close

Bəxtiyar Hacıyev öz məhkəməsində iştirakdan imtina etdi

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

“Hakimlər müşavirə otağına gedir, prokuror da qaçır onların arxasınca…”

Bir il on aya yaxındır ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi sentyabrın 25-də davam etdirilib. Lakin ictimai fəal öz məhkəməsində iştirakdan imtina edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyev dövlət ittihamçısı Eldar Həmzəyə yazılı şəkildə etirazını məhkəməyə təqdim edib. O bildirib ki, prokurorun Cinayət-Prosessual Məcəllənin tələblərini pozur.

İctimai fəal etirazını əsaslandırarkən onu da əlavə edib ki, illərlə bir çox ictimai-siyasi fəalların qanunsuz həbsindəki fəaliyyətinə görə bu prokurorun adı ABŞ Konqresinə təqdim edilən, sanksiya tətbiq olunası məmurlar siyahısına daxil edilib.

Eldar Həmzə özü haqda etiraza münasibət bildrərkən deyib ki, erməni separatçıları ilə bağlı cinayət işində dövlət ittihamını müdafiə etdiyinə görə adı sözügedən siyahıya salınıb. O bildirib ki, Amerikada verilən qərarlar vacib deyil, əsas Azərbaycan qanunlarıdır. Ona görə də etirazın təmin olunmamasını xahiş edib.

Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası etirazı təmin etməyib.

Bundan sonra Bəxtiyar Hacıyev növbəti məhkəmə iclaslarında iştirak etmək istəmədiyini bildirib və bu barədə vəsatət verib. Deyib ki, onsuz da ədalətli, obyektiv məhkəmə prosesi getmir, heç bir vəsatəti təmin olunur, belə bir prosesdə iştirak etməyin mənası yoxdur:

Sifarişli məhkəmədir, özünüz gəlin, özünüz də nə qərar sifariş olunubsa, oxuyun getsin. Bu nə məhkəmədir ki, hakimlər müşavirə otağına gedir, prokuror da qaçır onların arxasınca o otağa…”.

Məhkəmə Bəxtiyar Hacıyevin prosesdə iştirakdan imtinasını qəbul etməyib. Lakin o bildirib ki, hətta gəlsə belə, yalnız kitab oxumaqla vaxtını keçirəcək.

Bundan sonra proses cinayət işinin materiallarındakı sənədlərin elanı ilə davam edib.

Məhkəmə prosesi oktyabrın 11-nə qədər təxirə salınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından həbsdədir. Öncə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloqer Ülviyyə Muradova (Alovlu) arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev öz məhkəməsində iştirakdan imtina etdi