close

Prezidentin bəyanatı Konstitusiya və beynəlxalq sənədlərlə uzlaşmır

İlham Əliyev. Foto: Meydan TV

Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına, həm də Konstitusiyaya görə beynəlxalq hüquqi öhdəliklərə əməl etməlidir

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımadığını bəyan edib.

Dövlət başçısı çıxışı zamanı bildirib ki, Azərbaycan AİHM hakimlərinin seçilməsində iştirak etmədiyi üçün həmin məhkəmənin qərarları ölkə üçün hüquqi qüvvəyə malik deyil:

“Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik.”

Bəs bu bəyanat hüquqi baxımdan nə dərəcədə əsaslıdır? Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquqi öhdəlikləri çərçivəsində Prezidentin bu cür açıqlama vermək və AİHM qərarlarının icrasından imtina etmək səlahiyyəti varmı?

Prezidentin Konstitusiya üzrə səlahiyyətləri

Azərbaycan Respublikasının Konstitusiyası Prezidentə geniş səlahiyyətlər verir, lakin bu səlahiyyətlər müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Dövlətin xarici siyasətində beynəlxalq müqavilələrə və insan hüquqları ilə bağlı öhdəliklərə riayət olunması beynəlxalq hüquqi öhdəliklərdən irəli gələn zərurətdir. Prezidentin Konstitusiya ilə müəyyən edilmiş vəzifələri sırasında daxili və beynəlxalq hüququn tətbiqi və icrası, eləcə də dövlətin beynəlxalq nüfuzunun qorunması yer alır.

Konstitusiyanın 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ölkənin daxili hüququnun ayrılmaz tərkib hissəsidir və qanunvericiliklə eyni hüquqi qüvvəyə malikdir. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq müqaviləyə qoşulduqda, həmin müqavilədən irəli gələn öhdəliklər hüquqi baxımdan məcburidir və ölkənin daxili hüquq sistemində birbaşa tətbiq olunmalıdır.

Bu kontekstdə Prezidentin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tanımamaq barədə  bəyanatı sual doğurur:

Dövlət başçısı bu cür öhdəlikləri təkbaşına rədd etmək səlahiyyətinə malikdirmi və belə bir bəyanat Konstitusiyanın beynəlxalq hüququn üstünlüyünü tanıyan müddəaları ilə nə dərəcədə uyğun gəlir?

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Prezidentin belə bir öhdəliyi təkbaşına ləğv etmək və ya icra olunmamasına dair qərar vermək səlahiyyəti yoxdur. Dövlət başçısının bu cür bəyanatı, Konstitusiyanın beynəlxalq hüququn üstünlüyünü və beynəlxalq müqavilələrin daxili hüququn bir hissəsi olduğunu tanıyan müddəaları ilə uyğun deyil.

Başqa sözlə, Avropa Məhkəməsinin qərarlarını tanımamaq və ya icrasını dayandırmaq yalnız siyasi bəyanat kimi qiymətləndirilə bilər, hüquqi nəticə doğuracaq səlahiyyət isə nə Prezidentdə, nə də icra hakimiyyətində mövcuddur. Bu qərarların icrası hüquqi öhdəlikdir və onların yerinə yetirilməməsi beynəlxalq hüququn pozulması deməkdir.

AİHM-in qərarlarının hüquqi statusu

Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və həmin tarixdən etibarən Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Bununla yanaşı, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını tanıyıb və Konvensiyadan irəli gələn öhdəlikləri qəbul edib.

Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etdikdən sonra, bu sənəddən və ona uyğun olaraq qəbul edilən AİHM qərarlarından irəli gələn öhdəliklər daxili hüquqi normativ çərçivəyə daxil olur və icrası məcburidir.

Bundan əlavə, Konstitusiyanın 151-ci maddəsində qeyd olunur ki, beynəlxalq müqavilələrlə daxili qanunvericilik arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilənin müddəaları tətbiq olunur (əgər bu müqavilə Azərbaycan tərəfindən ratifikasiya olunubsa). Bu, AİHM qərarlarının hüquqi üstünlüyünü bir daha təsdiqləyir.

