəlincə, SMDTM rəhbəri Anar Məmmədli  deyib ki, partiyaların efirə çıxışı problemini İctimai TV-də ödənişli efir vaxtını 1800 manatdan 180 manata endirməklə həll etmək olardı. Bütün bunlara baxmayaraq, qalan vaxt ərzində seçki mühitini yaxşılaşdırmaq olar. Bunun üçün qeydiyyatından imtina olunmuş namizədlərin şikayətlərini təmin etmək, sərbəst toplaşmaq və söz azadlığını təmin etmək və xüsusən həbsdə olan jurnalistləri azad etmək olardı”.

ATƏT Müşahidə Missiyası: Venesiya Komissiyasının tövsiyələri nəzərə alınsa da…

Oktyabrın 21-də ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası ilk aralıq hesabatını açıqladı. 28 sentyabr-16 oktyabr aralığını əhatə edən sənəddə ATƏT-nin bütün səylərinə baxmayaraq hakim partiya ilə əsas müxalif qüvvələr arasında dialoqun yoxluğu kimi qiymətləndirilib. Hesabatda toplaşma azadlığının təcrübədə hələ də məhdudlaşdırıldığı qeyd olunur:

2008-ci ildə “Sərbəst toplaşma haqqında” qanunun qəbul edilməsinə baxmayaraq Bakı icra orqanları təşkilatçıların tələb etdikləri mərkəzi yerlərdə siyasi yürüş və toplantıların keçirilməsi tələblərini mütəmadi olaraq rədd edirlər”. Sənəddə Seçki Məcəlləsinə bir neçə dəfə düzəlişlərin edildiyi vurğulanır:

ATƏT
Foto: arxiv

Əvvəlki düzəlişlərdə ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri nəzərə alınsa da, seçki komissiyalarının tərkibi, seçki mübahisələrinin həlli, səslərin təkrar sayılması və nəticələrin ləğv edilməsinə dair qaydaların müəyyən edilməsi kimi bəzi məsələlər hələ də nəzərdən keçirilməmişdir. Sonuncu düzəliş 2010-cu ilin iyununda tələsik və çox az ictimai müzakirələrin keçirilməsi ilə qəbul edildi. Kampaniya müddətinin qısaldılması narahatlıq doğurur”.

Qeydiyyatdan keçən hakim partiya və müxalifət nümayəndələri, o cümlədən, müstəqil şəkildə namizədliyini irəli sürən şəxslərin sayında ciddi fərq var. Qeydiyyat sənədlərini təqdim edən 111 YAP namizədlərinin hamısı qeydiyyatdan keçdiyi halda “AXCP-Müsavat” blokunun 79 namizədindən yalnız 33, “Qarabağ” blokunun 67 namizədindən 30, “İnsan naminə” blokunun 50 namizədindən 19 nəfər qeydə alınıb. ATƏT/DTİHB yerli icra orqanlarının işçiləri tərəfindən müxalif və müstəqil namizədlərə hədə-qorxu gəlinməsinə dair bir neçə məlumat alıb”,-deyə hesabatda bildirilir.

Seçkiyə 692 nəfər qatılıb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 25-də qurumun iclasında bildirib ki, 125 seçki dairəsində müşahidə aparmaq üçün 581 beynəlxalq müşahidəçi qeydə alınıb:

Məzahir Pənahov. Foto: MSK

“Ölkə üzrə seçkiləri müşahidə etmək 1705 nəfər MSK-da qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün 20802 nəfər qeydə alınıb”. MSK sədri onu da əlavə edib ki, 42 nəfər namizədliyini geri götürüb, 692 nəfər isə seçkidə iştirakını davam etdirir.    

