close

Əliyevin təyyarəsi Sankt-Peterburq üzərindən geri qayıdıb?

Azərbaycan – Rusiya münasibətləri – nə baş verir?

Azərbaycanlıların Rusiyadan deportasiyası, ardıcıl həbslər, bəyanatlar, qarşılıqlı nota və qeyri-müəyyənlik. Rusiya – Azərbaycan münasibətlərində nələr baş verir? 

25 dekabrda Qroznı səmasında AZAL təyyarəsinin vurulmasından sonra Azərbaycan – Rusiya münasibətlərinin diminuendo mərhələsinə keçdiyini demək olar. Həmin proseslər zamanı Turan İnformasiya Agentliyinin yaydığı bir xəbər isə sonradan müzakirələrdən heç olmamış kimi “qeybə çəkildi”. Xəbərdə iddia edilirdi ki, məhz həmin gün səmada olan prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” də xarici texniki müdaxiləyə məruz qalıb. Prezident təyyarəsi Sankt-Peterburqa uçuş həyata keçirirdi, Əliyev digər təyyarənin qəzaya uğradığı xəbərini alan kimi Bakıya dönüş tapşırığı verdi və Rusiya ilə münasibətlər gərginləşmə, eniş mərhələsinə qədəm qoydu.

İlham Əliyev 9 mayda Moskvada keçirilən Qələbə paradına qatılmadı. Hakimiyyət mediası bunun səbəblərini belə sıralayırdı: 

– Təyyarənin vurulmasından 5 ay keçib, Rusiya tərəfi işi araşdırmır, günahkarlar cəzalandırılmayıb. 

– Azərbaycanın bir sıra media resurslarına Rusiyadan kiberhücumlar edilib, Moskva bu məsələyə də aydınlıq gətirməyib. 

– Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib.

Bundan sonra da tərəflərin problemləri həll etmədiyi aşkardı, çünki Rusiya – Azərbaycan münasibətləri post-sovet dövrünün ən gərgin fazalarının birindən keçir. İyunun 27-də Rusiyada, Yekaterinburqda hüquq-mühafizə orqanları birgə əməliyyat keçirdi və nəticədə iki azərbaycanlı öldürüldü, ikisi yaralandı. Azərbaycanın Baş Prokurorluğu məlumat yaydı ki, Rusiyada azı 14 nəfər saxlanıb və onlardan 12-i Azərbaycan vətəndaşıdır.

İyunun 30-da isə Bakının cavab tədbiri kimi şərh edilən proseslər başladı. Öncə Bakıda Rusiya hakimiyyətinə bağlı Sputnikə qarşı əməliyyat keçirildi, iki rusiyalı jurnalist saxlanıldı, bir gün sonra azı 8 Rusiya vətəndaşı İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinərək məhkəməyə çıxarıldı.

Rusiyada azərbaycanlı iş adamlarının saxlandığı barədə xəbərlər yayıldı. Hətta iyunun 26-da Rusiya Federal Məhkəmə İcraçıları Xidməti “Crocus Group”un prezidenti Araz Ağalarova qarşı məhkəmə icraatına başladı. Yekaterinburqda diaspora rəhbərinin avtomobilinə hücum edildi, o da saxlanıldı, daha sonra sərbəst buraxıldı. 

Tərəflər 1 iyulda bir-birlərinə qarşılıqlı nota verdilər, Azərbaycan XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırdı. 

Bəs bütün bunların arxasında hansı səbəb dayanır? Bir çox ekspertlər iddia edirlər ki, Rusiyanın Azərbaycana qəzəbi “Zəngəzur dəhlizi” mövzusunda sıxışdırılması ilə bağlıdı. “Karneqi Rusiya Avrasiya Mərkəzi” məlumat yayıb ki, Tramp administrasiyası Ermənistan və Azərbaycan arasında nəqliyyat yollarının açılması ilə bağlı Yerevan və Bakıya təklif irəli sürüb.

Mərkəzin analitiki Olesya Vartanyan yazır ki, təklif 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra tətbiq edilən Aİ planına bənzəyir. Həmin plana əsasən, mübahisəli bölgələrdən keçən yolları İsveçrə şirkəti idarə etməli, logistik məlumatları isə bütün maraqlı tərəflərə ötürməli idi. Ermənistan XİN rəsmisi təklifin olmasını inkar etməyib, Azərbaycan tərəfi isə məsələyə reaksiya verməyib. 

İddialardan biri budur ki, dəhlizə nəzarət ABŞ şirkətinə veriə, bununla da Rusiya bu prosesdən tamamilə kənarlaşdırıla bilər. Bununsa Moskvada narazılıqla qarşılandığı deyilir. Müxtəlif siyasi şərhçilər Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsinin də Rusiyada narahatlıq yaratdığını iddia edirlər. Bəzi ekspertlər deyirlər ki, Rusiya Ermənistanın da ondan uzaqlaşmasını həzm edə bilmir, ona görə kilsə vasitəsilə Paşinyanı devirməyə çalışıb. Bu gün Rusiya ilə bağlı müzakirələr zamanı Ermənistan parlamentində də qarşıdurmalar yaşandığı bildirilir. 

Nikol Paşinyan və İlham Əliyevin iyulun sonlarında Dubayda görüşməsi planlaşdırılır. “Middle East Eye” nəşrinin yazdığına görə, bu görüş iki ölkə arasında sülh razılaşması ilə bağlı danışıqların davamı kimi nəzərdə tutulur. Nəşr yazır ki, Türkiyə də sülh sazişi imzalaması üçün Azərbaycana səssiz təzyiq göstərir. 

Digər diqqətçəkən məqam odur ki, Azərbaycanda rusdilli məktəblərin belə bağlanması məsələsi gündəmə gəlib. Təhsil nazirliyinin nə inkar nə təsdiq etdiyi xəbərdə deyilir ki, Azərbaycan bu prosesi mərhələli şəkildə həyata keçirəcək. Putin – Əliyev görüşlərinin az qala hər birində Azərbaycan-Rusiya münasibətlərinin dostluq ölçüsü kimi bu məktəblər göstərilirdi. 

Rusiyanın azərbaycan əsilli, ümumiyyətlə ölkədəki bütün miqrantları zorla Ukrayna müharibəsinə aparmağa çalışdığı da gərginliyin səbəb iddialarından biridir. Saxlanılan bəzi azərbaycanlılar sonradan açıqlama veriblər ki, onları döyüb, cəbhəyə getmək üçün sənədə imza atmalarını tələb ediblər.  

Rusiya ilə gərginlik bu ssenari üzrə davam etsə, Azərbaycan iqtisadi cəhətdən də təhdid oluna bilər. Rusiya təzyiq kimi azərbaycanlı miqrantları deportasiya edə bilər ki, bu da onsuz da ağır olan işsizlik problemini dərinləşdirə bilər. Elə bu gün xəbər yayıldı ki, Rusiyanın Sankt-Peterburq şəhərində azyaşlıların davasından sonra iki azərbaycanlı ailə deportasiya olunub. 

Digər ssenari isə tərəflərin tezliklə dil tapması ehtimalıdır ki, ekspertlər bunu yaxın günlər üçün təxmin etmirlər. 

Ana səhifəTövsiyəƏliyevin təyyarəsi Sankt-Peterburq üzərindən geri qayıdıb?