Bağdatidə seçicilər səsvermə maşınlarına hücum ediblər
Marneulidə Vahid Milli Hərəkat Partiyasının yerli şöbəsinin rəhbərinin döyüldüyü bildirilir.
“OC Media”nın məlumatına görə, Marneulidəki 74-cü seçki məntəqəsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VHH) üzvləri ilə digərləri arasında fiziki qarşıdurma olub. VHH-nin rayon təşkilatının sədri Azad Kərimovun sözlərinə görə, o, “Gürcü Arzusu” şəhər şurasının üzvü tərəfindən fiziki təzyiqə məruz qalıb.
Partiyanın digər üzvü Giorgi Mumladze əlavə edib ki, “Mənim Aİ-yə səsim” qeyri-hökumət təşkilatının müşahidəçilərindən biri seçki məntəqəsindən qovulub.
“Biz problem barədə soruşan kimi onlar mənə hücum etdilər. Mən özümü xilas etdim, çıxdım, sonra həyətdəki müşahidəçiləri döydülər”, -Mumladze bildirib.
“Azadlıq” radiosunun məlumatına görə, Daxili İşlər Nazirliyi zorakılıq maddəsi ilə cinayət işi açıldığını bildirib.
MSK sədri Giorgi Kalandarişvili bildirib ki, “müəyyən psixo-emosional vəziyyətdə olan seçici bir neçə yoxlama aparatını elə zədələyib ki, bu maşınlar vasitəsilə prosesi davam etdirmək mümkün olmayıb”.
Kalandarişvilinin sözlərinə görə, seçki məntəqəsində səsvermə davam edib.
Bağdatidə isə seçicilər səsvermə maşınlarına hücum ediblər.
Bağdati 23-cü seçki dairəsində seçici şəxsiyyət vəsiqələrini yoxlayan maşınları zədələyib. Yerli medianın yaydığı videoya görə, üç maşından ikisi xarab olub və bu, seçki prosesini gecikdirib.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) saat 15:00-dan əvvəl aşkar edildiyi iddia edilən pozuntular barədə məlumat yayıb. Bildirilir ki, səs verdiklərini göstərmək üçün mürəkkəblə işarələnmiş şəxslər mikroavtobusla Batumidəki 34 saylı məntəqəyə aparılıb.
Kutaisidə jurnalistə hücum olub.
Gürcüstanın “Cnews” xəbər agentliyi bildirib ki, onların jurnalisti Qiqa Gelxvidze Kutaisidəki 2 saylı seçki məntəqəsində seçicilərin şəxsi məlumatlarını ehtiva edən siyahıları saxladığını dedikdən sonra hakim partiyaya bağlı üç nəfərin hücumuna məruz qalıb.
“Mtis Ambebi” xəbər saytının redaktoru Gela Mtivlişvilinin də Şərqi Gürcüstanda hücuma məruz qaldığı bildirilir.
Gela Mtivlişvili “Facebook”da yazıb ki, Gürcüstanın şərqində müşahidəçi kimi işləyərkən “Gürcü Arzusu” Partiyasının koordinatorlarının hücumuna məruz qalıb:
“Telefonumuzu aldılar, ona görə də ilk hadisəni çəkə bilmədik. Telefonu qaytarandan sonra da şəkil çəkməyə qoymadılar, döydülər, tüpürdülər, söydülər. Bundan əvvəl Axmetanın 1-ci rayonunda “Gürcü Arzusu” koordinatorunun seçicilərdən birinə borcunu ödədiyini deyərək, necə pul verdiyinin şahidi olmuşuq. 112-yə zəng etdik, cavab verən olmadı”.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.