“Aİ ilə Bakı arasında bağlanmış qaz tərəfdaşlığı dərhal dayandırılmalıdır”
Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu repressiyalara görə Avropa İttifaqından Azərbaycan qazından imtina etməyi tələb ediblər.
Onlar ölkədəki siyasi məhbus mövzusuna diqqət çəkərək Azərbaycanı iqtisadçı alim Qubad İbadoğlu və digər siyasi məhbuslara qarşı cinayət işinə xitam verməyə çağırıblar.
Sənəd müəllifləri COP29 ərəfəsində Aİ-ni və dövlət və hökumət başçılarını insan hüquqları məsələlərini birinci yerdə qoymağa çağırıblar.
“Biz bir daha bizim iqlim ambisiyalarımız və fundamental prinsiplərimizlə birbaşa ziddiyyət təşkil edən Aİ ilə Bakı arasında bağlanmış qaz tərəfdaşlığını dərhal dayandırmağa çağırırıq”, – deyə bəyanatda qeyd edilir.
Eyni zamanda, Avropa Parlamentinə oktyabrın 1-də keçiriləcək plenar iclasda Azərbaycanda dissidentlərə qarşı repressiyaları qəti şəkildə pisləmək məqsədi daşıyan Avropa Parlamentinin qətnaməsini qəbul etməyə çağırış yer alır.
“Biz Qubad İbadoğluna və Azərbaycanda demokratiya uğrunda apardıqları mübarizənin əvəzini azadlığı ilə ödəyən hər kəsə ədalət tələb edirik”, – deyə bəyanatda vurğulanır.
2022-ci ilin iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Prezident Əliyev Azərbaycandan qaz ixracını iki dəfədən çox artırmaq haqqında anlaşma memorandumu imzalayıblar.
İmzalanma mərasimindən sonra Ursula fon der Leyen Aİ-nin Azərbaycana investisiyalarını iri şəkildə artıracaq əhatəli ikitərəfli saziş üzrə danışıqlara toxunub.
O, özü səfəri ərzində vətəndaş cəmiyyəti təşkilatları ilə görüşmədən, “vətəndaş cəmiyyətinin, azad və müstəqil medianın daha çox cəlb olunmasının” investorların inamı üçün vacibliyini qeyd edib.
Daha sonra iyul ayında Aİ-nin baş diplomatı Cosep Borrell Azərbaycanda fəal vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılması üçün qəti irəliləyişin lazım olduğunu bildirib.