ATƏT:  Apelyasiya Məhkəməsi heç bir şikayəti təmin etməyib

Oktyabrın 30-da ATƏT/DTİHB seçkiqabağı durumla bağlı ikinci hesabatı açıqlayıb. Hesabat oktyabrın 16-dan 26-na qədər dövrü əhatə edir. Hesabatda hadisələrin normal standartlara cavab vermədiyi xüsusi vurğulanır. Qeyd olunur ki, çoxlu sayda namizədin qeydə alınmaması, həmçinin bunun üçün yetərincə sübutların olmaması nəticəsində Seçki Məcəlləsinin ciddi şəkildə pozulması müşahidə olunub. Namizədlərin dəstəklənməsi üçün toplanan imzaların sayılması və yoxlanılması namizədin qeydə alınması məsələsində əsas amil kimi götürülüb. Namizədlərin təqdim etdiyi imza vərəqələrində imzalarən əksəriyyəti şəxsiyyəti təsdiq edən sənədlərin vaxtının keçdiyi üçün etibarsız sayılıb. Lakin MSK ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna bildirmişdi ki, belə hallar namizədlərin qeydə alınmamasına bir o qədər təsir etməyəcək. Bundan başqa, imzaların hansı səbəbdən etibarsız sayəlması ilə bağlı məlumatlar da bir çox hallarda namizədlərin diqqətinə çatdırılmayıb.

Qanun, Konstitisya və məhkəmə. Foto: AlexLMX/shutterstock

“Seçki prosesi olduqca sönük və sakit keçir. Namizədlərin seçki materiallarından istifadəsi çox məhduddur. ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyası bir sıra namizədlərin seçki kampaniyasına polis və yerli icra strukturlarının müdaxiləsi hallarını qeydə alıb. Seçki prosesi və namizədlərin təbliğat kampaniyasının mediada işıqlandırılması da məhdudlaşdırılıb. Bu da media qurumlarının təbliğat-təşviqat prosesində iştirakdan imtinası etməsilə əlaqələndirilir. Apelyasiya Məhkəməsi namizədlərin qeydə alınmaması ilə bağlı 50-dən artıq şikayətə baxıb, amma heş bir şikayəti təmin etməyib. Televiziya və yazılı mətbuat orqanlarında hakim Yeni Azərbaycan Partiyası, onun sədri haqqında məlumatlar geniş yayılır. Məlumatlarda prezidentin rəhbərlik etdiyi hakimiyyətin təbliğatına geniş yer verilir. “AXCP-Müsavat” blokunun liderlərinin keçirdikləri mətbuat konfranslnda isə yalnız iki telekanalın əməkdaşları iştirak edirdi. Seçki kampaniyası ərzində prezidentlə yanaşı, YAP-nin namizədi olan ölkənin birinci xanımı Mehriban Əliyeva və başqa dövlət məmurlarının bir sıra obyektlərinin açılış mərasimində iştirakıyla bağlı silsilə reportajlar yaymlanır”.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev noyabrın 4-də APA-ya ATƏT/DTİHB-nin hesabatında müəyyən yanlışlıqlarının olduğunu bildirib:

Onları çıxmaq şərtilə hesab edirəm ki, hesabat müsbətdir”.

Anar Məmmədlidən Məzahir Pənahova: 1.5 milyon seçici siyahılara salınmayıb”

Noyabrın 2-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli MSK sədri Məzahir Pənahova vahid seçici siyahılarının vəziyyətinə dair araşdırmaların aparılması ilə bağlı müraciət edib. Anar Məmmədli müraciətində MSK-nin ölkə üzr seçicilərin sayı ilə bağlı açıqladığı rəqəmlə Dövlət Statistika Komitəsinin (DSK) ölkə əhalisinin sayı haqda internet səhifəsində yerləşdirdiyi rəqəmlər arasındakı fərqlərə aydınlıq gətirib:

Seçki. Foto: Meydan TV

Belə ki, MSK vahid seçici siyahısında ölkə üzrə əhalinin 54 faizi, yəni 4,829, 888 nəfərin təşkil etdiyini bildirib. DSK-nin rəsmi internet saytında isə seçki hüququna malik seçicilərin respublika üzrə əhalinin 70 faizini, təxminən 6,438,000 nəfərin təşkil etdiyi qeyd olunub”. Anar Məmmədli həmçinin son iki ildə Azərbaycanda keçirilən səsvermələr-23 dekabr 2009-cu il bələdiyyə, 18 mart 2010-cu il referendum və 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı seçicilərin sayında baş verən artma-azalmaların səbəblərinin də araşdırılmasını xahiş edib.         

