close

“Buxarest doqquzluğu”: Ukraynaya son hücumlar insanlığa qarşı cinayətdir

Mənbə: “www.svoboda.org”

“Ukrayna şəhərlərinin kütləvi şəkildə atəşə tutulmasını pisləyirik”

“Buxarest doqquzluğu”( NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) və Şimali Makedoniya və Monteneqro prezidentləri Ukrayna şəhərlərinə Rusiya hərbi qüvvələri tərəfindən zərbələr endirilməsi ilə bağlı ortaq bəyanat yayıb.

“Biz, Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya və Slovakiya prezidentləri, Rusiya tərəfindən son vaxtlar Ukrayna şəhərlərinin kütləvi şəkildə atəşə tutulmasını pisləyirik. Bu, beynəlxalq hüquq normalarına uyğun olaraq, hərbi cinayət sayılır”, – bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər heç bir məhdudiyyət müddətinə tabe deyil və bütün dünyada məhkəmələrin yuridiksiyasına daxildir.

“Biz dövlətlərimiz adından Rusiyadan mülki hədəflərə hücumları dərhal dayandırmasını tələb edirik. Biz bugünkü cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün çalışacağıq. Rusiya nümayəndələrinin nüvə silahından istifadə ilə bağlı hər hansı təhdidini qəbuledilməz hesab edirik. Bu kontekstdə biz ölkələrimizi və müttəfiqlərimizi qorumaq öhdəliyimizi bir daha təsdiqləyirik”, – liderlərin birgə bəyanatında qeyd olunub.

2022-ci il oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və 12 vilayəti raket atəşinə tutub.

Hücum zamanı 70-ə yaxın obyektə ziyan dəyib, 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

19 nəfər ölüb, 105 nəfər yaralanıb.

Rusiyanın raket hücumları dünyada böyük etirazlara səbəb olub.

Bir çox dövlət başçısı və beynəlxalq qurumların rəhbərləri Kremlə qarşı təzyiqləri artıracaqlarını bildiriblər.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünya“Buxarest doqquzluğu”: Ukraynaya son hücumlar insanlığa qarşı cinayətdir