close

Ölkəyə 1,38 milyard dollar dəyərində avtomobil idxal olunub

Foto: Tynka\shutterstock

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana avtomobil idxalında nəzərəçarpacaq artım qeydə alınıb.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu dövrdə ölkəyə ümumilikdə 74 min 481 ədəd müxtəlif növ avtomobil gətirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal həcmi 26 faiz artıb. İdxal əməliyyatlarının dəyəri isə 1 milyard 381 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 24 faiz artım deməkdir.

Ölkəyə gətirilən nəqliyyat vasitələri arasında avtobus və mikroavtobusların da payı diqqət çəkir. Belə ki, cari ilin səkkiz ayında 478 ədəd, sərnişin sayı 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi idxal olunub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. 

Statistik məlumatlara əsasən, idxal olunan avtobusların orta qiyməti təqribən 90 min dollar (154 min manat) təşkil edir. Müqayisə üçün qeyd edək ki, ötən il bir avtobusun orta qiyməti 87 min dollar (148,3 min manat) olub. Bu da göstərir ki, qiymətlərdə müəyyən artım baş verib.

Habelə cari ilin yanvar-avqust aylarında ölkəyə 68 min 295 ədəd minik avtomobili gətirilib. Onların ümumi dəyəri 1 milyard 242 milyon dollara bərabər olub. Ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin idxalında say baxımından 28,8 faizlik, dəyər baxımından 27,7 faizlik artım baş verib.

Statistik rəqəmlərdə son illərdə qlobal tendensiyalara uyğun olaraq Azərbaycanda da hibrid və elektriklə işləyən avtomobillərə maraq artdığını görmək olur. 2025-ci ilin ilk 8 ayında ölkəyə 37 min 183 ədəd hibrid avtomobili gətirilib. Bu, ötən illə müqayisədə 4 dəfə çoxdur. Hibrid avtomobillərin idxal dəyəri 733 milyon dollar təşkil edib. Hər birinin orta qiyməti isə 20 min dollar (34 min manat) civarına düşür.

Elektromobil idxalında isə əksinə, azalma müşahidə olunub. Hesabat dövründə ölkəyə 1412 ədəd elektromobil gətirilib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 28,4 faiz azdır.

İdxal olunan elektromobillərin hər birinin orta qiyməti təqribən 31,1 min dollar (52,8 min dollar) təşkil edib. Belə ki, bu il 44,3 milyon dollar dəyərində elektrik avtomobili ölkəyə gətirilib.

Ana səhifəXəbərlərÖlkəyə 1,38 milyard dollar dəyərində avtomobil idxal olunub