Bir sıra siyasi cinayət işləri üzrə müdafiəçi kimi çıxış etmiş tanınmış vəkil Zabil Qəhrəmanov 23 oktyabr 2025-ci il tarixdə xuliqanlıq əməli törətməsi şübhəsi ilə polis tərəfindən tutulub.
Gəncə Şəhər Polis İdarəsi tərəfindən Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 25 oktyabr 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsi vəkil Z. Qəhrəmanov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Vəkilin barəsində cinayət işi açılması və onun həbs olunması ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. İnsan hüquqları fəalları və vəkilin bir sıra həmkarları onun həbs edilməsini siyasi motivli qisasçılıq aktı olduğunu qeyd edirlər.
Z. Qəhrəmanov Gəncə şəhər polisinin vətəndaşları pis rəftara qoyması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşmışdı. Bundan əlavə, o, siyasi motivli və həssas cinayət işlərində vəkil kimi çıxış edib. O, Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilmiş Nərmin Quliyevanın qətli işində müttəhim olan İlkin Süleymanovun vəkili olub. Həbsindən iki həftə əvvəl vəkilin fəaliyyəti Vəkillər Kollegiyası tərəfindən 6 ay müddətinə dayandırılmışdı.
“Qafqazinfo”nun dərc etdiyi qısa və kəsilmiş videogörüntü
Vəkilin həbs edilməsindən sonra hökumətyönümlü media orqanı olan “Qafqazinfo” “Tanınmış vəkilin saxlanılmasına səbəb olan hadisənin – Videosu” başlıqlı xəbər dərc edib. Həmin xəbərin altbaşlığında “Tanınmış vəkil Zabil Qəhrəmanovun xuliqanlıq ittihamı ilə saxlanılmasına səbəb olan hadisənin videosu üzə çıxıb” cümləsi qeyd edilib. Xəbərin məzmununda isə bu ifadələrə yer verilib:
““Qafqazinfo”nun əldə etdiyi kamera görüntülərində vəkilin insident zamanı bir vətəndaşa təpiklə xəsarət yetirdiyi görünür.
Hadisə Göygöl rayonundakı avtoyuma məntəqəsində baş verib. Tərəflər arasında yaranan sözlü mübahisə sonradan davaya çevrilib. Nəticədə vəkil qarşı tərəfə fiziki güc tətbiq edib.
Zabil Qəhrəmanov bu insidentlə bağlı polis əməkdaşları tərəfindən saxlanılaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb edilib”.
Xəbərin məzmunu 7 saniyəlik qısa videogörüntü ilə müşayiət olunub. Həmin videogörüntüdə Z. Qəhrəmanovun bir nəfərə (avtoyuma işçisi olduğu güman edilir) təpik atdığı, həmin təpiyin ona sadəcə toxunduğu və kənardakı şəxslərin onları ayırdığı görünür.
Videogörüntü sosial şəbəkələrdə yayıldıqdan sonra sosial şəbəkə istifadəçiləri “Qafqazinfo”nun paylaşımını tənqid edən şərhlər yazaraq həmin videogörüntünün kəsildiyini və bunun ictimai rəydə Z. Qəhrəmanov barəsində “cinayətkar” təəssüratı yaratmaq məqsədi daşıdığını qeyd ediblər.
“Qafqazinfo” həmin kamera görüntüsünü necə əldə etdiyini açıqlamayıb və görüntünün qəsdən kəsilməsinə dair şərhlərə münasibət bildirməyib.
Hökumətyönümlü medianın iş materiallarını selektiv yayma təcrübəsi
Xatırladaq ki, Azərbaycanda hökumətyönümlü media tərəfindən müxalif və tənqidçi şəxslərə qarşı açılan siyasi motivli cinayət işlərində iş materiallarının selektiv şəkildə yayılması təcrübəsi geniş yayılıb. Bundan əvvəl, Azərbaycanda hakimiyyətin birbaşa nəzarətində olan və maliyyələşdirilən media orqanları – “Baku TV”, “Oxu.az”, “Real TV”, “APA”, “Qafqazinfo”, “Report” və bir sıra İnformasiya Agentlikləri “AbzasMedia”, “Toplum TV”, “Meydan TV” və digər şəxslərlə bağlı ibtidai istintaq gedən zaman onları qaçaqmalçılıqda ittiham edən, həmin işlər üzrə sübut kimi təqdim edilən və yalnız istintaqla əldə edilə bilən məlumatlar paylaşmışdılar. Həmin materiallar da selektiv olaraq paylaşılmışdı və bu işlər üzrə ittiham edilən siyasi məhbusları barəsində ictimai rəydə neqativ rəy yaratmaq və onarı cinayətkar kimi təqdim etmək məqsədi daşıyırdı.
Meydan TV-nin məsələ ilə bağlı araşdırmasında materialların bu cür paylaşılması nəticəsində həmin işlərdəki müttəhimlərin reputasiya hüququnun pozulduğu müəyyən edilmişdi.
Media orqanının cinayət işi üzrə məlumat yayma öhdəlikləri
Həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquqa əsasən media orqanı cinayət işi haqqında xəbər hazırlayarkən bir sıra öhdəliklərə riayət etməlidir. Bu öhdəliklərdən biri müttəhimlərin reputasiya hüququna hörmət etmək və onlara qarşı qarayaxma məlumatlar (diffamasiya) dərc etməməkdir.
