close

ABŞ Yerevanla Bakı arasındakı dialoqda iştirakını prioritet sayır

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Ned Prays: “Vaşinqton konkret nəticə vəd edə bilməsə də…”

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasındakı dialoqlarda iştirakını davam etdirəcəyini deyir.

“Turan” İnformasiya Agentliyi yazır ki, bunu oktyabrın 11-də keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

Prays bildirib ki, Amerikanın Bakı-Yerevan münasibətlərinin yaxşılaşdırılması prosesində yüksək səviyyədə iştirakının davam etdiyini görmək mümkündür:

“Oktyabrın 10-da dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışıb. Bu məsələ üzrə baş müşavirimiz Fil Riker hər iki ölkənin məsul şəxsləri ilə hər gün əlaqə saxlayır. Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Vaşinqton konkret nəticə vəd edə bilməsə də, söz verə bilərəm ki, bu məsələ bizim üçün prioritet olaraq qalacaq”.

Oktyabrın 10-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla danışıb.

Rəsmi açıqlamalara görə, telefon danışıqlarında iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətindən bəhs edilib. Habelə Azərbaycan prezidenti ilə söhbətdə Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələr təqdir edilib.

Eyni zamanda, Avropa İttifaqı səfirləri Ermənistana missiya göndərmək barədə razılığa gəliblər.

Oktyabrın 6-da isə Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişelin dördtərəfli görüşü olub.

Yelisey sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır:

“Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Missiya oktyabrda başlayacaq, maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir”.

Artıq Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Ermənistana Azərbaycanla sərhəd boyunca yerləşdiriləcək mülki missiyanın göndərilməsi barədə razılığa gəliblər.

“Azadlıq” radiosunun erməni xidməti – “Azatutyun” diplomatik mənbələrə istinadən yazıb ki, bu barədə qərar oktyabrın 11-də Aİ-nin Mülki işlər və təhlükəsizlik komitəsinin qapalı iclasında qəbul edilib.

Sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib.

Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırıb.

Ermənistan Azərbaycan hərbi qulluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb. Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Ana səhifəSiyasətABŞ Yerevanla Bakı arasındakı dialoqda iştirakını prioritet sayır