close

AŞNK Azərbaycanı “Media haqqında” Qanunu dəyişdirməyə çağırdı

Avropa Şurası Nazirlər Komitəsi. Mənbə: “Turan”


“Media haqqında” Qanun Avropa Şurasının standartlarına uyğunlaşdırılmalıdır”

Avropa Şurası Nazirlər Komitəsinin toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumunun növbəti müzakirəsi başa çatıb.

Üç gün (11-13 iyun) davam edən toplantıda Azərbaycanla bağlı 25-dən artıq qərarın icra durumu müzakirə edilib, qurumun yekun qətnamələri elan edilib.

Müzakirədə “Anar Məmmədli qrupu”nda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edildiyi bildirilib.

Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Xədicə İsmayılova qrupu” çərçivəsində AİHM-in X.İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın və “Abbasəliyeva Azərbaycana qarşı” qərarının icrasına nəzarət edilir.

Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır.

Bu qrup işinin icrası çərçivəsində Azərbaycan hökuməti jurnalistlərin effektiv qorunması mexanizmi yaratmalı, jurnalistlərə qarşı yol verilən cinayətlərin araşdırılmasını, ifadə və şəxsi həyata hörmət hüququ ilə bağlı məhkəmə təcrübəsinin inkişaf etdirilməsini təmin etməlidir.

Namazov qrupu” işi keçmiş vəkillər olan ərizəçilərin əleyhinə Konvensiyanın 6-cı, 8-ci və 10-cu maddələri pozulmaqla, peşələrindən məhrum edilmələrinə səbəb olan intizam araşdırması zamanı Konvensiyanın müxtəlif pozuntuları ilə bağlıdır.

Bu qrupda 3 qərarın icrasına nəzarət edilir.

“Aslan İsmayılov Azərbaycana qarşı” qərarı icra edilsə də, digər keçmiş vəkillər – Xalid Bağırov və Elçin Namazov peşələrinə bərpa edilməyiblər.

AŞ NK “Anar Məmmədli qrupu” işi ilə bağlı qətnaməsində ərizəçilərin məhkumluqlarının hələ də qüvvədə olmasından təəssüfləndiyini ifadə edib.

“Nazirlər Komitəsinin çoxsaylı və təcili çağırışlarına və onun sədrinin bu işlərlə bağlı Məhkəmənin qərarlarından irəli gələn öhdəliklərinə tam və səmərəli riayət etmək üçün hakimiyyət orqanlarını təcili həll yolları tapmağa çağıran məktubuna baxmayaraq, qalan ərizəçilərin məhkumluqlarının ləğv edilməsi üçün daxili məhkəmələr qarşısında çoxdan gözlənilən icraatın nəticələrinə dair hər hansı yeni məlumatın təqdim edilməməsindən dərin üzüntüsünü ifadə edir”, -qətnamədə vurğulanır.

Komitə ərizəçilərin işlərinə Ali Məhkəmədə baxılmasının yubanmasının anlaşılmaz olduğunu ifadə edərək, hökumətdən bu haqda məlumat verməyə çağırıb.

Xədicə İsmayılova qrupu” işi üzrə qətnamədə hazırda X.İsmayılovanın fəaliyyətini davam etdirə bilməməsinin səbəbləri ilə bağlı izahat istənilib.

Xanım İsmayılovanın jurnalist kimi fəaliyyətini maneəsiz davam etdirməsi imkanının təkcə mühüm fərdi tədbir deyil, həm də ümumi tədbirlərlə sıx bağlı olduğunu xatırladaraq, ərizəçinin jurnalist kimi fəaliyyətinin hazırda hüquqi çərçivə də daxil olmaqla bütün hallarda əngəllənməsi ilə bağlı rəsmiləri buna aydınlıq gərtirməyə dəvət edir”, – qətnamədə qeyd olunub.

Sənəddə “Media haqqında” Qanunla bağlı narahatlıq təkrar vurğulanıb:

“Hökumətin bu qanunla bağlı Komitənin narahatlığına cavab olaraq məlumat verməməsindən təəssüflənirik və “Media haqqında”Qanunun tətbiqinin Şuranın standartları ilə tam uyumlu hala gətirmək üçün bütün konkret tədbirlərin işlənib hazırlanması ilə bağlı əvvəlki çağırışları təkrarlayırıq”.

Nazirlər Komitəsi həmçinin Azərbaycan rəsmilərini ifadə azadlığı hüququnu başqalarının müdaxiləsindən qorunmasını təmin etmək üçün siyasi mesajlar verməyi, jurnalistlərin və digər media subyektlərinin təqiblərinə qarşı çıxışlar etməyi nəzərdən keçirməyə dəvət edib.

Qeyd olunub ki, bu qrupla bağlı bütün suallara aydınlıq gətirilməzsə, 2024-cü ilin martında aralıq qətnamə qəbul ediləcək.

Namazov qrupu” işi üzrə qətnamədə Ali Məhkəmənin Plenumunun ərizəçilərdən Aslan İsmayılov barəsində əvvəlki qərarları ləğv etməsini və onun Azərbaycan Vəkillər Kollegiyası (AVK) üzvlüyünün bərpa edilməsini alqışlanır. Həmçinin ən qısa zamanda digər ərizəçilər – X.Bağırov və E.Namazov barəsində də eyni addımların atılması istənilir.

Komitə bu işdə də növbəti toplantıya qədər irəliləyişlər olmazsa, aralıq qətnamənin qəbul ediləcəyini ifadə edib.

Nazirlər Komitəsi həmçinin, AİHM-in Azərbaycanla bağlı 12 qərarının icrasına nəzarətin qapadılmasına qərar verib.

Bu qərarların icrasına nəzarət qapadılıb: “Maniyev və başqa 5 ərizəçi Azərbaycana qarşı”, “Məhəmməd Bağırov Azərbaycana qarşı”, “Abdulla Mahmudov və başqa 5 ərizəçi Azərbaycana qarşı”, “Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı”, “Ağahüseyn Gözəlov Azərbaycana qarşı”, “Həsən Həsənli və başqa 6 ərizəçi Azərbaycana qarşı”, “Ramin Əhmədli və başqa 3 ərizəçi Azərbaycana qarşı”, “Zöhrə Hacıyeva Azərbaycana qarşı”,Nurlan Sarıyev və başqa 14 ərizəçi Azərbaycana qarşı”, “Səfərov Azərbaycana qarşı”, “Mehdiyev Azərbaycana qarşı”, “Hümeyir Əhmədov Azərbaycana qarşı”.

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Ana səhifəSiyasətAŞNK Azərbaycanı “Media haqqında” Qanunu dəyişdirməyə çağırdı