close

İspaniyada prokurorluq Eldar Mahmudovun övladlarının əmlakını araşdırır

Eldar Mahmudovun ailəsi, foto: Meydan TV

Mahmudovların Mayorkada 60 mülkü aşkarlanıb

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı son vaxtlar İspaniya mətbuatında tez-tez hallanır. Səbəb Palma prokurorluğunun keçmiş azərbaycanlı nazirin üç övladının Mayorkada (Mallorca) 50 milyon avrodan çox pulun yuyulması ilə bağlı araşdırma aparmasıdır.

Mayorka İspaniyanın bir hissəsi olan Balear adalarının ən böyüyü və Aralıq dənizində yeddinci ən böyük adadır.

50 milyon avroluq əmlak

Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Mahmudovları Azərbaycanda mənimsəmə və korrupsiya nəticəsində əldə edilmiş pullarla adada dəbdəbəli daşınmaz əmlak almaqda ittiham edir.

Təqsirləndirilən şəxslərin əksəriyyəti videokonfrans zamanı ifadə verib və ittihamları rədd edib.

“Diario de Mallorca” nəşrində dərc olunmuş məqalədə qeyd olunur ki, Palma hakimi 2015-ci ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılan Eldar Əhməd oğlu Mahmudovun üç övladına qarşı işi ilyarımdan çoxdur ki, araşdırır. Onların Mayorkada (Mallorca) aldıqları lüks daşınmaz əmlakın dəyəri 50 milyon avrodan çoxdur.

Bildirilir ki, Anar Mahmudov Palma məhkəməsinin istintaqında əsas təqsirləndirilən şəxslərdən biridir.

Balear Adaları Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun məlumatına görə, bir neçə əmlak üçün ödənişlər Seyşel adalarından olan şirkətə məxsus Latviya bank hesabından köçürmələri yolu ilə həyata keçirilib.

Mayorkada 60 mülk

Araşdırma zamanı müəyyənləşib ki, Mahmudovun Mayorkadakı aktivləri böyükdür. Balear Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun məlumatına görə, 2010-cu ildən başlayaraq müttəhimlər adada dəyəri 50 milyon avrodan çox olan ən azı 60 mülk əldə ediblər. Əmlakları almaq üçün pulların mənşəyini və mülkiyyət hüququnu gizlətmək üçün qabıq şirkətlərindən istifadə etdikləri iddia olunur. Ümumilikdə, onlar Valldemossada 23, Kalviada 22 və Palmada 15 əmlakı ələ keçiriblər.

Onların yaratdığı sərvət şəhərin ən yaxşı alış-veriş küçələrindən birindəki eksklüziv binalardan, prestijli sahil komplekslərindəki dəbdəbəli dağ evlərindən və hətta Balear adalarının paytaxtının mərkəzində mədəni obyekt kimi təsnif edilən əlamətdar əmlakdan ibarətdir.

Bir neçə mülkün ödənişi qardaşların ən böyüyü tərəfindən açılmış və Seyşel adalarında yerləşən “Sinalco Investments Limited” şirkətinə məxsus Latviya hesabından bank köçürmələri vasitəsilə həyata keçirilib. Məhz bu ilin əvvəlindən Avropa İttifaqı arxipelaqı kooperativ olmayan vergi cənnətlərinin qara siyahısından çıxarıb.

Anar Mahmudova məxsus bank hesabından ödəmələr edilib.

Məqalədə qeyd olunur ki, hazırda istintaq altında olan azərbaycanlı ailənin Mayorka ilə sıx əlaqələri var. Yayda Mahmudovlar ailəsi uzun illərdir ki, istirahətdən həzz aldıqları adada olurlar. Onlar adətən Calvia sahillərinə və Santa Ponsa, Puerto Portals və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər. Yaxın mənbələrin bildirdiyinə görə, onlar çox ehtiyatlıdırlar.

