close

COP29 və məhbuslar: “Azərbaycan beynəlxalq çağırışlara cavab verməməklə səhv edir”

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

Deputat: “Azərbaycanda siyasi məhbus yoxdur, müraciət ciddiyə alınmayacaq”

Noyabrın 6-da “Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı COP29-da iştirak edəcək Avropa İttifaqı liderlərinə çağırış ediblər.

Bəyanatda Avropa İttifaqı liderlərindən Azərbaycanda siyasi motivlərlə həbs edilənlərin məsələsini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirəyə çıxarmaları və onların azadlığa buraxılmasını təmin etmələri qeyd olunur:

“Azərbaycan hökumətinin tənqid edənlərə qarşı hücumu son iki ildə ciddi şəkildə pisləşib. Avropa İttifaqı indi açıq şəkildə çıxış etmək və ölkədə vətəndaş cəmiyyəti, müstəqil media və insan hüquqları müdafiəçiləri üçün konkret təkmilləşdirmələrə nail olmaq üçün COP29-un nadir beynəlxalq diqqət mərkəzindən istifadə etməlidir”.

BMT-nin də çağırışına cavab yoxdur…

Buna qədər isə Avropa Şurası Parlament Assambleyası, həmçinin Avropa İttifaqı və digər qurumlar analoji çağırışla Azərbaycan hökumətinə müraciət ediblər.

Son olaraq isə BMT-nin ətraf mühitin müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Forstın (Michel Forst) Azərbaycan hakimiyyətini Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlini dərhal, qeyd-şərtsiz azad etməyə və ona qarşı bütün ittihamları ləğv etməyə çağırıb.

COP29. Foto: Reuters

Artıq beynəlxalq tədbirin keçirilməsinə günlər qalıb, lakin hökumət bu yöndə hər hansı addım atmır.

Müxtəlif yerli və xarici insan hüquqlarını müdafiə təşkilatları Azərbaycanda 300 nəfərin siyasi motivlərlə həbs edildiyini bildirsə də, hökumət təbliğatçıları siyasi məhbus olmadığını deyirlər.

Sual yaranır: İlham Əliyev COP29 öncəsi siyasi məhbuslarla bağlı beynəlxalq çağırışlara niyə əhəmiyyət vermir?

Hüquq müdafiəçisi Rüfət Səfərov Əliyevin beynəlxalq çağırışlara əhəmiyyət verməməsini ümumi və xüsusi səbəblərə bölür:

Foto: Rüfət Səfərovun şəxsi arxivindən
Foto: Rüfət Səfərovun şəxsi arxivindən

Ümumi səbəb odur ki, Əliyev idarəçiliyi çoxdandır avtoritarizmdən imtina edib totalitar sistemə keçid mərhələsindədir. Azərbaycanda YAP idarəçiliyi dövründə bu qədər siyasi məhbusu olmayıb, artıq 300 civarındadır. Xüsusu səbəb isə Əliyevin beynəlxalq ictimaiyyətlə hesablaşmaq niyyətində olmamasıdır. Beynəlxalq təzyiqlər, istər siyasi güc mərkəzlərindən, istər mötəbər hüquqi mexanizmlərdən, istərsə Avropanın insan hüquqları təşkilatlarından çağırışlar artdıqca hakimiyyət daha kəskin reaksiya verir və təcrid siyasəti aparır”.

“Zorakı sistemlərə xas xüsusiyyətdir”

COP29 BMT-nin iqlim dəyişikliyi konfransıdır, belə bir konfransın keçirildiyi ölkədə ekologiya məhbusu var. Nəinki siyasi, vicdan məhbusları barəsində yumşaldıcı addımlar atılır, əksinə, ekologiyanın çirklənməsinə etiraz edənlər də həbs olunur. Bu yalnız Azərbaycandakı hakimiyyətin təbiətindən irəli gəlmir, həm də nəzəri və praktiki baxımdan bütün zorakı sistemlərə xas xüsusiyyətdir, onların qarşısında tələblə danışanda təcrid və sərt dillə cavab verirlər. Hazırkı hakimiyyət də həmin zorakı sistemlərdən biridir”, – deyə Səfərov əlavə edib.

“Hakimiyyət ABŞ və Avropadan sanksiyaların bir addımlığına gəlib çatıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hakimiyyətin bu siyasətini “səhv yanaşma” kimi qiymətləndirib.

Kərimli deyir ki, COP29 sammiti ilə bağlı dünyanın bütün böyük təşkilatlarının hamısı Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırış edib:

Avropa Parlamenti, Avropa Şurası, ABŞ konqresmenləri, BMT və ATƏT-in müvafiq şəxsləri, qurumları, bütün hüquq müdafiə təşkilatları, ən nüfuzlu media orqanları da bu barədə yazaraq Azərbaycandakı repressiyaları gündəmə gətirib, hakimiyyətdən onlara azadlıq tələb edib. Hakimiyyətin bu çağırışları nəzərə alacağı ağlabatan idi ki, COP29-un de-fakto boykot olunmaması üçün tədbirdən öncə siyasi məhbusları azad etsin. Onsuz da indiki səviyyədə sərt repressiyalarla irəli getmək mümkün deyil. Bütün dünya artıq iqtidarın sərt repressiyalarına etiraz edir, demək olar ki, hakimiyyət ABŞ və Avropadan sanksiyaların bir addımlığına gəlib çatıb”.

