İlir Metanın çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunduğu bildirilir
Albaniyanın paytaxtı Tiranada ölkənin keçmiş Prezidenti, Azadlıq Partiyasının qurucusu İlir Meta saxlanılıb.
Bu barədə “Reuters” agentliyi onun mətbuat katibi Tedi Bluşiyə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanları Metanın saxlanması ilə bağlı şərh verməyib.
Yerli mətbuat yazır ki, keçmiş Prezident çirkli pulların yuyulmasında, korrupsiyada və gəlirlərini gizlətməkdə ittiham olunur.
Metanın mətbuat katibi eks-prezidentin saxlanmasını “uyğunsuzluq” adlandırıb və onun “bütün vətənpərvər və vicdanlı albanlar tərəfindən qınanılacağını” bildirib.
O, yerli media tərəfindən yayılan kadrlara istinad edib. Həmin kadrlarda maskalı polislərin qara avtomobili saxlayıb Metanı sürüyərək oradan çıxardığı əks olunur.
Metanın müdafiəçisi bildirib ki, keçmiş Prezident ittihamları rədd edir.
İlir Meta 2017-2022-ci illərdə Albaniyanın Prezidenti olub.
Bundan əvvəl Baş nazir, parlamentin sədri və xarici işlər naziri vəzifələrində çalışıb.
2011-ci ildə Meta yüksək vəzifəli məmurların iştirakı ilə saxtakarlıq sxemini müzakirə etdiyi iddia edilən videonun mediada yayılmasından sonra korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib.
Sonradan ona qarşı irəli sürülən ittihamlar götürülüb.
Bu ilin sentyabrında müxalifətdə olan Albaniya Demokratik Partiyasının lideri, əvvəllər baş nazir vəzifəsində çalışmış Sali Berişaya qarşı korrupsiya ittihamı irəli sürülüb.
“Reuters” yazır ki, Demokratlar Partiyası hazırkı baş nazir Edi Ramanı siyasi təqibdə ittiham edir.
O, isə bunu rədd edir.