Nazirliyin açıqladığı daşınmaz əmlak alqı-satqıları arasında, əsas təqsirləndirilən şəxslərdən biri, qardaşların ən böyüyü Anar Mahmudovun da iştirak etdiyi iki fakt diqqət çəkib.

2011-ci il noyabrın ortalarında, o, üç milyon avroya Palmadakı “Avenida Alexandre Rossello”nun birinci mərtəbəsində iki mənzil alıb. Pulun böyük hissəsi Anar Mahmudovun bir neçə gün əvvəl Latviya bankında açdığı hesabdan köçürməsi ilə ödənilib. Bu hesabın sahibi Seyşel adalarında qeydiyyatdan keçmiş “Sinalco Investments Limited” şirkətidir.

İllər sonra, 2014-cü ilin aprelində böyük oğul Calviadakı “Sol de Mallorca” kompleksində bir milyon avroya altı mülk alıb. Məbləğ Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi ilə ödənilib.

Xuraman və Nərgiz Mahmudovlara məxsus sərvət

Həmçinin bacısı Xuraman Mahmudova 2012-ci ilin iyununda Palmada təxminən dörd milyon yarım avro dəyərində iki mülkün alıcısı kimi göstərilib. Bunlar iki binadır, onlardan biri Alexandra Rossello prospektinin birinci mərtəbəsində, 27 A nömrəli, sahəsi 206 kvadratmetr olan mülkdür və qiyməti dörd milyondur. Balear Teatrının birinci mərtəbəsində “Plaza del Comtat del Rossello”da yerləşən 101 kvadratmetr sahəsi olan digər mülkün qiyməti isə 444 960 avrodur.

Xuraman Mahmudova iki əmlakın pulunu Latviyadakı Seyşel adalarında yerləşən “Sinalco Investments” ilə əlaqəli hesabdan bank köçürməsi yolu ilə ödəyib.

Nərgiz Mahmudova isə 4,1 milyon avroya mədəni sərvət kimi təsnif edilən əmlakı alıb. Vəsait Seyşel adaları şirkətinə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan verilən məlumata görə, pulun böyük hissəsi Nərgizə məxsus olan və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən “Portal Nous” filialının hesabından çıxarılan üç şəxsi çek vasitəsilə çatdırılıb. Bu dəbdəbəli əmlak Balear Adaları Ali Məhkəməsinin qərargahına çox yaxın olan modernist Can Casasayas binasında yerləşir.

Yada salaq

Eldar Mahmudov 2015-ci ilin oktyabrında ölkənin Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi. Bir neçə gündən sonra onun villasına basqınlar edilməsi, burada polisin brilyant dolu şüşə bankalar və xarici valyuta ilə dolu karton qutular aşkarlanması haqqında gəzən əhvalatlar yerli media orqanları üçün əsas mövzu oldu. Nazirlik işçiləri korrupsiya və qəsbkarlıq ilə bağlı müxtəlif ittihamlarla həbs olundu və nazirin məşhur iqtisadçı olan mərhum atasının şərəfinə qoyulan heykəlin qeyri-müəyyən şəkildə söküldüyü bildirildi. Ancaq Eldar Mahmudov həbs olunmadı və adı hallanan heç bir məhkəmə prosesinə şahid qismində belə çağırılmadı.

Keçmiş nazirin adı ölkə mediasında görünməsə də, araşdırmaçıların diqqətindən qaçmadı. 2020-ci ildə OCCRP və maliyyə jurnalistləri, ailənin İngiltərə, İspaniya, Lüksemburq, Litva və Kiprdəki ailə biznesinin, əmlak imperatorluğunun şəkillərini bir araya gətirmək üçün ictimai şirkət və əmlak qeydləri ilə birlikdə terabaytlarla məlumat topladılar. Jurnalistlər onların hamısının birlikdə 100 milyon avrodan çox olduğunu aşkar etdilər.

Ana səhifəXəbərlərİspaniyada prokurorluq Eldar Mahmudovun övladlarının əmlakını araşdırır