close

“Gürcü Arzusu” və Trampı təbrik edən İlham Əliyevin Maya Sandu yadından çıxıb?

İlham Əliyev, Donald Tramp, Maya Sandu və İrakli Kobaxidze. Foto-kollaj: Meydan TV

Emil Məmmədli

Şərhçilər suala aydınlıq gətirməyə çalışıb

ABŞ-də prezident seçkilərinin ilkin nəticələri elan ediləndən bir neçə saat sonra
Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı ikinci dəfə Prezident seçilməsi münasibətilə təbrik edib.

Gürcüstanda oktyabrın 26-da parlament seçkilərindən bir gün sonra İlham Əliyev bu ölkənin hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib.

Bu fonda Moldovada Avropaya və ümumiyyətlə Qərbə inteqrasiya siyasətini həyata keçirən Maya Sandu noyabrın 4-də keçirilən seçkilərdə ikinci dəfə bu ölkənin Prezidenti seçilsə də, hələlik Azərbaycan lideri onu təbrik etməyib. Eyni tip hadisələrə Azərbaycan Prezidentinin müxtəlif münasibət bildirməsi bir sıra suallar yaradıb. 

“Proseslər Azərbaycana təsir baxımından əks istiqamətdə gedəndə, rəsmi nəticələr elan olunmadan Əliyev tələskənlik göstərib təbrik edir”

Məsələni Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov düşünür ki, bu, Əliyevin demokratiyaya, insan hüquqlarına və həmin hadisələrin Azərbaycanda gələcəkdə baş verəcək proseslərin təsirilə düz mütənasibdir:

Harada ki söhbət demokratiyadan gedir, həmin ölkədən Avroatlantik məkana inteqrasiyası varsa, bu halda Azərbaycan Prezidenti həddindən artıq təmkin göstərir, heç kimi təbrik etmir, uzun müddət pauza götürür. Proseslər Azərbaycana təsir baxımından əks istiqamətdə gedəndə, rəsmi nəticələr elan olunmadan Əliyev tələskənlik göstərib təbrik edir”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Siyasi şərhçi qeyd edib ki, bununla belə Azərbaycan hakimiyyəti Qərblə münasibətləri tamamilə qırmaq istəmir və bu, nəinki dövlətin, həm də Əliyevin şəxsi maraqlarına cavab vermir: 

Ona görə Qərblə münasibətləri qoruyub saxlamaq istəyir, amma bu münasibətlərin Səudiyyə Ərəbistanının apardığı siyasət çərçivəsində olmasını istəyir. Söhbət ondan gedir ki, mən sənə neft və qaz satacam, daxili vəziyyətimə toxunma. İndi bu, Azərbaycan üçün nə qədər əlçatandır, o başqa məsələdir”,.

“Balanslı xarici siyasət kursu antiterror əməliyyatlarından sonra bitib”

 Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı xatırladıb ki, Azərbaycan iqtidarı Çin və Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalayıb:

“Görünən də odur ki, hökumət Kremllə strateji tərəfdaşlığa uyğun olaraq əməkdaşlıq təməlini qoyub. Həmin sənədlərdə qeyd etdikləri xarici siyasətlərini məsləhətləşərək, bir-birinə yaxın uzlaşdıraraq həyata keçirəcəklər. Hazırda biz reallıqda bunları görürük”.

Azər Qasımlı bugünlərdə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun Maya Sandunun legitim prezident olmadığını bildirdiyini yada salıb:

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

“Guya Moldova xalqı ona səs vermədiyindən Moskva onu təbrik edə bilməz. İlham Əliyev də bunlara arxalanaraq eyni siyasəti həyata keçirir”

Siyasətçi qeyd edib ki, sadalananlar Əliyevin “Azərbaycan müstəqil xarici siyasət yürüdür” açıqlamasının doğru olmadığını göstərir və onun əksini ortaya qoyur.

Onun fikrincə, Azərbaycanın beynəlxalq münasibətlərdə balans siyasəti çoxdan bitib:

“Xüsusilə də antiterror əməliyyatından sonra balans siyasəti keçmişdə qaldı. Rusiyanın dövlət başçısı ilə gizli anlaşmalar, ardınca Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi də ona dəlalət edir ki, Azərbaycan hökuməti Kreml qarşısında üzərinə müəyyən öhdəliklər götürüb. Bu da balans siyasətinə son verildiyi anlamına gəlir”.

 “İlham Əliyevin Maya Sandunu hələlik təbrik etməməsi protokol qaydaları ilə bağlı ola bilər”

 Politoloq Fərhad Məmmədov isə bunu protokol qaydaları ilə izah edib:

Hər hansı ölkənin rəhbəri necə təbrik edibsə, cavab olaraq elə də təbrik edilir. Donald Trampın seçilməsi elə bir haldır ki, Azərbaycanın Prezidenti onu təbrik etdi. Halbuki, belə bir təbrik keçmiş administrasiya tərəfindən Azərbaycanın dövlət başçısına çatdırılmamışdı. Bir müddət sonra məktub oldu və orda Azərbaycan Prezidenti kimi müraciət edildi. Ola bilsin ki, Moldovanın seçilən Prezidenti Sandu Azərbaycanın dövlət başçısını təbrik etməmişdi. Yaxud rəsmi elan olunandan sonra təbrik etmişdi. Ona görə də rəsmi Bakı gözləmə mövqeyindədir”.

Fərhad Məmmədov. Foto: Meydan TV

Bununla belə, politoloq Azərbaycanın balanslı xarici siyasət kursundan çəkilmədiyi qənaətindədir:

“Gürcüstan hakimiyyəti də Avropaya inteqrasiyaya meyllidir. Yəni rəsmi şəkildə bəyan edib. Ona görə bu, meyar sayılmamılıdır. Məsələn, sabah da Avropa siyasi camiəsi çərçivəsində görüş keçiriləcəkdir, Azərbaycanın dövlət başçısı da görüşdə iştirak edəcək, bunun planlaşdırıldığı qənaətindəyəm”.

Ana səhifəXəbərlər“Gürcü Arzusu” və Trampı təbrik edən İlham Əliyevin Maya Sandu yadından çıxıb?