close

Məhkəmə 52 gündür aclıq edən AXCP fəalını ev dustaqlığına buraxmaqdan imtina etdi

Zamin Salayev, Mənbə: Rüfət Səfərov

Vəkili onun söhhətində problem yarandığını, güclə yeridiyini deyir

Martın 30-da Qaradağ Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının həbsdə olan sədri Əlizamin Salayevin ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

Həbsdə 52 gündür aclıq etdiyi bildirilən AXCP fəalının özü də məhkəməyə gətirilib.

Əlizamin Salayev məhkəmədə çıxışında təqsirsiz olduğunu, ona böhtan atıldığını bildirib. O vurğulayıb ki, hadisə vaxtı nə üstündə bıçaq olub, nə də kimisə bıçaqlayıb.

“Mən siyasi fəaliyyətimə görə şərlənmişəm”, – Əlizamin Salayev bildirib.

Onun vəkili Nemət Kərimli müvəkkili barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyib. Müdafiəçinin sözlərinə görə, Əlizamin Salayev haqqında həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas yoxdur. O, həbsdə saxlanmadan da istintaq davam etdirilə bilər.

Lakin hakim Urfan Mürsəlov vəsatəti təmin etməyib, Əlizamin Salayevin ev dustaqlığına buraxılmasından imtina olunub.

Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

İki aya yaxın davam edən aclığın müvəkkilinin səhhətində ciddi problemlər yaratdığını deyən vəkilinin sözlərinə görə, Əlizamin Salayev artıq yeriməkdə çətinlik çəkir. Buna baxmayaraq, o, hələ də saxlandığı Bakı İstintaq Təcridxanasında daimi həkim nəzarətində deyil – kamera şəraitində saxlanılır, təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib:

“Kifayət qədər arıqlayıb. Zorla hərəkət edir”.

Buna baxmayaraq, Əlizamin Salayev aclığı davam etdirməkdə israrlı olduğunu deyib.

Qaradağ Rayon Məhkəməsi. Foto: “Musavat.com”

Fevralın 8-də Qaradağ rayon Məhkəməsində Əlizamin Salayev haqqında həbs qərarı verilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.
Lakin məhkəmədə Əlizamin Salayev deyib ki, bu ittiham yalandır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında “Lökbatan dairəsi” adlanan ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün yol kənarında maşın gözləyərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Həmin şəxs qəfildən əlini cibinə salıb bıçaq çıxarıb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli adam çıxıb: “Başa düşdüm ki, məni həbs eləmək üçün plan qurublar”.

AXCP-nin fəal üzvlərindən olan Əlizamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Əlizamin Salayev bir müddət öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Ana səhifəSiyasətMəhkəmə 52 gündür aclıq edən AXCP fəalını ev dustaqlığına buraxmaqdan imtina etdi