Rusiya Müdafiə Nazirliyi Krımın Cankoy rayonundakı hərbi anbarda sursatın partlamasını təxribat adlandırıb.
Nazirliyin bu barədə yaydığı məlumatda iki nəfərin yaralandığı bildirilir.
“Partlayışdan gələn səslər uzaqlara yayılır”
Avqustun 16-da səhər Krımın Cankoy rayonunun Qalay kəndində Rusiyaya məxsus hərbi hissədə yanğın olub.
Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov “Facebook” səhifəsində məlumat paylaşıb.
“Müvəqqəti olaraq işğal olunmuş Krımın Cankoy rayonunun Qalay (indiki Azov) kəndində orkların hərbi hissəsinə zərbə endirilib. Bir saatdır partlayış səsləri eşidilir”, – deyə Çubarov yazıb.
O, əlavə edib ki, zərbələr silah-sursat anbarını hədəf alıb: “Partlayışlardan gələn səslər uzaqlara yayılır”.