“AXCP-Müsavat”: 62 namizəd

Seçkiyə 3 gün qalmış, noyabrın 4-də “AXCP-Müsavat” Bloku dəstəklədiyi namizədlərin siyahısını yayıb. Blokun siyahısında hər iki partiyanın birgə namizədlərinin sayı 62 nəfərdir. Ancaq seçki kampaniyasının əvvəlində blok 80-dən çox adamın namizədini irəli sürdüyünü açıqlamışdı. Sonradan 20-dən çox blok üzvünün namizədliyi qeydə alınmadı.

MSK: 1024 müşahidəçi

Noyabrın 4-də MSK seçkiləri müşahidə etmək üçün akkreditə olunan beynəlxalq təşkilatların siyahısı açıqlayıb. Qeyd olunub ki, müşahidəçilərin ümumi sayı 1024 nəfərdir:

Parlament seçkiləri 2019 - CANLI BLOQ
Foto: arxiv

Avropa Şurasının Parlament Assambleyası-33 nəfər, Avropa İttifaqı Şurası-5 nəfər, Avropa İttifaqının Bakı üzrə nümayəndəsi-3 nəfər, Avropa Parlamenti-16 nəfər, Türkdilli Ölkələrin Parlament Assambleyası-10 nəfər, ATƏT-nin Parlament Assambleyası-58 nəfər, ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu-316 nəfər, Müstəqil Dövlətlər Birliyi-351 nəfər, GUAM-2 nəfər, ABŞ səfirliyi – 31 nəfər, Böyük Britaniya səfirliyi-12 nəfər, Qazaxıstan səfirliyi 6 nəfər, Norveç səfirliyi – 4 nəfər, Bolqarıstan səfirliyi-3 nəfər, Polşa səfirliyi-2, Yaponiya səfirliyi – 2 nəfər, Belçika səfirliyi-1 nəfər, Finlandiya səfirliyi -1 nəfər, Avropa Seçki Müşahidə Akademiyası -166 nəfər, “Vestnik Kafkaza” İnformasiya Agentliyi-2 nəfər.

Məzahir Pənahov: Əhalinin 50,14 faizi səsverməyə qatılıb

Seçki günü brifinq keçirən MSK sədri Məzahir Pənahov deyib ki, 5 min 314 məntəqədə keçirilmiş səsvermənin nəticələrini 1000-dən artıq beynəlxalq və 47 minə qədər yerli müşahidəçi izləyib.

Adları seçici siyahılarına salınmış 4 milyon 946 min 588 seçicidən 2 milyon 480 min 205 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 50,14 faizinə bərabərdir. Bu rəqəm Azərbaycan ictimaiyyətinin parlament seçkilərinə olan yüksək marağının nəticəsidir”,-deyə Pənahov əlavə edib.

 Onun sözlərinə görə, seçkilərdə 23 partiya iştirak edib.

Seçki günü xarici media yazır…

Reuters”: Yeni Azərbaycan Partiyası deyir ki, parlament seçkilərində rəqib görmür, AXCP-nin lideri Əli Kərimli isə 7 noyabr seçkilərinin Əliyev rejiminin keçirdiyi ən pis seçki olacağını bildirib.

