close

Nazir: “Taksi xidmətində qiymət artımı olacaq”

Taksi. Foto: natatravel/shutterstock

Qubad İbadoğlu: “Rəşad Nəbiyev bu mövzuda danışmağa hüququ olan sonuncu şəxsdir”

Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq”.

Bunu iyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

“Avtomobil nəqliyyatı haqqında” qanunun müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Nazirin sözlərinə görə, dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər taksi xidməti yoxdur:

“Ona görə də artım gözlənilir”.

Rəşad Nəbiyev. Foto: Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi

“Təxminən ilin sonuna qədər 60-a yaxın qısa zolaqların çəkilməsini və istifadəsinin təmin edilməsini hədəfləyirik. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır”, – deyə Rəşad Nəbiyev əlavə edib.

Nazir deyib ki,onların əsas məqsədi taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır:

“Statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”.

 R.Nəbiyev onu da deyib ki, qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil:

“Qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır”.

Yeni mexanizmdə icazə olmadan fəaliyyət göstərmək qadağan edilir”

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin sərnişin və yük daşımaları sahəsində icazənin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb:

Tahir Mirkişili
Foto:: Tahir Mirkişilinin şəxsi arxivindən

“İcazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir, icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilir. Yeni mexanizmdə icazə olmadan fəaliyyət göstərmək qadağan edilir, taksilərin və avtobusların daxili və xarici tərtibatının uyğunluğuna nəzarət mexanizmi yaradılır. “Fərqlənmə nişanı” yalnız fiskal alət rolunu yerinə yetirəcək”,- deyə komitə sədri əlavə edib.

“Sürücülər bəzən içkili olurdu”

Deputat Rüfət Quliyev qanunun qəbulunu müsbət hesab edib:

“Ona görə ki, ölkədə 5 taksi aqreqatoru at oynadır, hökmranlıq edir. İndi haqlı rəqabət ola bilər. Hökmranlıq edən şirkətlərə görə fəsadlar çox oldu. İnsanlar narahat olurdu, onların sürücülərinin xarici görkəmi normal deyildi. Sürücülər bəzən içkili olurdu. Biz haqlı rəqabətin tərəfdarıyıq. Biz Bakını Tbilisi ilə müqayisə edə bilmərik. Amma mən deyirəm ki, neçə aqreqator olur olsun, əsas haqlı rəqabət olsun”.

Rüfət Quliyev
Mənbə: Report.az

“Türkiyədə “Uber” qadağan olunub”

Onun həmkarı Elnur Allahverdiyev iddia edib ki, metrodan istifadə edənlərin sayının azalmasının səbəbi taksilərdir:

Dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya əsasən, metrodan istifadə halları azalıb. Bu da Bakıda əhalinin sayının azalması və digər səbəblərlə bağlı deyil”.

Elnur Allahverdiyev
Foto: Elnur Allahverdiyevn şəxsi arxivindən

Deputat hesab edir ki, taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir:

“Azərbaycanda beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda Türkiyədə “Uber” qadağan olunub. Bu, bir reallıqdır. Tbilisdə təkcə “Bolt” fəaliyyət göstərir. Biz də bu qaydadan istifadə edib, 3,5 taksi aqreqatorunu ədalətli rəqabətə cəlb edə bilərik”.

“Özbəkistanda taksilərin sayı Azərbaycandan çoxdur”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtsiadçı Qubad İbadoğlu Meydan TV-nin sorğusunu cavablandırarkən bildirib ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu mövzuda danışmağa hüququ olan sonuncu şəxsdir:

“Çünki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bakı taksi xidməti MMC”nin sahibidirsə, deməli, korporativ marağı var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində “Bakı taksi xidməti MMC” fəaliyyət göstərirsə, bu, kommersiya fəaliyyətidir. Məsələ ondadır ki, nazirliyin dövlət siyasətini müəyyənləşdirməsi maraqlar konflikti yaradır”.

Q.İbadoğlu getdiyi ölkələr arasında ən ucuz taksi xidmətinin Özbəkistanda olduğunu vurğulayıb:

“Mayın sonunda taksi qaldığım hoteldən hava limanına 3 dollara apardı. İkincisi, Özbəkistanda taksilərin sayı da Azərbaycandan çoxdur. Eyni situasiyanı Qırğızıstanda da müşahidə etmişəm. Bişkek və Daşkəndən paytaxt olaraq hər min nəfərə götürdükdə, taksi sayına görə Bakıdan üstün mövqedədir. Həm adlarını xatırladığım ölkələrdə taksi tarifləri ucuzdur. Çünki rəqabətli bazar qalır və dövlətin müdaxiləsi yoxdur”.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

İqtisadçı deyir ki, Praqada, Berlində, Budapeştdə taksilərin sayı Bakıdan azdır:

“Çünki bu şəhərlərdə alternativ nəqliyyat xidmətləri var, tramvay xidməti Azərbaycandakı kimi ləğv edilməyib. İkincisi, bu şəhərlərdə hava limanına getmək üçün yalnız avtobusdan istifadə olunmur, birbaşa dəmiryolu və metro nəqliyyatı var. Azərbaycan 30 ildən çoxdur müstəqillik qazanıb, amma hava limanına hələ metro və yaxud dəmir yolu çəkmədi. Bilirsiniz, alternativlər çox olanda taksilərə ehtiyac azalır. Azərbaycan nəqliyyatının problemi odur ki, tramvay, troleybus nəqliyyatını 90-larda məhv etdilər. Ona görə əhalinin böyük qismi taksilərdən istifadə etməyə məcbur olur”.

Q.İbadoğlu müvafiq nazirliyin ilk işinin nəqliyyat infrastrukturunu qurmaq olduğunu düşünür:

“Yalnız bundan sonra dediklərini gündəmə gətirə bilərlər. Mən nəqliyyatda islahatların əleyhinə deyləm. Amma nazirliyin islahatları inhisarçılığa gətirməməli və koorporativ maraqlara xidmət etməməlidir. Əskinə, islahatlar rəqabəti dəstəkləməlidir. Həmçinin, islahatların aparılması üçün zaman düzgün seçilməyib. Yəni əvvəlcə infrastruk işləri görülməliydi”.

İqtisadçı-professor Nazim Bəydəmirli nazirin çıxışına ironik reaksiya verib:

Kasıbların nə işi var taksidə, işsizlərin nə işi var taksi sürücüsü işləməkdə? Ümumiyyətlə, rəqabətin nə işi var bizim ölkədə?”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli, Foto: APA

Nazim Bəydəmirli müxtəlif ölkələrdən misal çəkən nazirə və keçmiş həmkarlarına belə cavab verib:

“Mən hələ bu dünyadan misal çəkən, ingiliscə danışmağı bacaran, islahatçılar sinfindən olan bir məmurdan eşitmədim ki, dünyanın heç bir ölkəsi rəqabətsiz olan mühitdə, indiki inkişaf səviyyəsinə, rifah halına gəlib çıxmayıb. Bunu deyə bilməyənlər niyə dünyadan misal çəkirlər?!”.

Ana səhifəSosialNazir: “Taksi xidmətində qiymət artımı olacaq”