Azərbaycan qanunvericiliyi reputasiya hüququnu (başqa sözlə desək, şərəf və ləyaqətin müdafiəsi hüququ) konstitusion səviyyədə qoruyur. Konstitusiya (maddə 46) müəyyənləşdirir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Mülki Məcəlləyə (maddə 23) əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyin təminat verdiyi reputasiya hüququna həmçinin natamam dərc edilən məlumatlar aiddir. Mülki Məcəllə nəzərdə tutur ki, faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, onda zərərçəkən şəxs eyni qaydada təkzib və təzminat tələbi irəli sürə bilər.
Mətbuat orqanlarına münasibətdə xüsusi qaydalar müəyyənləşdirən “Media haqqında” Qanun da media orqanlarınının üzərinə şəxslərin şərəf və ləyaqətini alçaltmamaq öhdəliyi qoyur (maddə 14) və belə hüquq pozuntularına görə təkzib və təzminat öhdəliyi qoyur (maddə 18).
Bundan əlavə, media orqanı internet resursunda şəxsin reputasiya hüququnu pozduğuna görə mülki hüquqi məsuliyyətlə yanaşı, inzibati xəta məsuliyyətinə də cəlb edilə bilər. İnzibati Xətalar Məcəlləsinə (maddə 388-1) əsasən, belə hallarda media orqanının vəzifəli şəxsi (jurnalist və ya məsul redaktor) min manatdan min beş yüz manatadək cərimələnə bilər yaxud ona bir ayadək müddətə inzibati həbs edilə bilər. Bu halda isə media orqanının özü min beş yüz manatdan iki min manatadək cərimələnə bilər.
Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsi də öz növbəsində məhrəmiyyət hüququ (privacy) çərçivəsində reputasiya hüququnu və qarayaxmadan (diffamasiyadan) qorunmaq təminatını müəyyənləşdirir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hüquqi təcrübəsində əsasən media orqanının ifadə azadlığı və barəsində xəbər gedən şəxsin reputasiya hüququnun tarazlaşdırılması məqsədi ilə müəyyən meyarlar təsbit edilib: 1) araşdırılan material ictimai maraq doğuran məsələlərin müzakirəsinə töhfə verirmi; 2) xəbər materialında barəsində bəhs edilən şəxs nə dərəcədə pis ad çıxarıb; 3) müvafiq şəxs əvvəllər necə davranıb; 4) dərc edilən materialın məzmunu, forması və nəticələri nədən ibarətdir. Əgər media orqanı həmin meyarları nəzərə almazsa, bu halda şəxsin reputasiya hüququnun pozuntusuna yol verir və buna görə hüquqi məsuliyyətə cəlb edilir.
“Qafqazinfo”nun xəbərindəki hüquq pozuntusu
“Qafqazinfo” videogörüntünü hansı yolla əldə etdiyini açıqlamayıb. Amma Z. Qəhrəmanov barəsində cinayət işinin açıldığını nəzərə alsaq, həmin videogörüntünün “Qafqazinfo”ya hüquq mühafizə orqanları tərəfindən qeyri-rəsmi qaydada verildiyini ehtimal etmək olar. Həmin video material ya Təhlükəsiz Şəhər kamerasından ya da yaxınlıqdakı ictimai iaşə obyektinin təhlükəsizlik kamerasından çəkilmiş ola bilər.
“Qafqazinfo”nun dərc etdiyi videogörüntü natamamdır və kəsilib. Bununla da həmin görüntü vasitəsilə “Qafqazinfo” Z. Qəhrəmanovun ittiham olunduğu xuliqanlıq əməlini törətdiyi təəssüratını ictimaiyyətlə bölüşüb. Xəbərin yazılı məzmununda da Z. Qəhrəmanovun avtoyuma işçisinə təpiklə xəsarət yetirməsi ifadə edilir və fiziki güc tətbiq etdiyi qeyd edilir. Ardınca isə bu insidentlə bağlı vəkilə qarşı cinayət işi açıldığı vurğulanır.
“Qafqazinfo” həm kəsilmiş formada və kontekstdən çıxarılmış material dərc etməklə, həm də həmin videomaterialı müşayiət edən yazılı mətndə vəkilin hərəkətlərinin cinayət olduğuna ictimaiyyəti inandırmağa çalışıb. Bununla da media orqanı vəkili ictimaiyyətə “cinayətkar” kimi təqdim edib. Bundan əlavə, “Qafqazinfo” nə Z. Qəhrəmanovdan, nə də onun müdafiəçilərdən əks mövqe almayıb.
Nəticədə isə, “Qafqazinfo”nun natamam videogörüntü və ittihamedici cümlələrlə ifadə edilmiş xəbərində vəkil Z. Qəhrəmanov sanki xuliqanlıq cinayət əməlini törətmiş kimi təqdim edilib. Bu cür təqdimat Z. Qəhrəmanovun reputasiya hüququnun pozuntusudur.
Bu hüquq pozuntusuna görə isə “Qafqazinfo” media qurumu olaraq mülki hüquqi məsuliyyət daşıyır. Vəkil Z. Qəhrəmanov mülki iddia ilə “Qafqazinfo”ya qarşı məhkəməyə müraciət edərək təkzib və təzminat tələb edə bilər. Bundan başqa, internetdə məlumat yayma qaydalarını pozduğuna görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Baş Prokurorluq “Qafqazinfo” saytını və onun məsul redaktorunu cərimə etmək üçün məhkəməyə müraciət etməlidir.
Zabil Qəhrəmanov barəsində natamam qarayaxma xəbərinə görə “Qafqazinfo”nun hüquqi məsuliyyətə cəlb edilməsi AİHM-in hüquqi təcrübəsinə uyğundur.