“Saxta ittiham əsasında həbs edilməyim azmış kimi, heç bir rəsmiyyətə dayanmayan, qeybdən gələn səs nikah bağlamağıma veto qoyur”, – Aytac Tapdıq yazır
Meydan TV-nin həbs olunan əməkdaşı Aytac Tapdıq nikaha daxil olmaq hüququnun pozulduğunu bildirir.
“Şərlənərək saxlanıldığım 1 saylı Bakı İstintaq Təcridxanasında nikaha daxil olmaq hüququm pozulur. Yanvardan etibarən nikah üçün ərizə ilə müraciət etsəm də, zəruri prosedurlardan keçməyimə şərait yaradılmır”, – Aytac Tapdıq öz məktubunda yazır.
Jurnalist daha sonra qeyd edir ki, təcridxana rəhbərliyinə etdiyi müraciətdən 2 ay keçdikdən sonra cavab alıb ki, istintaq ona evlənməyə icazə vermir. Bakı Şəhər Baş Polis İdarəsinin “Meydan TV işi” üzrə müstəntiqi Samir İsmayılov öncə problem olmadığını desə də, sonradan icazə verilmədiyini şifahi olaraq bildirib.
“Bu isə bu qanunsuz qadağanın BŞBPİ-dən yox, əsl “istintaq qrupundan” gəldiyini göstərir. Saxta ittiham əsasında həbs edilməyim azmış kimi, heç bir rəsmiyyətə dayanmayan, qeybdən gələn səs nikah bağlamağıma veto qoyur”, – Aytac Tapdıq yazır.
Aytac Tapdıq məktubunda evlənmək istədiyi adamın heyvan haqları fəalı Kamran Məmmədli olduğunu qeyd edir.
Kamran Məmmədli heyvanların hüquqlarının müdafiəsilə məşğul olan ictimai fəaldır. O, noyabrın 15-də Bakıda BMT-nin iqlim dəyişikliyi konfransında təkadamlıq etiraz aksiyası keçirdiyi zaman mühafizə xidməti tərəfindən saxlanılaraq, polislərə təhvil verilib. Hazırda fəalın ölkədən çıxış qadağası var. Bunu Kamran Məmmədli dekabrın 2-də Tbilisiyə yollanmaq üçün hava limanına gələrkən öyrənib.
“Bu qadağa həm mənim, həm də evlənmək istədiyim insan haqları və heyvan haqları müdafiəçisi Kamran Məmmədlinin fəaliyyətinə yönəlmiş təzyiqdir”, – deyə Aytac Tapdıq bildirir və əlavə edir ki, həbs olunmağı onu konstitusiya ilə qorunan hüquqlarından məhrum etmir:
“Necə ki, jurnalist fəaliyyətimə görə üzləşdiyim qaçaqmalçılıq ittihamı tamamilə qanunsuzdur, eləcə də rəsmi nikahıma qarşı verilən şifahi rədd cavablarının heç bir hüquqi əsası yoxdur.”
Jurnalist hüququnun bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirib.
“Azərbaycan Konstitusiyasının 34-cü maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsi hər bir şəxsin evlənmək – ailə həyatı qurmaq hüququna təminat verir“, hüquqşünas Emin Abbasov Meydan TV-yə məsələni şərh edərkən bildirib.
O deyib ki, Azərbaycanda nikaha daxil olmaq icazə və ya istintaq orqanlarının və digər icra hakimiyyəti qurumlarının razılığı əsasında deyil, Ailə Məcəlləsində nəzərdə tutulmuş hüquqi şərtlərlə tənzimlənən və Konstitusiya ilə təminat altına alınmış əsas insan hüquqlarındandır:
“Hazırki işə gəldikdə Azərbaycan qanunveriliciyi baxımından şəxsin həbsdə saxlanması onun nikaha daxil olmaq hüququnu aradan qaldırmır və bu hüququn məhdudlaşdırılması yalnız qanunla müəyyən edilmiş və bu əsaslandırıla (yəni ona haqq qazandırmaq mümkün olduqda) bilən hallarda mümkün ola bilər.
Ailə Məcəlləsinin 11 və 12-ci maddələrində nikahın şərtləri və ona mane olan hallar açıq şəkildə göstərilib və həmin hallar arasında şəxsin həbsdə olması göstərilmir.
Bundan əlavə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15.2.5-ci maddəsi, eləcə də İstintaq Təcridxanalarının Daxili İntizam Qaydalarının 8.1.26 və 29-cu maddələri şəxsin həbsdə saxlanma yerində olduğu dövr ərzində nikah bağlamaq və digər ailə-hüquq münasibətlərində iştirak etmək hüququnu tanıyır.
Nəticə etibarı ilə istintaq orqanlarının və ya penitensiar qurumların vəzifəli şəxslərinin şəxsi həyatın muxtariyyətinə qarşı qanuni əsası olmayan, həmçinin əsaslandırılmamış subyektiv mülahizələrə istinad edərək evliliyə müdaxiləsi hüquqi cəhətdən əsassız və şəxsi muxtariyyət hüququnun kobud pozulması halıdır”.
Aytac Tapdıq 2024-cü il dekabrın 6-da saxlanılıb.
Həmin gün onunla birlikdə Meydan TV-nin beş əməkdaşı Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı da saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi həbs olunması qərarını çıxarıb.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.