Əli Kərimli
Foto: Meydan TV

Hakimiyyət onsuz da bu repressiya kursundan imtina etməlidir, bunu bir an öncə edib beynəlxalq sammitin hörmətli şəkildə keçməsinə nail olmaq mümkün idi. Amma hakimiyyət bizə məlum olmayan qəribə bir tərsliklə bütün beynəlxalq ictimaiyyətə qarşı dirəniş göstərib repressiya kursundan imtina etmir. Nəticə etibarı ilə həm özünün dünyada ifşa olunmasına şərait yaradır, həm də COP29-un səssiz olaraq xüsusi, gurultulu bəyanatlar verilmədən boykot edilməsinə zəmin yaradır”, – deyə o qeyd edib.

Əli Kərimlinin sözlərinə görə, hökumətin sammitin Bakıda keçirilməsi ilə bağlı çox böyük gözləntiləri olub:

Hətta bildiyim qədər hakimiyyət tədbirə ev sahibliyini almaq üçün Ermənistana da müəyyən güzəştlərə gedib, bunun üçün 32 erməni əsiri azad etdi. Hakimiyyət düşünürdü ki, bu, piar üçün çox ciddi rıçaq olacaq və COP29-a ev sahibliyi etməklə Azərbaycan dünyaya korlanmış imicini yuya biləcək. Ancaq tam əks mənzərə yarandığından hakimiyyətin yanaşmasında heç bir praqmatizm yoxdur və ağıllı yanaşma deyil. Hakimiyyət COP29 vasitəsilə özünün repressiv mahiyyətini daha da dünyanın diqqətinə çatdırdı və gözlədiyi dividentləri də sammitdən əldə edə bilməyəcək. Yalnız ona görə ki xalqa doğru addım atıb siyasi məhbusları azad etmək istəmədi və bir daha sübut etdi ki, onun üçün dövlətin, millətin maraqlarından daha önəmli öz mənafeyidir. İstəyir ki, “Tək adam” hakimiyyəti sarsılmasın”.

“Görünür, hakimiyyət güman edir ki, siyasi məhbusların beynəlxalq təzyiqlərin nəticəsində azad etməsi başqa hüquqların da tələb olunmasına zəmin yaradar. Bununla da ölkənin tədricən də olsa, demokratikləşməsinə doğru getməsinə şərait yaradar ki, bu da “Tək adam” hakimiyyətini sarsıdar. O, “Tək adam” hakimiyyətinin sarsılmaması, zor gücünə davam gətirməsi üçün beynəlxalq təzyiqlərə rəğmən siyasi məhbusları azad etməyib özlərini həddən artıq pis vəziyyətə salırlar”, – AXCP sədri belə deyib.

“Azərbaycan hüquqi dövlət olduğu üçün hansısa qanunları pozanlar cəzalandırılır”

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Hikmət Babaoğlu Meydan TV-yə deyib ki, COP29 sammitinin keçirilməsinin səbəbləri aydındır:

Bu, dünyanın ən qlobal problemi olan iqlim dəyişikliyi ilə bağlı Parisdə imzalanmış sazişin tərəflərdarlarının konfransıdır. Onlar iqlim dəyişikliyinin yaratdığı məsələləri müzakirə edəcəklər”.

Foto: Hikmət Babaoğlunun şəxsi arxivindən

Babaoğlunun fikrincə, “Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq təşkilat aidiyyəti olmayan məsələlərlə bağlı dünya liderlərinə müraciət edib:

“Ona görə də onların müraciətləri qeyri-ciddi görünür və heç bir ölkə lideri bunları ciddiyə almır. İkincisi, Azərbaycanda siyasi məhbus yoxdur, hüquqi dövlət olduğundan hansısa qanunları pozanlar cəzalandırılır. Demokratik cəmiyyətin, hüquqi dövlətin əsas vəzifəsi qanunun aliliyini qorumaqdır ki, azadlıqlar təmin olunsun. Bu mənada “Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatının çağırışı nə Azərbaycan, nə də COP29-a qatılan liderlər tərəfindən ciddiyə alınacaq”.

 BMT-nin İqlim Dəyişikliyi Konfransı Bakıda noyabrın 11-də başlayacaq və noyabrın 22-dək davam edəcək.

Ana səhifəCOP29COP29 və məhbuslar: “Azərbaycan beynəlxalq çağırışlara cavab verməməklə səhv edir”