close

AXCP fəalı 30 sutka həbs olunub

Yenilənib

Faiq Nağıyev – Foto: Əli Kərimlinin Facebook səhifəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin 30 sutka həbs olunduğu bildirilir.

Bu barədə noyabrın 12-i, axşam saatlarında AXCP-dən məlumat verilib. Amma partiyadan həbsin təfərrüatlarının hələ bilinmədiyi qeyd edilib.

Hələlik, məsələni Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. 


Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevdən xəbər almaq mümkün deyil.

AXCP-dən onun polis tərəfindən saxlandığı ehtimal edilir.

Partiyanın sədri Əli Kərimlinin sözlərinə görə, Faiq Nağıyev onu bu gün öz maşını ilə Milli Şuranın iclasına aparacaqmış:

“Ancaq Faiq bəy gəlib çıxmadı. Dostlar araşdırdılar və məlum oldu ki, artıq bir neçə saatdır Faiq Nağıyevlə əlaqə saxlamaq mümkün deyil. Əvvəlki təcrübələri nəzərə alaraq Faiq bəyin də polis tərəfindən saxlanıldığını düşünürük”.

Daxili İşlər Nazirliyindən və digər rəsmi qurumlardan məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Bir neçə gün öncə, noyabrın 6-da AXCP fəalları Fərid Quliyev və Vəlişan Həsənovun yoxa çıması barədə məlumatlar yayılmışdı. Daha sonra Nizami rayon şöbəsinin sədr müavini Fərid Quliyevin 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi bəlli olub. Amma onun nədə günahlandırıldığı açıqlanmayıb.

AXCP Nərimanov rayon şöbəsinin noyabrın 6-dan haqqında hər hansı məlumat olmayan üzvü Vəlisan Həsənovun isə Daxili İşlər Nazirliyinin (DİN) Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlandığı bildirilir.

Bu barədə noyabrın 10-da AXCP-dən məlumat yayıblar. Partiyadan vurğulandığına görə, Vəlisan Həsənovun orada olduğunu polis etiraf edib:

“Yaxınlarının onun üçün apardıqlarından yalnız bir neçə şey qəbul olunub. Vəlişan Həsənovun neçə sutkalığa həbsə salındığı haqqında polis məlumat verməkdən imtina edib”. Onun konkret nədə günahlandırıldığı da açıqlanmır.

Partiya sədri öz postunda yazıb ki, mart ayından bu yana onu öz maşını ilə müxtəlif tədbirlərə aparan və ya müşayiət edən 11 nəfər AXCP fəalı həbs olunub. 

“Mənə yaxın şəxslərə qarşı repressiyaların yeni mərhələsi bu ilin mart ayından başlayıb. Bu ilin yazında 2 ay ərzində mənim ictimai əsaslarla mühafizəçilərim, AXCP üzvləri Kənan Basqal və Novruz Tağıyev və digər ictimai əsaslarla mühafizəçim Elnur Quliyevin qardaşı Rahil Quliyev qurama cinayət ittihamı ilə həbs ediliblər. Məni öz maşınları ilə müxtəlif tədbirlərə aparmış və ya müşayiət etmiş AXCP üzvləri Zaur Rzalı (həm də barəsində cinayət işi başlanılıb), Rəşad Əliyev, Asəm Əli, Elnur Quliyev, Rahil Quliyev (sonradan cinayət ittihamı ilə həbs olundu) və Kənan İsmayılov 30 sutka müddətinə inzibati qaydada həbs ediliblər”.

AXCP-nin 20-dən çox üzvü həbsdədir. Partiya rəhbərliyi bu həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Ana səhifəSiyasətAXCP fəalı 30 sutka həbs olunub