Faktla bağlı cinayət işi açılıb
Müəyyən xəstəliklər var ki, ondan əziyyət çəkən uşaqların məktəbə getmədən – evdə fərdi təhsil almaq hüququ var. Sumqayıtda fəaliyyət göstərən “Evdə” fərdi təhsil məktəbində 250 min manatdan çox yeyinti olduğu iddia edilir. Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.
Məlumatda iddia olunur ki, 2018-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər bu məktəbdə faktiki heç bir iş görməyən müəllimlərin dərslər keçməsi barədə yalan məlumatlarla sənədlər hazırlanıb.
“Əsassız olaraq, əməkhaqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pulun mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib”, – prokurorluğun məlumatında deyilir.
Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.