Frans Press”: Seçkilər hakimiyyəti onsuz da möhkəm tutmuş İlham Əliyev rejimini sementləməlidir, müxalifət isə bu seçkini məzhəkə adlandırır və bildirir ki, nəticələr əvvəlcədən bəllidir. Seçkinin başlanmasını elan edən Məzahir Pənahov deyib ki, bu seçkilər demokratik şəraiti, ictimai qayda-qanunu, vətəndaş həmrəyliyini nümayiş etdirəcək.   

Seçkiqabağı müxalifət mitinqlərinə imkan verilmədi, hakimiyyət onlarla müxalifətçinin namizəd kimi qeydə alınmasına qoymadı, mediaya təsirlərindən istifadə edib debatların qarşısını aldı.

Xarici media. Foto: witsarut sakorn/shutterstock

“Business Europe” jurnalı: Hər şey gözlənildiyi kimi keçdi, seçici fəallığı aşağı oldu, İlham Əliyevin partiyası seçkini uddu, müxalifətin birgə səyləri də heç nəyə təsir etmədi. Onsuz da yeni seçilən parlamentin ölkənin nə ictimai, nə də siyasi həyatında hansısa təsiri olmayacaq. Parlament əvvəlki kimi, yenə də İlham Əliyevin qərarlarını ucdantutma təsdiq edin ştamp rolunu oynayacaq, prezidentin və Qərbin enerji şirkətlərinin istədiyi, adi camaatın isə hələ ki, əleyhinə işləyən sabitliyin təminatçısı olacaq. Müxalifət həmişəki kimi təzyiqlərdən şikayətləndi, pozuntulardan danışdı, nəticılərin ləğvini tələb etdi. İqtidar və onun gətirdiyi Türkdilli ölkələrin Parlament Assambleyası və MDB müşahidə missiyaları isə əksini iddia etdi.     

“Associated Press”: Müxalifətin şansları çox yüksəkdir, amma daha çox səs qazanmaq baxımından. Amma seçkidə kimin qələbəsi kimin daha çox səs yığmasından yox, Prezident Administrasiyasında oturanların istəyindən asılıdır.

Müxalifət və iqtidar seçki haqda

Müsavat Partiyasının başqanı İsa Qəmbər: “7 noyabrdan baş verən hadisələrin seçki ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycanın müasir tarixində keçirilən ən biabırçı seçki faktlarından biridir. Seçki günündə hakimiyyət real nüxalifətə uduzacağını dərk etdiyindən, seçki günü də daxil olmaqla, sona qədər total saxtakarlıqlar davam etdi. Bu cür saxta seçkilərin nəticəsində yaranan parlament qeyri-legitimdir, “AXCP-Müsavat” Bloku nəticələri tanımır”.  

İsa Qəmbər, foto: Meydan Tv
İsa Qəmbər, foto: Meydan Tv

AXCP sədri Əli Kərmli: “7 noyabrda Azərbaycanda analoqu olmayan seçki keçirilib. İlham Əliyev çox analoqsuz inkişafdan danışırdı, bu sahədə ona nail oldu ki, 7 noyabrda keçirilən seçki hətta Azərbaycanın özündə əvvəllər keçirilən seçkilərdən mənfi mənada fərqləndi. 7 noyabr seçkilərində məqsəd parlamenti nəzarətdə saxlamaq deyildi. Məqsəd real müxalifəti də parlamentdən kənarda qoymaq deyildi. Məqsəd ölkədə dəyişiklik istəyən hər bir kəsin yolunu parlamentə bağlamaqdan ibarət idi”.      

Əli Kərimli
Foto: Meydan.TV

YAP icra katibinin müavini Mübariz Qurbanlı: “Müxalifət partiyaları məğlubiyyətlərini başqa cür sığortalaya bilməzlər. Ona görə də səsvermənin gedişi haqqında böhtan və yalan məlumatlar yayırlar. Seçki pozuntularına müxalifət partiyaları əl atır. Hakimiyyətin və YAP-nin seçkidə hansısa formada saxtakarlıq etməyə ehtiyac yoxdur”.    

