İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham olunur
Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan tədqiqatçı İqbal Əbilov haqqında həbs qərarı çıxarılıb. İyulun 24-də Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Özü də milliyyətcə talış olan İqbal Əbilovə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir. O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Azərbaycan vətəndaşı olan İqbal Əbilov uzun illərdir Belarusda yaşayır. Yaxınlarının bildirdiyinə görə, o, iyunda Azərbaycana qohumlarından birinin toyuna görə gəlib:
“İyunun 27-də qayıdanda hava limanında onu buraxmayıblar. Üstəlik, pasportunu və telefonunu da əlindən alıblar. İyulun 22-də onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Masallı şöbəsinə çağırıblar, deyiblər ki, pasportu və telefonu qaytaracaqlar. Bundan sonra ondan xəbər çıxmayıb”.
Yaxınları deyir ki, onun Bakıya – DTX-ya gətirilməsi barədə ailə üzvlərinə məlumat verməyiblər. Onun yerini, niyə saxlandığını öyrənmək üçün Ombudsman Aparatına müraciət ediblər. Bu yolla İqbal Əbilovun dövlətə xəyanət və mili zəmində ədavət salmağa yönəlik hərəkətlər ittihamı ilə saxlandığını öyrəniblər.
İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.