“İsrail rejimi heç bir beynəlxalq hüquqi və humanitar normalara əməl etmir”
Oktyabrın 11-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
“İrna” agentliyinin məlumatına görə, dövlət başçıları Türkmənistanda Məqtimqulu Farahinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Zamanlar və sivilizasiyalar əlaqəsi – sülh və inkişafın əsası” adlı beynəlxalq konfransda iştirakı çərçivəsində görüşüblər.
Bu, Vladimir Putinin İranın yeni Prezidenti ilə ilk görüşüdür.
Məsud Pezeşkian Rusiya ilə birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
“Rusiya ilə münasibətlərimiz səmimi və strateji xarakter daşıyır”.
“İqtisadi və mədəni baxımdan əlaqələrimiz möhkəmlənir. İran və Rusiya arasında artan əməkdaşlıq tempi, hər iki ölkənin ali rəhbərliyinin iradəsini nəzərə alaraq, bu əlaqələrin möhkəmlənməsini sürətləndirməlidir”, – deyə İran dövlət başçısı qeyd edib.
O, iki dövlətin mövqelərinin yaxın olduğunu vurğulayıb:
“Dünyadakı mövqelərimiz digərlərindən çox bir-birinə yaxındır. Ümid edirəm ki, Rusiyada keçiriləcək BRİCS sammitində iştirakımız zamanı bu sazişi tamamlayacağıq”.
Məsud Pezeşkian regiondakı böhranlı vəziyyətə də toxunub:
“İsrail rejimi heç bir beynəlxalq hüquqi və humanitar normalara əməl etmir, regionda vəziyyət gərgindir. Avropa ölkələri və ABŞ region ölkələri arasında münasibətlərin sakit atmosferdə davam etməsini istəmir”.
Vladimir Putin deyib ki, iki ölkə arasında əməkdaşlıq onlar üçün əsas prioritetdir və iki tərəf arasında əlaqələrin inkişafı və ticarət dövriyyəsinin artması çox yaxşı gedir.
“Ria Novosti”nin məlumatına görə, Rusiya Prezidenti iranlı həmkarına iki ölkənin beynəlxalq hadisələrlə bağlı fikirlərini bölüşdüyünü deyib.
V. Putin bildirib ki, Moskva və Tehran beynəlxalq arenada fəal əməkdaşlıq edir və tez-tez dünyada baş verən hadisələri qiymətləndirməkdə razılaşırlar.
Putin Pezeşkianını Rusiyaya rəsmi səfərə dəvət edib.