Səfir: “Gürcüstanın hazırkı hökuməti ilə heç bir yüksək səviyyəli görüş keçirməmək qərarına gəldik”
Avropa İttifaqına üzv ölkələr “Gürcü Arzusu”nun liderləri ilə görüşməmək qərarına gəliblər. Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisidə “Seçki kompası Gürcüstan 2024” təqdimatında iştirak edərkən mətbuat konfransında bildirib. Diplomat izah edib ki, qərar “Gürcü arzusu”nun anti-Qərb ritorikasına cavab olaraq 27 Avropa lideri tərəfindən qəbul edilib.
“Sizə deyə bilərəm ki, bu ilin iyun ayında biz üzv dövlətlərimizlə, Avropa İttifaqı ilə dost olmayan Gürcüstan hakimiyyətinə necə yanaşmalı, anti-Avropa və anti-Qərb mövqeyi ilə necə mübarizə aparmağı müzakirə etdik. Gürcüstanın hazırkı hökuməti ilə heç bir yüksək səviyyəli görüş keçirməmək qərarına gəldik. Ona görə də son aylarda nə Gürcüstandakı təmsilçilərimizlə, nə də Brüsseldə “Gürcü Arzusu”nun liderləri ilə belə görüşlər olub”, – Herçinski bildirib.
Diplomat vurğulayıb ki, Avropa İttifaqı gürcü xalqının demokratik yolla seçdiyi, Aİ-yə daxil olmağa hazır olan istənilən hökumətlə işləməyə hazırdır.
“Gürcüstan təkpartiyalı dövlətə çevrilərsə, Gürcüstan siyasi müxalifətin qadağan olunduğu ölkəyə çevrilərsə, vətəndaş cəmiyyətinin işləmək üçün xaricə getməli olduğu bir yerə çevrilərsə, əsas insan haqları, hətta azlıqların hüquqları da qorunmazsa, Gürcüstan nə bu gün, nə sabah, nə də o biri gün Avropa Birliyinə üzv ola biləcək”, – Pavel Herçinski bildirib.
O, Avropa İttifaqı tərəfindən Gürcüstan hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiqi mümkünlüyü ilə bağlı sualı da cavablandırıb. Herçinskinin sözlərinə görə, Aİ və ABŞ-in həmfikirdi: “Lakin bu məsələ Avropa Birliyi üzv ölkələrin yekdilliyini tələb edir. Bu, o deməkdir ki, 27 üzv dövlətin hamısı razılaşmalıdır”.
“Hazırda seçkilərlə bağlı faktiki olaraq hər şey pis gedərsə, gələcəkdə sanksiyaların tətbiqi ehtimalı var. Deməli, sanksiyalar masada olan variantlardan biridir. Lakin hələlik seçkilərlə bağlı hər hansı sanksiya nəzərdə tutulmur”, – deyə Pavel Herçinski bildirib.