DİN faktla bağlı araşdırma aparıldığını deyir
Avqustun 1-də Bakının Xətai rayonunda mopedlə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində baş vermiş ölüm hadisəsinin videogörüntüləri yayılıb.
Videonu hadisə nəticəsində həyatını itirən Nurlan Mirzəyevin bacısı Fatimə Mirzəliyeva paylaşıb.
“Qardaşım kimlərinsə ucbatından həyatını itirdi. Polisin ixtiyarı, hüququ olmadığı halda, onu qovub, təhqir və təhdid etdiyi üçün qardaşım (mopedi-red.) saxlamayıb. Qayda-qanun var, şəklini çək, cəriməni yaz. Uşaqla prinsipiniz nə idi ki, öldürmədən əl çəkmədiniz? Bir polis, iki mülki maşın arxadan vuraraq qəza şəraiti yaradır. Həmin iki mülki maşın sıxışdırır, divara sürtülür. Soyuq silahla zərbə vurur, yəni dubinka ilə, daha sonra isə qardaşım maşına çırpılır və yerindəcə keçinir”, – Fatimə Mirzəliyeva yazıb.
Vətəndaş hadisənin ört-basdır edildiyini, hətta aidiyyəti qurumdan bununla bağlı mətbuata məlumat verilmədiyini də deyib.
Videodan görünür ki, iki mülki və bir Dövlət Yol Polisi (DYP) avtomobili moped sürücüsünü izləyir.
Onlar bir neçə dəfə qəza vəziyyəti yaradırlar.
DYP avtomobilini idarə edən polis isə moped sürücüsünə söyüş söyərək saxlamağı əmr edir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Meydan TV-nin məsələ ilə bağlı ünvanladığı sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 1-də saat 04:30 radələrində paytaxtda baş verib.
“Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək “Hyundai” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini Nurlan Mirzəyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”, – məlumatda deyilir.
Meydan TV-nin DİN-ə ünvanladığı “Ölüm faktı olduğu üçün polis əməkdaşlarına qarşı hansısa tədbir görülübmü?”, – sualı cavabsız buraxılıb.