close

Famil Xəlilov: “Üzündəki tər xəcalət təridir, əlil adamı şərləməyin xəcalətidir…”

Famil Xəlilov. Foto: şəxsi səhifəsi

Məhkəmə fəalı ev dustaqlığına buraxmayıb

Həbsdə olan ictimai fəallardan I qrup əlil, hər iki qolu iflic olan Famil Xəlilovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Noyabrın 28-də məhkəmədə vəkilləri Fəxrəddin Mehdiyev və Fariz Namazlı onun ev dustaqlığına buraxılması barədə yenidən vəsatət qaldırıblar.

Vəkillər bildirib ki, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılan Famil Xəlilovun vəziyyəti dözülməzdir. Sağlamlığı bu durumda olan insana qarşı bu münasibət işgəncədir.

“Mən potensial olaraq, bu hakimiyyətə heç bir şey eləyə bilmərəm. Əgər həbsdən buraxılsam, ailəmin yanında olaram. Ailəm mənim qayğıma qalar. Hakimiyyət məni təhlükə görürsə, deməli, problem özlərindədir”, – Famil Xəlilov ev dustaqlığına buraxılması barədə vəsatətə münasibət bildirərkən deyib.

Azər Tağıyev, Elnur Nuriyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası ev dustaqlığıyla bağlı vəsatəti təmin etməyib.

Bundan əvvəlki məhkəmə iclaslarında da vəkillər iki dəfə Famil Xəlilovun ev dustaqlığına buraxılması üçün iki dəfə vəsatət vermiş, heç biri təmin olunmamışdı.

Daha sonra məhkəmə prosesində bu iş üzrə şahid qismində tanınan polislər dindirilib. Bunlar Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları Ağaməmməd Vəzirov və Vüsal Bayramov idi.

Hər ikisi ifadələrində iddia edib ki, Famil Xəlilovun qanunsuz dövriyyəsilə məşğul olması haqda əməliyyat məlumatı daxil olmuşdu. Bu məlumat əsasında əməliyyat keçirib, Famil Xəlilovu Sulutəpə qəsəbəsində, Ruslan Allahverdiyev küçəsində saxlayıb, 40-cı polis bölməsinə gətiriblər. Orada hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçiriblər. Şortikinin sağ cibindən narkotik çıxıb. Polislərin iddiasına görə, narkotiki əlləri iflic olan Famil Xəlilovun özü cibindən çıxarıb stolun üstünə qoyub.

Famil Xəlilov isə bildirib ki, polislərin hər ikisi yalan danışır. Deyib ki, onu evdən – hamamda yuyunduğu vaxt gəlib, götürüb aparıblar. Evdən telefon və iki kömpüter də götürüblər.

Onun sözlərinə görə, məhkəmədə dindirilən polislərdən Vüsal Bayramovu ümumiyyətlə, tanımır. Onu ilk dəfə məhkəmədə görür. Ağaməmməd Vəzirov isə onu evdən tutub apardıqları gün maşın sürürdü.

“Üzündəki tər ki var, xəcalət təridir. Əlil adamı şərləməyin xəcalətidir…”, – Famil Xəlilov əməliyyatçı Ağaməmməd Vəzirova deyib.

O əlavə edib ki, heç vaxt təkbaşına evdən çıxmırdı. Çünki onun hər iki qolu iflic olduğuna və əsdiyinə görə təkbaşına müvazinətini saxlaya bilmir, yıxılırdı. Bu səbəbdən ailəsi onu tək buraxmırdı:

“Niyə yalan danışırsınız? Mənim şortikimin cibi yox idi. Oradan narkotiki necə çıxara bilərdim? Mənim əlim işləyir ki, oradan narkotik çıxarım?”

Famil Xəlilovun işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

İttihama əsasən, 1990-cı il təvəllüdlü Famil Xəlilov mayın 2-də Abdullayev küçəsində gedəndə Binəqədi polisinin əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb. Onu bölməyə gətirib, üstünə baxış keçirəndə şortikinin cibindən 13, 736 qram metamfetamin çıxıb.

Famil Xəlilov isə bildirib ki, ittihamda yazılanların hamısı başdan-ayağa yalandır: “Mən təqsirləndirilən şəxs deyiləm, şərlənən şəxsəm”.

İctimai fəal əlavə edib ki, həbsinin səbəbi ölkədəki ədalətsizliklər, hakimiyyətin özbaşınalıqları barədə sosial şəbəkələrdəki çıxışları, yazılarıdır. Buna görə onu narkotiklə şərləyiblər.

“Həmin yazıları kompüterdə ayaq barmaqlarımla yazırdım. Yəni məni ayaq barmaqlarımla yazdığım yazılara görə şərləyib bura salıblar”, – Famil Xəlilov bildirib.

İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, 2023-cü ilin yayında Azərbaycana deportasiya edilən və bu il mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətFamil Xəlilov: “Üzündəki tər xəcalət təridir, əlil adamı şərləməyin xəcalətidir…”