Mübariz Qurbanlı. Foto: Azərtac

ATƏT: Bir sıra məntəqələrdə proses pis və yaxud çox pis qiymətləndirilmişdi

ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyası seçki gününün səhərisi keçirdiyi mətbuat konfransında yaydığı qiymətləndirmədə bildirilirdi:

–  İctimai və siyasi həyatın bir partiya tərəfindən idarə edilməsi;

– İqtidar partiyasının irəli sürdüyü namizədlərin hamısının, müxalifət partiyalarının irəli sürdüyü namizədlərin isə yarıdan da az hissəsinin qeydiyyata alınması, bununla da seçilmək hüququna təsir göstərilməsi;

–  Elektron KİV-də alternativ fikirlərin yoxluğuna, tənqidi mövqedə olan çap KİV-nin qıtlığına gətirib çıxaran, balanslaşdırılmış və tərəfsiz xəbər ötürücülüyünün çatışmazlığı;

–  Məhbus jurnalistlərin həbsi ilə bağlı məsələnin həllinin tapmaması;

–  Effektiv kampaniya üçün vacib olan resurslara siyasi partiyaların qeyri-bərabər çıxışı;

–  Kampaniya üçün yararsız yerlərin ayrılması və müxalifət namizədlərinin həmin ərazilərdən kənarda siyasi toplantılar keçirmək cəhdinin əngəllənməsi;

– Seçici və namizədlərə hədə-qorxu gəlinməsi və inzibati resurslardan sui-istifadə edilməsi;

– Kampaniya müddətinin qısaldılması ilə bağlı qanunvericiliyə son anda edilən dəyişikliklər;

–  ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurası Venesiya Komissiyasının bundan öncəki hesabatında qanunvericiliklə bağlı verilən tövsiyələrinin yerinə yetirilməmiş qalması;

ATƏT Müşahidə Missiyasının sədri Odri Qlover. Foto: Turan

– Seçki komissiyalarının təşkili prinsipindən irəli gələn, seçki administrasiyasında hökumətyönlü qüvvələrin üstünlüyünün davam etməsi;

– Seçkilərə aid şikayətlərlə bağlı görülən hüquqi tədbirlərin çox zaman vədəsiz, qeyri-effektiv və hüquqi cəhətdən əsaslandırılmamış olması.

Mətbuat konfransında qeyd olunub ki, onların müşahidəçiləri 5175 məntəqədən 1100-də səsvermənin gedişini izləyib:

Məntəqələrin 10 faizində ciddi problemlər olub. Müşahidəçilərin izlədiyi 150 səsvermə məntəqəsinin üçdə birində isə səslərin sayılması prosesi pozuntularla müşayiət edilib. Bir sıra yerlərdə qutulara topa bülletenlərin atılması kimi problemləri də nəzərə almaqla, həmin məntəqələrdə proses pis və yaxud çox pis qiymətləndirilmişdi”.

“Vətəndaşların plüralist, demokratik seçim imkanı olmayıb”

Avropa Parlamenti Missiyasının rəhbəri Anneli Yaatenmaki noyabrın 7-də yaydığı bəyanatda seçkilərin texniki cəhətdən yaxşı hazırlandığı qeyd olunmuşdu:

Seçkilər sakit atmosferdə keçdi. Müstəqil müşahidəçilər səsvermə zamanı pozuntu faktlarının olduğunu, müxalifət nümayəndələrinin təqib edildiyini, qutulara kütləvi şəkildə bülletenlərin atıldığını bildiriblər. Azərbaycan vətəndaşlarının plüralist, demokratik seçim imkanı olmayıb. Azərbaycan gələcəkdə addımlar atmalı və böyük demokratikləşməni təmin etməlidir. Ölkədə iqtisadi inkişaf və sabitlik var. Bu vəziyyətin davamlığını yalnız siyasi liberallaşmanən və ölkənin demokratikləşməsinin gücləndirilməsi ilə təmin etmək olar”.

