close

Gədəbəy sakini: “Övladımı öldürmək istəyirlərsə, açıq desinlər, mən də bilim…”

Foto: Meydan TV

Faiq Məmmədov: “Kasıb olanda adamın başına belə oyun açarlar?”

Gədəbəy rayonunun Qasımlı kənd sakini Faiq Məmmədov deyir ki, hüquq-mühafizə orqanları 2016-cı ildə baş vermiş ölüm hadisəsini oğlunun üstünə qoymağa çalışırlar. Onun sözlərinə görə, bundan ötrü oğlu Babəkə ağlasığmaz işgəncələr verirlər.

“O qədər işgəncə veriblər, ölüm işini boynuna götürüb”

58 yaşlı Faiq Məmmədov danışır ki, onlarla eyni kənddə yaşayan Səmayə Məmmədovanın qətlini hələ 5 il əvvəl – 2017-ci ilin avqustunda oğlunun üzərinə qoymaq istəyiblər. Atanın sözlərinə görə, oğlu ona verilən işgəncələrə dözməyib, bu cinayəti üzərinə götürüb, etiraf ifadəsinə imza atıb. Amma onun müxtəlif orqanlara şikayətlərindən sonra Babək Məmmədova münasibətdə bu işə xitam verilib.

Gədəbəyin Qasımlı kənd sakini olan Səmayə Məmmədova 2016-cı ilin dekabrında qətlə yetirilib.

Foto: Babək Məmmədovun ailəsinin arxivindən

“2017-ci ilin avqustunda oğlumu kəndimizdə məktəbin yanında saxlayıb, polis şöbəsinə aparıblar. Deyiblər ki, İnəkboğan kəndində Əjdər Ələkbərovun evinə girmisən, telefon götürmüsən. Ona o qədər işgəncə veriblər, üstünə götürməkdən başqa çarəsi qalmayıb. Görüblər ki, bunu götürdü, əvvəlki ildən bağlı qalmış ölüm işini də boynuna qoymaq istəyiblər. Elə əzablar veriblər, deyiləsi deyil. Ölüm işini də üstünə götürüb…”, – Faiq Məmmədov bildirib.

“Şübhələr təsdiqini tapmadığına görə xitam verilib”

O zaman 23 yaşı olan Babək Məmmədov Səmayə Məmmədovanı qətlə yetirməsi haqda şübhəli şəxs qismində dindirmə protokolunda etirafedici ifadəyə də imza atıb. Amma təcridxanaya gətiriləndən sonra intihara cəhd edib. Ailə üzvləri də onun başına gələnlərlə əlaqədar müxtəlif dövlət orqanlarına şikayətlər göndəriblər.

Dindirmə zamanı Babək Məmmədov prokurorluq işçilərinə də deyib ki, Səmayə Məmmədovanın qətlini işgəncə altında onun boynuna qoyublar, etiraf ifadəsi alıblar, əslində, bu hadisəyə aidiyyəti yoxdur. O, 11 avqust 2017-ci ildə müvəqqəti saxlama təcridxanasında özünə xəsarət yetirməsini də ona verilən işgəncələrlə izah edib.

“Bu xüsusat üzrə Bəbək Məmmədovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsaslar olmadığından, barəsindəki şübhələr təsdiqlənmədiyinə görə onun şübhəli şəxs statusuna xitam verilmişdir”, – prokurorluğun qərarında yazılıb.

“Prokurorluq aydınlaşdırmır ki, oğlum niyə törətmədiyi ölümü boynuna götürüb?

Prokurorluq onunla bağlı xitam qərarı versə də, onun işgəncə şikayətinə müsbət cavab verməyib.
O zaman Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisidir-red.) yazır ki, prokurorluq araşdırma aparıb, Babək Məmmədovun işgəncəyə məruz qalmasıyla bağlı xüsusatlar təsdiqini tapmayıb. Ona görə işgəncə şikayəti üzrə cinayət işi başlanması rədd edilib.

Ərizə.

“Bəs prokurorluq niyə aydınlıq gətirmir ki, hansı səbəbdən Babək Məmmədov ona aidiyyəti olmayan ağır cinayəti – ölüm işini üzərinə götürmüşdü? Axı prokurorluq özü qərarında yazıb ki, şübhələr təsdiqini tapmadı, onu bu işdə ittiham eləmək üçün əsas yoxdur. Bəs necə olub ki, Babək etiraf ifadəsi verib? Deməli, açıq-aşkar ortada işgəncə faktı olub. Amma işgəncə verənlər cəzasız qalıb”, – Babək Məmmədovun ailə üzvləri danışır.

Ölüm hökmünün xitamı

“Yenə də rahat buraxmırlar”

2018-ci ildə Babək Məmmədov İnəkboğan kəndində Əjdər Ələkbərovun evinə basqın ittihamıyla məhkəmə qarşısına çıxarılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə təqsirli sayılıb və 8 il 6 ay azadlıqdan məhrum edilib.

“O işdə nə qədər şahid çağırılıb məhkəmədə dindirildi, heç biri demədi ki, Babəki o evə ya girəndə, ya çıxanda görmüşəm. Ölüm işinə xitam veriləndən sonra məndən 3 min pul istədilər ki, uşağımı tamam buraxsınlar. Mən də kasıb adamam, dedim, bir inəyim var, satım, neçəyə getsə, hamısını verim. Razılaşmadılar. Ona görə evə basqın edib, telefon götürmək ittihamını üstündə saxlayıb göndərdilər. Ev sahibini də öyrətdilər. Bütün bunları başımıza gətirdilər, heç nədən 8 il 6 ay cəza verdilər, yenə də rahat buraxmırlar”, – Faiq Məmmədov bildirib.

“58 yaşım var, 70 yaşlı kişiyə oxşayıram, fikirdən ölürəm”

Onun sözlərinə görə, oğlunu 2022-ci il avqustun 16-da saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına, oradan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. 11 gün ərzində o idarədə oğlunun işgəncələrə məruz qaldığını deyən Faiq Məmmədovun sözlərinə görə, bağlı qalmış ölüm işini yenə Babək Məmmədovun üzərinə qoymağa çalışırlar:

“Şikayət elədim, teleqram vurdum, qaytardılar Kürdəxanı təcridxanasına, oradan da cəzaçəkmə müəssisəsinə. Bir müddət əvvəl yenə götürüb aparıblar. Bizə ailəsi olaraq, heç bir məlumat vermirlər. Müəssisə rəhbərliyindən soruşuram ki, axı mənim övladımı niyə aparıblar yenə? Heç nə deyilmir. Övladımla əlaqə saxlaya bilmirəm. Axı atayam, ürəyim partlayır. Adam kasıb olanda başına hər oyunu gətirərlər? İmkanım olsaydı, o vaxt verərdim ki, uşağımdan əl çəksinlər. Əgər övladımı öldürmək istəyirlərsə, açıq desinlər, mən də bilim. 58 yaşım var, 70 yaşlı kişiyə oxşayıram, fikirdən ölürəm. Bir var, haqlı tutalar, heç mənə bu qədər təsir eləməzdi…”.

Faiq Məmmədov. Foto: Meydan TV

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məhkumların yerdəyişməsi, bunun səbəbləri barədə yalnız məhkumların ailə üzvlərinə məlumat verilir. Bu barədə mediaya informasiya verilə bilməz.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Ana səhifəBölgəGədəbəy sakini: “Övladımı öldürmək istəyirlərsə, açıq desinlər, mən də bilim…”