close

Azərbaycan AŞ NK-dan keçmiş NİDA-çıların adının siyahıdan çıxarılmasını istəyir

NİDA Vətəndaş Hərəkatı, Foto: NİDA Vətəndaş Hərəkatı

Vəkil hesab edir ki, Ali Məhkəmə şikayəti tam təmin etməyib

Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edərək “Novruzlu və Əzizov Azərbaycana qarşı” işinin siyahıdan çıxarılmasıni xahiş edib.

Bu barədə məlumatı Məmməd Əzizovun vəkili Fariz Namazlı yayıb. Vəkil işlərin siyahıdan çıxarılması ilə bağlı müraciət addımını doğru hesab etmir. Deyir, Ali Məhkəmənin Plenumu Məmməd Əzizov və Şahin Novruzlunun işi üzrə qərarı ona da göndərib.

“Bəli, məhkəmə sadəcə həmin şəxslərin təqsirinin sübuta yetirilməməsi əsası ilə onlara bəraət verib, lakin onlara kompensasiya təyin etməyib”.

Vəkil qeyd edir ki, həmin qərar şifahi məhkəmə iclasında elan edilib. Məmməd Əzizovun vəkili kimi ona məlumat verilməyib, halbuki o qərarın elan edilməsinə qədər iki dəfə Plenuma müraciət edib, işə nə zaman baxılacağı ilə maraqlanıb:

“Məhkəmə iclasın keçirilməsi barədə məlumat vermədən işə baxıb və Avropa Məhkəməsinin İlqar Məmmədov, Rəsul Cəfərov, R.Həsənov və digərlərinin işləri üzrə qərarların icrasından fərqli olaraq hazırki işdə kompensasiya təyin etməyib. Halbuki Məmməd Əzizov və Şahin Novruzlu kompensasiya ödənişi ilə bağlı Plenuma müraciət etmişdi”.

Nida Vətəndaş Hərəkatının keçmiş üzvləri, 2013-cü ildə “Molotov kokteyli” hazırlama və kütləvi iğtişaşlar planlaşdırma ittihamıyla həbs edilən Şahin Novruzlu və Məmməd Əzizova Ali Məhkəmə 9 il sonra bəraət verib.

Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin adları çəkilən fəallarla bağlı qərarı əsasında onların işinə baxıb.
Avropa Məhkəməsi 2021-ci ildə onlar haqqında qərarında belə nəticəyə gəlib ki, Şahin Novruzlu və Məmməd Əzizovun həbsi əsassız olub. Onlar siyasi motivlərlə cəzalandırılıb.

“Məhkəmə düşünür ki, Əzizov və Novruzluya cinayət təqibinin başlanılması, barələrində həbs tədbirinin seçilməsi, məhz əsgər ölümləri ilə əlaqədar hökumətə qarşı keçirilən nümayişlərdə fəal iştirak etdiklərinə görə NİDA üzvlərini cəzalandırmaq və susdurmaq məqsədi daşıyıb”, – Avropa Məhkəməsinin qərarı belə olub.

Avropa Məhkəməsi hər iki fəala münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozulduğunu təsdiqləyib. Məmməd Əzizova mənəvi ziyana görə 20 min avro, hüquqi xərclərə görə 1500 avro, Şahin Novruzluya mənəvi ziyana görə 20 min avro, hüquqi məsrəflərə görə 2 min avro kompensasiya ödənilməsinə qərar verib.

Məmməd Əzizov və Şahin Novruzlu 2013-cü ilin martında “Əsgər ölümlərinə son!” aksiyası öncəsi həbs ediliblər. Onlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin binasında işgəncələrə məruz qaldıqlarını bildirmişdilər. Şahin Novruzlu həbs olunarkən 16 yaşı tamam olmamışdı.

Onlarla yanaşı, o zaman NİDA-nın İdarə Heyətinin üzvü olan Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov və Üzeyir Məmmədli, İlkin Rüstəmzadə və Bəxtiyar Məmmədov da həbs olunmuşdu. 2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 6 ildən 8 ilə qədər həbs cəzası verilmişdi. Onlar sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa Məhkəməsi Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədliyə münasibətdə də eyni qərarı qəbul edib. Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında onların da işinə yenidən baxıb, ittiham hökmünü ləğv edib və bəraətverici əsaslarla cinayət işinə xitam verilib.

Ana səhifəSiyasətAzərbaycan AŞ NK-dan keçmiş NİDA-çıların adının siyahıdan çıxarılmasını istəyir