close

Beynəlxalq Vətəndaş Cəmiyyəti Qubad İbadoğluna azadlıq tələb edir

Qubad İbadoğlu: Foto: Meydan TV

Onlar professorun dərhal və qeyd-şərtsiz azad edilməsini istəyirlər

Beynəlxalq Vətəndaş Cəmiyyəti nümayəndələri Azərbaycan hökumətini professor Qubad İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

Azərbaycanlı iqtisadçı professor Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib.

O və həyat yoldaşı saxlanılma zamanı döyüldüklərini, onlara qarşı kobud rəftar edildiyini bildiriblər.

Vətəndaş cəmiyyəti nümayəndələri Qubad İbadoğlunun qondarma ittihamlarla həbsdə saxlanıldığını bildirirlər.

“Biz beynəlxalq vətəndaş cəmiyyətinin üzvləri Qubad İbadoğlunun Azərbaycan hakimiyyəti tərəfindən haqsız yerə həbs edilməsini pisləyirik. Beynəlxalq ictimaiyyəti bu kobud insan haqları pozuntusuna görə Azərbaycan hökumətini məsuliyyətə cəlb etmək üçün təcili və qəti addımlar atmağa çağırırıq. Biz Azərbaycan hökumətindən İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”, – deyə onlar bəyanat yayaraq Azərbaycan hökumətinə çağırış ediblər.

Bəyanatda qeyd edilir ki, İbadoğlu iyulun 23-də Bakıda mütəşəkkil dəstənin tərkibində saxta pul hazırlamaq və satmaqda ittiham olunaraq həbs edilib.

İttiham səkkiz ildən on iki ilədək həbs cəzasını nəzərdə tutur.

Onların fikrincə, bu ittihamlar açıq-aşkar uydurmadır və ölkədə müxalifət xadimlərinə qarşı rəsmi icazə verilən zorakılıq və təqib nümunəsinə uyğundur:

“Ailəsinin bildirdiyinə görə, İbadoğlu və həyat yoldaşı İradə Bayramlı Bakıda avtomobillə gedərkən digər avtomobillərlə mühasirəyə alınıb, dövlət məmuru olduqlarını bildirən şəxslər tərəfindən zorla maşından çıxarılıb və vəhşicəsinə döyülüblər. İbadoğlu əvvəlcə siyasi məhbuslara qarşı pis rəftar və işgəncə tarixi ilə məşhur olan Bakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (MDCOC) aparılıb. Hücum nəticəsində Bayramlının üzərində qançırlar olub, İbadoğlunun xəsarətlərinin miqyası haqqında az şey məlumdur”.

Açıqlamada bildirilir ki, İbadoğlu hazırda Bakıdan kənar Kürdəxanı istintaq təcridxanasında saxlanılır.

İyulun 25-də ailə üzvləri ona tualet ləvazimatları, geyim və digər zəruri əşyaları çatdırmağa çalışıblar və təcridxanadan İbadoğlunun orada olmadığı bildirilib, lakin vəkili onun iyulun 24-ü axşam saatlarında təcridxanaya aparıldığını təsdiqləyib:

“İlkin məhkəmənin qərarı ilə İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq davam edir. Şəkərli diabet və yüksək qan təzyiqi səbəbindən onsuz da kövrək olan İbadoğlunun səhhəti dərhal risk altındadır, çünki onun sağlamlığı üçün vacib olan dərmanlarına müntəzəm çıxışı qadağan edilib”.

Bəyanatda daha sonra qeyd edilir ki, professorun oğlu Emin Bayramlı: “Vəziyyət ağırdır”, – deyib:

Hər keçən saat atamın vəziyyəti daha da pisləşir. O, şəkər xəstəliyinə görə infarkt və ya insult riski altındadır. Dərmanlarının heç birini qəbul etməyə icazə vermədilər. Mən hamını çağırıram – biz zamana qarşı mübarizə aparırıq. Azərbaycan hökumətinin onu öldürmək kimi ciddi niyyəti var”.

Sənəddə vurğulanır ki, Qubad İbadoğlu demokratiya, şəffaflıq və hesabatlılığın təşviqinə həsr olunmuş dünya şöhrətli akademik və iqtisadçıdır.

Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad üzrə fəlsəfə doktorudur.

O, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün beynəlxalq idarə heyətində vətəndaş cəmiyyəti nümayəndəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb:

O, Chapel Hilldəki Şimali Karolina Universitetində, Duke Universitetində, Prinstondakı Təkmil Araşdırmalar İnstitutunda, Nyu-Yorkda və Rutgers Universitetində qonaq təqaüdçü və professor olub. Avropa Araşdırmaları Mərkəzi və Siyasi Elmlər və İqtisadiyyat Departamentində dərslər verir. O, hazırda London İqtisadiyyat Məktəbində baş mütəxəssisdir. Biz Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik. Biz beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini öz əməllərinə görə məsuliyyətə cəlb etməyə və ölkədəki bütün vətəndaş cəmiyyəti nümayəndələrinin hüquq və ləyaqətini qorumaqla İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırırıq”.

Ana səhifəSiyasətBeynəlxalq Vətəndaş Cəmiyyəti Qubad İbadoğluna azadlıq tələb edir