close

Məhkəmə həbsdə olan jurnalistin şikayətinə mahiyyəti üzrə baxsa da, sonda əleyhinə qərar çıxarıb

Aytac Tapdiq, Illustration: Meydan TV

Bu gün, oktyabrın 23-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalist Aytac Əhmədovanın (Tapdıq) nikaha daxil olması ilə əlaqədar verilmiş şikayətinə baxılıb.

Prosesə hakim Aygün Həsənova sədrlik edib.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. Hazırda bu iş üzrə həbs olunanlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.

Yaxınları bildirir ki, ilk dəfə idi işə mahiyyəti üzrə baxılırdı. Onlar deyir ki, nikaha qoyulan qadağa ilə bağlı yazılı cavab ala biliblər.

“Məhkəmə iclasında həm Aytac, həm Kamran Məmmədli müdafiə çıxışları etdi. Sonda məhkəmə əleyhimizə qərar çıxardı. Hələlik qərarın sürəti bizə təqdim edilməyib. Təqdim edildikdən sonra görəcəyik ki, ilk dəfə mahiyyəti üzrə baxıldıqdan sonra məhkəmə iki vətəndaşın nikah bağlaması əleyhinə necə qərar çıxara bilib. 3 gün içində qərar bizə təqdim ediləcək və ondan apellasiya şikayəti verəcəyik” , – deyə yaxınları Meydan TV-yə bildirib.

Aytac Tapdığın 2025-ci ilin yanvarında nikaha daxil olmaq məqsədilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə etdiyi müraciət rədd olunub.

Bundan sonra iş məhkəməyə gedib. Xətai Rayon məhkəməsi əleyhinə qərar çıxarıb. 

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə geri qaytarıb.

Aytac Tapdıq heyvan haqları fəalı Kamran Məmmədli ilə nikaha girmək istəyir.

Kamran Məmmədli 2024-cü il noyabrın 15-də Bakıda BMT-nin iqlim dəyişikliyi konfransında təkadamlıq etiraz aksiyası keçirdiyi zaman mühafizə xidməti tərəfindən saxlanılaraq, polislərə təhvil verilib. Hazırda fəalın ölkədən çıxış qadağası var. Bunu Kamran Məmmədli dekabrın 2-də Tbilisiyə yollanmaq üçün hava limanına gələrkən öyrənib.

Ana səhifəSiyasətMəhkəmə həbsdə olan jurnalistin şikayətinə mahiyyəti üzrə baxsa da, sonda əleyhinə qərar çıxarıb