close

Nurlan Libre və Xəyalə Ağayevanın apelyasiya şikayətləri təmin edilməyib

Photo collage: Meydan TV

Sabah “Meydan TV işi” üzrə digər həbs olunanların apelyasiya şikayətlərinə baxılacaq

İyulun 2-də Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Nurlan Qəhrəmanlı (Libre) və Xəyalə Ağayevanın həbs qətimkan tədbirinin uzadılmasına dair verilmiş apelyasiya şikayətlərinə baxılıb.

Nurlan Qəhrəmanlının məhkəmə prosesi hakim Emin Əliyevin sədrliyi ilə keçirilib və onun vəsatəti təmin olunmayıb.

Xəyalə Ağayevanın işi üzrə isə prosesə hakim İbrahim İbrahimli baxıb və onun da vəsatəti təmin edilməyib.

“Meydan TV işi” üzrə digər həbs olunanların həbs qətimkan tədbirinin uzadılmasına görə verilmiş apelyasiya şikayətlərinə iyulun 3-də baxılacaq.

İyunun 24-də Meydan TV-nin jurnalistləri Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa (Ağayev) və bu iş üzrə həbs olunmuş jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva), Nurlan Libre (Qəhrəmanov), eyni zamanda vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun həbs müddəti daha 3 ay uzadılıb.

2024-cü il dekabrın 6-da Meydan TV-nin beş əməkdaşı-  Ramin Cəbrayılzadə (Deko ), Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi onun həbs olunması qərarını çıxarıb.

Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəSiyasətNurlan Libre və Xəyalə Ağayevanın apelyasiya şikayətləri təmin edilməyib