close

Ermənistan Bakının Haaqa Məhkəməsinin qərarı ilə bağlı bəyanatını “manipulyasiya” adlandırıb

Azərbaycan-Ermənistan, Foto: By danielo/Shutterstock

Azərbaycan və Ermənistandan yenə qarşılıqlı ittiham

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) aprelin 26-da məlumat yayaraq bildirib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Bakı Hərbi Məhkəməsində mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftarla bağlı Ermənistanın bir sıra tələblərini rədd edib.

“Məhkəmə Azərbaycan tərəfinin mövqeyini və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə təqdim edilmiş sübutları nəzərdən keçirərək, əlavə məlumat tələb etməmək, adıçəkilən şəxslərin saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspertiza qiymətləndirməsi aparmamaq barədə qərar qəbul edib”, – Azərbaycan XİN-nin məlumatında deyilir.


Nazirlik bildirib ki, bütün erməni əsilli şəxslərə beynəlxalq standartlara uyğun davranılır, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycan Ombudsman Aparatının nümayəndələrinə dəfələrlə onlara baş çəkməyə icazə verilib:


“Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir. Bu qərar, Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir”.


Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin İdarəsi Bakının Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə bağlı bəyanatını “manipulyasiya” adlandırıb.

“Azərbaycan Xarici İşlər Nazirliyi məhkəmə prosesləri zamanı qəbul edilən prosessual qərarları manipulyasiya etməkdə davam edir. Ermənistan Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və məhbusların hüquqlarının pozulması, o cümlədən onların prosessual hüquqlarının pozulması barədə beynəlxalq məhkəmələrə mütəmadi məlumat verir”, – deyə məlumatda bildirilir.


Qeyd olunur ki, erməni tərəfi sonuncu dəfə aprelin 18-də Beynəlxalq Məhkəməyə məlumat verib və əlavə müvəqqəti tədbirlərin tətbiq edilməsini istəyib.


Məhkəmə də öz növbəsində erməni tərəfinin tələbi ilə Bakıdan ətraflı məlumat verməsini tələb edib.


“Bakı bu tələbi yerinə yetirib, nəticədə məhkəmə prosesin hazırkı mərhələsində əlavə tədbirlərə ehtiyac olmadığı barədə qərar qəbul edib”, – məlumatda deyilib.


Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin İdarəsi həmçinin qeyd edib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) məhkəmə prosesləri çərçivəsində üzərinə götürdüyü və indi yerinə yetirməli olduğu öhdəliklər barədə susur.


Bakı həmçinin Yerevanın təqdim etdiyi arqumentləri nəzərə alaraq AİHM tərəfindən rədd edilən müvəqqəti tədbirlərin tətbiqi tələblərini qeyd etmir.


Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın Azərbaycana qarşı dörd işi gedir. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə keçmiş nümayəndəsi Yeqişe Kirakosyan AİHM-də “Ermənistan Azərbaycana qarşı” əsas iddiası üzrə dinləmələrin bu il başlaya biləcəyini, bundan sonra məhkəmənin birbaşa işə baxılacağını istisna etməyib.


Yerevanın şikayəti nədir?


Bakıda həbsdə olan Qarabağ separatçıları, tanınmamış Dağlıq Qarabağ Respublikasının “prezident”i olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin mühakiməsi davam edir.


Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həlak olanların hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkünlərdir.


Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da məhkəməyə zərərçəkmiş qismində qatılır.


Mühakimə olunan 15 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib.


Bu maddələrlə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.


Separatçı qurumun “dövlət naziri” olmuş milyarder Ruben Vardanyansa tək mühakimə olunur.


2025-ci il fevralın 28-də Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Bakıda erməni hərbi əsirlərə, girovlara və digər saxlanılan şəxslərə qarşı qadağan olunmuş üsullardan istifadə barədə məlumatlar almağa davam edirlər.

Bəyanatda vurğulanıb ki, Azərbaycan mediasında məhkəmə prosesindən video, fotoların dərci, həmçinin məhkumların fiziki, psixoloji təzyiq, işgəncəyə məruz qalması, onların sağlamlığının kəskin pisləşməsi barədə vəkillərinin yaydıqları məlumatlar “dərin narahatlıq” doğurur.


Məhkəmə proseslərini “səhnələşdirilmiş” adlandıran Yerevanın açıqlamasına görə, “Azərbaycan hakimiyyəti bu tamaşadan Ermənistana siyasi təzyiq və ictimai rəyin manipulyasiyası vasitəsi kimi istifadə edir”.


Rəsmi Bakı isə deyilənləri təkzib edib.
2025-ci martın 13-də isə Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin hərbi əsir kimi tanınması və dərhal azad edilməsi ilə bağlı qətnamə qəbul edib.


Avropa Parlamenti vurğulayıb ki, bu insanlar mərhələli məhkəmələrə məruz qalır və ömürlük həbs də daxil olmaqla ağır cəzalarla üzləşirlər:


“Məhkəmə icraatı zamanı onlar qeyri-insani rəftara, qadağan olunmuş psixoaktiv maddələrdən istifadəyə məruz qalırlar. Onların müstəqil vəkil, tərcüməçi seçmək, apelyasiya şikayəti vermək, qohumları ilə görüşmək, səhhətlərinə görə məhkəmə iclaslarının təxirə salınması kimi hüquqları davamlı olaraq pozulur”.


Avropa Parlamenti Azərbaycan hakimiyyətini erməni məhbusların hüquqlarına, o cümlədən tibbi xidmətdən istifadə imkanlarına riayət olunmasını təmin etməyə və onların saxlanma şəraitinin müstəqil araşdırılmasına icazə verməyə çağırıb.

2025-ci il martın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Bakı və Yerevan uzun illərdir işdə olan sülh sazişinin mətnini razılaşdıra biliblər.


Ermənistan hakimiyyəti də bildirib ki, müqavilənin imzalanma vaxtı və yeri ilə bağlı Bakı ilə məsləhətləşmələrə başlamağa hazırdır.


Azərbaycan tərəfi Ermənistandan ölkə Konstitusiyasına dəyişiklik də daxil olmaqla müəyyən şərtləri yerinə yetirməyə başlamağı tələb edir.


Prezident İlham Əliyev 2025-ci il aprelin 2-də bildirib ki, Bakı sülh müqaviləsinin imzalanması ilə bağlı Yerevana heç bir əlavə tələb irəli sürməyib. Eyni zamanda, Azərbaycan hakimiyyəti hələ də sənəd razılaşdırılmamışdan əvvəl elan edilmiş şərtlərin yerinə yetirilməsini gözləyir.


Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycanın Konstutusiya ilə bağlı narahatlığının həlli yolunu sülh müqaviləsini imzalamaqda gördüyünü deyib.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.


2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.


Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.


2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.


O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.


Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.


Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər. Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını deyib.

Ana səhifəXəbərlərErmənistan Bakının Haaqa Məhkəməsinin qərarı ilə bağlı bəyanatını “manipulyasiya” adlandırıb