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

Avropa Birliyi: Seçki ölkənin demokratiya sahəsində inkişafına təsir göstərməyib

Avropa İttifaqının Xarici Siyasət və Genişlənmə üzrə komissarı  Kerin Eştonun yaydığı bəyanatda qeyd olunub ki, Azərbaycanda seçkilərin sakit mühitdə keçməsinə, bütün müxalifət partiyalarının prosesdə iştirakına baxmayaraq, bu seçki ölkənin demokratiya sahəsində inkişafına təsir göstərməyib.

Ketrin Eşton rəsmi Bakını ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun göstərdiyi çatışmazlıqları aradan qaldırmağı, demokratiya prinsipləri və insan haqları sahəsində götürdüyü öhdəlikləri yerinə yetirmək üçün səylərini artırmağa, o cümlədən, demokratik plürazizmi, KİV və toplaşmaq azadlığını təmin etməyə çağırıb.

ABŞ: Seçkilərin bəzi texniki aspektləri yaxşı hazırlanıb, lakin…

ABŞ dövlət katibinin müavini Filip Kroulinin noyabrın 9-da yaydığı bəyanatda seçkilərin beynəlxalq standartlara cavab vermədiyi bildirilir:

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock
ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

“Seçkiqabağı və seçki günü ciddi problemlər olub. Qutulara saxta bülletenlərlə doldurulduğu qeydə alınıb. Biz seçkilərin ölkənin demokratik inkişafında əhəmiyyətli irəliləyişin əldə edilməsi üçün yetərli olmadığı haqda ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ilkin qiymətləndirilməsini müdafiə edirik. Seçkilərin bəzi texniki aspektləri yaxşı hazırlanıb. Lakin seçkiqabağı proses zamanı və seçki günü ciddi problemlər qeydə alınıb”.

Əli Həsənov: Təəccüblənirik və təəssüflənirik

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya açıqlamasında Dövlət Departamentinin açıqlamasından təəccübləndiklərini və təəssüfləndiklərini deyib:

Əli Həsənov, Foto: Meydan TV

“Dövlət Departamenti müəyyən subyektiv mülahizələrə yol verib. Onların dəyərləndirilməsi əksər beynəlxalq təşkilatların seçki dəyərləndirlməsindən xeyli fərqlənir. Əvvəlki seçkilərlə müqayisədə 7 noyabr seçkiləri daha proqressiv şəraitdə keçirilib. ATƏT/DTİHB-nin, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB Seçki Müşahidə Missiyasının, İnsda Hüquqları üzrə Varşava İnstitununun, Türkdili Ölkələrin  Parlament Assambleyasının və digər qurumlardan olan müşahidəçilərin  qiymətləndirlməsində seçkilər ədalətli qiymətlındirilib, məntəqələrin 90 faizində seçkilərin yaxşı təşkil olunduğu, 10 faizində müəyyən nöqsanların qeydə alındığı bildirilir. Bu da təbii haldır”.

46 seçki məntəqəsində seçkilərin nəticələri ləğv edilir

Oktyabrın 27-də Konstitusiya Məhkəməsinin iclasında seçki prosesinə hazırlıqlardan danışan MSK sədri Məzahir Pənahov bildirdi ki, ölkə üzrə 5314 məntəqə seçki məntəqəsi lazımi avadanlıqla tam təmin olunub, 500 məntəqədə veb-kamera quraşdırılıb:

“Seçki marafonunda iştirak etmək üçün dairə seçki komissiyalarına 2043 vətəndaş müraciət edib, onlardan 743-ü qeydə alınıb, 690 namizədin adı seçki bülletenlərinə daxil edilib”.

Konstitusiya Məhkəməsi. Foto: “constcourt.gov.az”

Məzahir Pənahov qeyd edib ki, bununla belə, səsvermənin gedişində bəzi qanun pozuntularına da yol verilib:

“Mərkəzi Seçki Komissiyası 46 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Bunun seçkilərin ümumi nəticələrinə heç bir təsiri olmayıb”.

