close

AXCP fəalı ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülmür

Foto: Sahib Məmmədzadənin şəxsi arxivindən

Bacısı deyir ki, qardaşı haqda hökm martın 7-də qüvvəyə minsə də, o hələ də Umbakı Penitensiar Müəssisəsində saxlanılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadə ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülmür.

Bu barədə onun bacısı Tacirə Məmmədzadə “Azadlıq” radiosuna danışıb.

Onun sözlərinə görə, qardaşı haqqında məhkəmə hökmündə ona verilmiş 3 il 6 aylıq cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğu yazılıb. Martın 7-də Apellyasiya məhkəməsinin qərarı çıxıb və hökm qüvvəyə minib. Amma buna baxmayaraq Sahib Məmmədzadəni indiyədək cəzaçəkmə müəssisəsinə köçürməyiblər. Qardaşı hələ də Umbakı Penitensiar Müəssisəsində saxlanılır:

“Gündə cəmi iki saat havaya çıxa bilir. Niyə? Onu ikinəfərlik kamerada saxlayırlar. Bir müddət əvvəl yanına təxribatçı salmışdılar. Onu təxribata çəkməyə çalışırdı. Sahib də başa düşmüşdü, ona baş qoşmurdu. Tərtəmiz adamı narkotiklə şərləyib ailəsindən ayırıblar, bununla ürəkləri soyumur”.

Bacısı bildirib ki, qardaşının hazırda saxlandığı şərait ümumi rejimli cəzaçəkmə müəssisəsinin şərtlərinə ziddir. Hökmdə göstərildiyi rejimdə saxlansa, bütün günü havada ola bilər.

Penitensiar Xidmət Tacirə Məmmədzadənin dediklərinə hələlik münasibət bildirməyib.

35 yaşlı Sahib Məmmədzadə ötən il martın 18-də tutulub və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Lakin Sahib Məmmədzadə ittihamı qəbul etmir, istintaqdakı ifadəsində də bildirib ki, cibindən tapıldığı iddia olunan narkotikin ona aidiyyəti yoxdur.

O, 3 il 6 ay azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətAXCP fəalı ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülmür