close

Kürdəmir sakini: “Balamın yaşaması puldan asılıdır”

Source: president.az

Ümid Şahbazova təcili sümük iliyi transplantasiyası aparılmalıdır

Kürdəmir rayon sakini, 17 yaşlı Ümid Şahbazov yaşaması üçün təcili əməliyyat olunmalıdır.

Ümidin anası Lyüdmila Şahbazova Meydan TV-yə danışıb ki, ailəsi fəhlə işləyən həyat yoldaşının cüzi gəliri ilə dolanır. Ailənin nəinki əməliyyata, hətta müayinəyə maddi imkanı yoxdur.

“Qiymətli əşyaların hamısı satılıb”

Qadının sözlərinə görə, oğlu iki yaşında onkoloji xəstəlikdən müalicə alıb, bir dəfə əməliyyat olunub. İllərdir həyatı xəstəxanalarda keçir. Ümidin müalicəsi üçün evdəki qiymətli əşyaların hamısını satıblar, artıq nə satmağa əşyaları, nə də yardım üçün döymədiyi qapı qalıb.

Foto: Meydan TV

“Ümid artıq neçə ildir ağır kombinə olunmuş immun çatışmazlığından əziyyət çəkir. Ona hər 21 gündən bir bahalı “Panziga” iynəsi vurulur, bundan başqa, hər 15 gündən bir iynə vurulur. Qəbul etdiyi dərmanlar olduqca bahadır”, – ana danışıb.

Şahbazovanın sözlərinə görə, Ümid həm də MDS-dən (myelodisplastik sindrom) əziyyət çəkir.

Hər iki xəstəlikdən müalicə almasa, eləcə də sümük iliyi tranplantasiyası həyata keçirilməsə, vəziyyəti daha da ağırlaşacaq, leykoz ehtimalı yüksəkdir. Həkimlər də ən uzağı 6 ay içərisində əməliyyat tövsiyə ediblər.

Həkimlərin dediyinə görə, belə uşaqların sayı dünyada bir neçə nəfərdir: “Türkiyədən gələn həkimlərin də qəbulunda olduq. Bir neçə xəstəlikdən əziyyət çəkdiyi üçün əməliyyat risklidir, əməliyyat 80 min dollara başa gəlir”.

“Bütün fondlara müraciət edilib”

L.Şahbazova bildirib ki, bacısı donor ola bilər, lakin əməliyyatdan əvvəl müəyyən müayinələr aparılmalıdır. Həmin müayinələr özəl klinikalarda həyata keçirilir və 1600 manata başa gəlir.

“Müayinələr ödənişlidir, çarəsiz gözləyirik. Bir ananın gözü önündə uşağının ağrı çəkməsini sözlə ifadə edə bilmirəm. Balamın yaşaması puldan asılıdır, demək olar ki, bütün fondlara müraciət edilib. Müayinənin cavabı iki aya bəlli olacaq, bacısının donor olub-olmayacağını dəqiq həmin müayinələr söyləyəcək”, – Şahbazova əlavə edib.

Azərbaycanda sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilir. Şahbazova deyir ki, əməliyyat növbə əsasında aparılır, onun bildiyi qədər növbədə 400-ə yaxın əməliyyat gözləyən xəstə var. Bu gedişlə Ümidə növbə çatanadək 10 ilə qədər müddət keçməlidir.

Nazir müavini deyir ki…

Bu ilin sentyabrın 23-də Sümük İliyi Transplantasiyasının 10 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik konfransda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, sümük iliyinin köçürülməsi əsasən qan xəstəliklərinin müalicəsi üçün tətbiq olunan üsuldur.

“Sümük iliyinin köçürülməsi prosesi 70-dən artıq xəstəliyin müalicəsində istifadə olunur. 10 il ərzində ölkəmiz bu sahədə böyük təcrübə qazanıb. Ölkəmizdə bu xəstələrin əksəriyyəti uşaqlar və yeniyetmələrdir. Sümük iliyinin köçürülməsi üçün ölkəmizdə zəruri maddi-texniki baza və kadr hazırlığı mövcuddur. 10 il ərzində ölkəmizdə 200-ə yaxın xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib. Bu müalicənin kontingenti əsasən talassemiyalı xəstələrdir. Müalicələrin nəticəsi də çox yaxşıdır”, – deyə nazir müavini bildirib.

Səhiyyə nazirinin müavini bu sahədə problemlərin mövcud olduğunu da bildirib. O, əsas problemin donorun tapılmaması ilə bağlı olduğunu deyib.

 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova isə qeyd edib ki, 2023-cü ilin avqust ayından etibarən sümük iliyinin transplantasiyası dəyəri ən yüksək olan xidmət kimi 20 sayda limitlə xidmətlər zərfinə əlavə olunub. Agentlik tərəfindən 2023-cü ildə transplantasiya sahəsində dərman vasitələrinin alınması üçün 763 min manat dəyərində müqavilə bağlanıb. Burada allogen transplantasiyasına 70 min manat, autogen transplantasiyasına 31 min manat sərf olunub. İcbari tibbi sığorta ilə 2023-cü sentyabrından bu günə kimi 6 cərrahi əməliyyat keçirilib. Bunların 3-ü allogen, 3-ü isə autogen xəstələr olub. Bu məqsədlə 259 min manat vəsait Milli Hematologiya və Transfuziologiya Mərkəzinə köçürülüb.

Ana səhifəBölgəKürdəmir sakini: “Balamın yaşaması puldan asılıdır”