close

Ağadadaş Ağayev xuliqanlıq ittihamını qəbul etmir: “Hər şey havada qalıb”

Ağadadaş Ağayev məhkəmədə. Foto: Meydan TV

Müğənni özünü təqsirli bilmədiyini deyib

Xalq artisti, müğənni Ağadadaş Ağayev özünü təqsirli bilmir və özü ilə bağlı cinayət işi üzrə istintaqdan narazıdır. O, noyabrın 28-də məhkəmədə ittihama münasibət bildirərkən barəsindəki cinayət işini “məntiqdən kənar” adlandırıb.

Ağadadaş Ağayevin işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılır. Noyabrın 28-də hakim məhkəmə istintaqının başladığını elan edib. Prokuror Babək Zakirzadə ittiham aktını elan edib.

İttiham aktında yazılıb ki, Ağadadaş Ağayev hadisə günü “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovu kobud formada çağırıb. Mühafizəçi çağırışına cavab vermədiyi üçün uca səslə onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra isə əsəbləşərək əlindəki baltanı ona tərəf atıb. Nəticədə balta hədəfdən yayınıb, hospitalda xadimə işləyən Nəzakət Paşayevanın ayağına dəyib.

Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Ağadadaş Ağayev ittihama münasibət bildirərkən özünü təqsirli bilmədiyini vurğulayıb:

“Mən bu işdən narazıyam. Bu iş məntiqdən kənardır. Hər şey havada qalıb. Dünyada bəlkə də belə şey olmayıb. Mən kömək istəmişəm, amma bunu guya söyüşlə istəmişəm. Bu, necə ola bilər?”

Daha sonra məhkəmədə dindirmələr mərhələsi başlayıb. Prokuror təklif edib ki, dindirmə əvvəlcə elə təqsirləndirilən şəxsin özündən başlasın, sonra zərərçəkmişlər və şahidlər ifadə versin.

Ağadadaş Ağayev hazırda özünü yaxşı hiss etmədiyini, bu səbəbdən ifadə verməyə hazır olmadığını deyib. Vəkili Asim Abbasov da müvəkkilinin durumunun nəzərə alınmasını istəyib.

Bu səbəbdən məhkəmə prosesi dekabrın 3-nə qədər təxirə salınıb

Ana səhifəXəbərlərAğadadaş Ağayev xuliqanlıq ittihamını qəbul etmir: “Hər şey havada qalıb”