close

III Respublika Platforması: “Əliyev hökumətinin ədalətli seçkilər keçirmək üçün iradəsi yoxdur”

III Respublika Platforması. Foto: Meydan TV

Təşkilat böhrandan çıxmaq üçün alternativ kimi post-Qarabağ gündəliyini təklif edir

III Respublika Platforması sentyabrın 1-də Azərbaycanda keçirilən seçkilərin demokratik standartlara zidd olduğunu bəyan edib.

Bu barədə sentyabrın 4-də platformanın yaydığı mövqe sənədində qeyd olunur.

Bildirilir ki, bir çox seçki məntəqələrində müşahidəçilərə maneələr yaradılıb və bir sıra hallarda zorakılıqlar baş verib:

“Məntəqə seçki komissiyalarının üzvləri aşkar şəkildə seçki saxtakarlıqlarına rəvac verən hərəkətlər törətdilər. Bunlara nümunə kimi topa bülletenlərin atılması, seçki prosesinin müşahidəsinə və jurnalistlərin fəaliyyətinə mane olma, şəxsiyyət vəsiqəsini yoxlamadan səsverməyə buraxma, “karusel” kimi halları qeyd etmək olar.  Beləliklə, bir daha ölkədə seçkiqabağı təşviqat mühitinin olmaması ilə yanaşı, səsvermə gününün də ədalətsiz təşkil olunduğu aşkar oldu. Çətinliklərə və əngəllərə baxmayaraq, bir çox gənc vətəndaşımız seçkilərdə müşahidəçi kimi iştirak edərək səsvermə günü baş verən pozuntuları aşkar etməyə çalışdılar və Azərbaycanda seçki müşahidəçiliyi ənənəsinin sıradan çıxmasına imkan vermədilər. Eləcə də ədalətsiz seçki mühitinə baxmayaraq seçkidə iştirak etməyin vacibliyi Vəfa Nağının timsalında təsdiqləndi və iştirakçılığın vətəndaşları siyasi proseslərdə təşviq etdiyi göründü”.

Təşkilat qeyd edib ki, Əliyev hökumətinin Azərbaycanda azad və ədalətli seçkilər keçirmək istiqamətində siyasi iradəsi yoxdur:

“Hazırda seçildiyi elan edilən heyət əvvəlki çağırış parlamentin heyəti ilə əsasən üst-üstə düşür. Bu da Əliyev hökumətinin “yuxarıdan islahat” keçirəcəyinə dair inamın təxəyyüldən ibarət olduğunu nümayiş etdirir. Bu seçkilər həmçinin göstərdi ki, II Qarabağ müharibəsi dövründə torpaqların işğaldan azad edilməsi naminə İlham Əliyev ətrafında konsolidə olan ictimai rəy aradan qalxıb və xalqın artıq İlham Əliyevə etimadı yoxdur. Belə ki, seçkilərdə aşağı iştirakçılıq göstərməklə və hökumətin ritorikasına zərrə qədər dəstək verməməklə ölkə əhalisi hökumətə olan inamsızlığını nümayiş etdirdi”.

“Hazırda ölkəmizdə ağır sosial-iqtisadi şərait mövcuddur. Bu şərait qaçılmaz olaraq ölkənin siyasi həyatına da təsir edir. Problemlər yalnız sistemli və struktural iqtisadi islahatlar, demokratik iştirakçılıq və insan haqlarının tanınması yolu ilə aradan qaldırıla bilər. Son parlament seçkilərinin keçirilməsi və nəticələri bir daha təsdiq edir ki, hökumətin bu iqtisadi problemləri aradan qaldıra biləcək vizyonu və iradəsi mövcud deyil. Əksinə siyasi repressiyanı artırmaqla problemlərin səsləndirilməsinə maneə yaradır və bununla da problemləri təxirə salır”, – deyə sənəddə bildirilir.

Platforma hesab edir ki, təklif etdikləri post-Qarabağ gündəliyi ölkənin təməl problemlərinə və mövcud iqtisadi böhran prosesinə yeganə alternativ çarədir.

III Respublika Platformasının spikeri Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb. Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Martın 9-da isə III Respublika Platformasının üzvü Ruslan İzzətli haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.

Növbədənkənar seçkilərin keçirilməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs göstərilib.

Əsas kimi seçkilərin vaxtının Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal forumu – COP29 iqlim konfransının Bakıda keçirilməsilə üst-üstə düşməsi göstərilib.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.

Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.

Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Ana səhifəSiyasətIII Respublika Platforması: “Əliyev hökumətinin ədalətli seçkilər keçirmək üçün iradəsi yoxdur”