close

İlham Əliyev yeni səfirlər təyin edib

T.Rzayev, R.Mustafayev, E.Poluxov.

Elxan Poluxov Misirə göndərildi

Elxan Poluxov Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də sərəncam imzalayıb.

Elxan Poluxov 2022-ci ilin avqustunda Azərbaycanın Braziliyada və eyni zamanda Ekvadorda, Qayanada, Surinamda, Trinidad və Tobaqoda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

Elxan Poluxov Gürcüstanda doğulub.

O, 2009-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyində Mətbuat Xidmətinin Rəhbəri və bir sıra ölkələrdə səfir vəzifələrində çalışıb.

Tural Rzayev isə Azərbaycanın Misir və Sudanda səfir, Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Tural Rzayev Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

T.Rzayev 1964-cü ildə Bakıda anadan olub.

O 1981-1987-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünasılıq fakültəsinin ərəb dili bölməsində təhsil alıb.

T.Rzayev 1988-1989-cu illərdə SSR-in Suriya Ərəb Respublikasındakı səfirliyinin əməkdaşı olub. 1991-1994-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyində attaşe, III katib, I katib vəzifələrində çalışıb.

T.Rzayev 2009-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin rəis müavini, daha sonra Küveytdə səfiri olub. T.Rzayev AYB sədri, yazıçı Anarın oğludur.

Birləşmiş Ərəb Əmirliklərinə səfir təyinatı

Elçin Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Elçin Bağırov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Azərbaycanı təmsil edən Mahir Əliyev isə vəzifəsindən azad edilib.

Mahir Əliyev 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinə səfir təyin olunmuşdu.

Mustafayev Azərbaycanı Niderland Krallığında təmsil edəcək

Prezident İlham Əliyev İlqar Muxtarovu Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin olunması barədə sərəncam imzalayıb.

İlqar Muxtarov 1969-ci ildə Bakıda anadan olub. İlqar Muxtarov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və tarixi üzrə təhsil alıb.

İ.Muxtarov 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb.

O, 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib.

İlqar Muxtarov Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun övladıdır.

İ.Muxtarov. Mənbə: XİN

Azərbaycanın Fransada, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri olan Rəhman Mustafayev isə geri çağrılıb.

R.Mustafayev bundan sonra Azərbaycanı Niderland Krallığında təmsil edəcək.

1963-cü ildə Bakıda doğulan Rəhman Mustafayev 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.

O 1993–1994-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.

1994–1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.

1997–1999-cu illərdə Azərbaycan Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

2000–2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir olub.

2006-cı ilin may-noyabr aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini, sonrakı illərdə direktor vəzifəsində çalışıb.

R.Mustafayev 2017-ci ildən Azərbaycanı Fransada təmsil edib. Onun yerinə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva təyin olunub.

Fikrət Axundov isə Azərbaycanın Niderland Krallığında və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Fikrət Axundov 2019-cu ildən Azərbaycanı Niderlandda təmsil edirdi.

Ana səhifəSiyasətİlham Əliyev yeni səfirlər təyin edib