İki gün sonra Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini təsdiqləyir.

Parlamentin yeni simaları

IV çağırış Milli Məclisində qadınların sayı əvvəlki parlamentdən fərqli olaraq artır. 2005-ci ildə xanım deputatlar 14 nəfər idisə, bu dəfə 20 deputat olur. Onların arasında yeni simalar da vardı: Aqiyə Naxçıvanlı (117 saylı Oğuz-Qəbələ seçki dairəsi), Flora Qasımova (122 saylı Xankəndi seçki dairəsi. Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı), Kamilə Əliyeva (111 saylı Zaqatala-Balakən seçki dairəsi), Leyla Abdullayeva (41 saylı Sumqayıt birinci seçki dairəsi), Sevinc Fətəliyeva (30 saylı Suraxanı birinci seçki dairəsi), Sevinc Hüseynova (103 saylı Gədəbəy seçki dairəsi), Sahibə Qafarova (98 saylı Şəmkir şəhər seçki dairəsi), Aytən Mustafayeva (21 saylı Nəsimi birinci seçki dairəsi), Gülçöhrə Məmmədova (97 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsi), Sədaqət Vəliyeva (25 saylı Nizami ikinci seçki dairəsi).

Milli Məclis
Foto: Milli Məclis

Gültəkin Hacıbəyli, Aynur Quliyeva, Həvva Məmmədova yeni tərkibdə yer almamışdılar.

2010-cu il parlamentində yeni simalar bunlar idi: Cavanşir Feyziyev, Nazim Fərəcov (Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı), Arif Alışanov (Az.TV-nin sədri), Sahib Alıyev (Lider TV-nin jurnalisti), Mahir Aslanov, Muxtar Babayev, Azər Badamov, Aslan Cəfərov, İlham Əliyev (Ramiz Mehdiyevin qızının həyat yoldaşı), Nəriman Əliyev, Arif Əşrəfov, Xanlar Fətiyev, İsmayıl Hacıyev, Etibar Hüseynov (Lider TV-nin jurnalisti), Əliağa Hüseynov, Malik Həsənov (həmin vaxt Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri, hazırda prezidentin köməkçisi Kərəm Həsənovun qardaşı), Musa Qasımlı, Əsabil Qasımov, Fərəc Quliyev, Çingiz Qənizadə, Rasim Musabəyov, İqbal Məmmədov, Ayaz Orucov, Ceyhun Osmanlı, Rövşən Rzayev (2018-ci idən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir), Qalib Salahzadə (Allahşükür Paşazadənin qohumu), Hacı Salayev, Elxan Süleymanov və Ağalar Vəliyev.  

Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi.

Seçkidən sonra…

Noyabrın 7-də keçirilən parlament seçkiləri daha çox hakim partiya namizədlərinin televiziya çıxışları ilə yaddaşlarda iz buraxdı. Hələ də sosial şəbəkələrdə həmin çıxışların rolikləri xatırlanır və gülüş obyektinə çevrilir. Bu isə növbəti, 2015-ci il seçkilərinə az qalmış hakimiyyətin müvafiq qanunvericiliyin 80.1 maddəsinin işə salınmasına sövq etdi. Seçki Məcəlləsinin həmin maddəsində qeyd olunur ki, birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarına televiziya və radio yayımçısının kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır.

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Beləliklə, bundan sonrakı seçkilərdə MSK yalnız Yeni Azərbaycan Partiyasının 60-dan çox namizədini qeydə alır, “yeni azərbaycanlılar” isə “jest” edərək efir vaxtından imtina edirlər.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il seçkiləri ilə bağlı 66 şikayətçinin ərizəsini təmin edir.

Ana səhifəRedaktor seçimi2010-cu il seçkisi: Siyahıya salınmayan seçicilər, parlamentdəki yeni simalar…