close

Əsgərin ölümünə görə komandir və tibbi xidmət rəisi azadlıqdan məhrum edilib

Foto: Meydan TV

Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib

2024-cü il iyunun 9-da itkin düşmüş, 2 gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibbi xidmət rəisi azadlıqdan məhrum ediliblər. Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə əsgərin ölümündə ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevə hökm oxunub.

Hökmə əsasən, Samir Həziyev 4 il, Aydın Quliyev isə 3 il azadlıqdan məhrum edilib. Aydın Quliyev məhkəmə zalında həbs edilib.

Hökmdən əvvəl vəkillər Orxan Zeynalov və Kəramət Əliyev müdafiə çıxışlarında, müttəhimlər son sözlərində bəraət istəyiblər.

İstintaq materiallarına əsasən, tibbi ekspertlərin rəyində Ceyhun Hüseynovun özünü xidməti silahı ilə öldürdüyü yazılıb.

Bununla bağlı yekun rəy də məhkəməyə təqdim edilib. Tibbi sənəddə qeyd olunub ki, əsgər səhər saat 05:30 radələrində baş nahiyəsinə avtomat silahla atəş açıb, aldığı xəsarətlərdən həyatını itirib.

Mühakimə edilən komandir, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev məhkəmədə özlərini təqsirli bilməyiblər. Komandir əsgərin özünü öldürməsinə də şübhə ilə yanaşıb, onun düşmən tərəfindən vurula biləcəyini deyib.

Onlara verilmiş ittihamda bildirilib ki, hadisə baş verməzdən əvvəlki günlərdə əsgərin psixoloji vəziyyəti normal olmayıb. Əvvəlki həkim rəyləri də bunu təsdiq edib. Lakin komandir yenə də onu düşmən mövqeyinə posta göndərib, tibb xidməti rəisi də Ceyhunun psixi vəziyyəti ilə bağlı hər hansı məruzə etməyib. Bu hərəkətləri ilə onlar vəzifə səlahiyyətlərini aşıblar.

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu 2024-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

İyunun 1-də Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib. Onun qətlə yetirilməsi ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

1999-cu il təvəllüdlü Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.

Ana səhifəSosialƏsgərin ölümünə görə komandir və tibbi xidmət rəisi azadlıqdan məhrum edilib