Bu çərçivədə AİHM-in qərarları yalnız tövsiyə xarakterli sənədlər deyil, Azərbaycan dövləti üçün hüquqi cəhətdən bağlayıcı mənbə hesab olunur. Müvafiq olaraq, bu qərarların tanınmaması və ya icra edilməməsi, Azərbaycanın beynəlxalq öhdəliklərinin pozulması anlamına gəlir. Bu isə bir tərəfdən Konstitusiyanın yuxarıda qeyd olunan müddəaları ilə, digər tərəfdən isə beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir.

Seçki prosesində iştirak və legitimlik arqumenti

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın AİHM hakimlərinin seçilməsində iştirak etmədiyini əsas gətirərək, bu səbəbdən Məhkəmənin qərarlarının Azərbaycan üçün hüquqi qüvvəsinin olmadığını bəyan edib. Sitat: “Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik.” Bu arqument beynəlxalq hüququn prinsipləri çərçivəsində hüquqi əsas daşımır.

Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurasının təsis etdiyi və onun üzvü olan bütün dövlətlər üçün ümumi yurisdiksiyaya malik beynəlxalq məhkəmə orqanıdır. Məhkəmənin tərkibi və hakimlərin seçilməsi prosesi Avropa İnsan Hüquqları Konvensiyasına və onun əlavələrinə əsaslanır. Həmin sənədlərə əsasən, hakimlər fərdi deyil, sistem səviyyəsində- prosedur qaydalara uyğun seçilir və bu prosesin legitimliyi üzv dövlətlərin iştirak dərəcəsi ilə deyil, prosedurun şəffaf və Konvensiyaya uyğun həyata keçirilməsi ilə müəyyən olunur.

Bundan əlavə, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü kimi AİHM-in yurisdiksiyasını öncədən və könüllü şəkildə qəbul edib, Konvensiyaya qoşulmaqla bu mexanizmlərə etibar göstərib. Belə olan halda, seçkilərdə iştirak etməmək və ya müəyyən səbəblərlə səsvermədən kənarda qalmaq, həmin məhkəmənin qərarlarını rədd etmək üçün hüquqi əsas yarada bilməz.

Beynəlxalq hüquqda belə presedent yoxdur ki, bir dövlət, iştirak etmədiyi halda belə, tanıdığı beynəlxalq məhkəmə və ya qurumun qərarlarını legitimlik baxımından sorğulayıb, icradan imtina etsin. Əgər bir dövlət beynəlxalq məhkəmənin qərarlarını tanımırsa, bu, həmin məhkəmənin yurisdiksiyasını tanımadığı halda mümkündür. Azərbaycan isə bu yurisdiksiyanı tanıyır və hələ də Avropa İnsan Hüquqları Konvensiyasına tərəfdaşdır.

Nəticə etibarilə, seçki prosesində iştirak etməmək AİHM-in qərarlarının icrasından yayınmaq üçün hüquqi əsas sayıla bilməz. Bu yanaşma həm Konvensiyanın məntiqinə, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir.

Səsvermə hüququndan məhrumetmə AİHM qərarlarını tanımamaq üçün əsas sayıla bilərmi?

Prezident İlham Əliyev AİHM qərarlarını tanımamaqla bağlı mövqeyini Azərbaycan nümayəndə heyətinin 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququndan məhrum edilməsinə əsaslandırır. Onun fikrincə, Azərbaycan bu qərarların qəbulunda iştirak etmədiyindən, həmin qərarlar hüquqi qüvvəyə malik deyil.

Lakin Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 22-ci maddəsinə əsasən, AİHM hakimləri üzv dövlətlərin təqdim etdiyi namizədlər arasından AŞPA tərəfindən səs çoxluğu ilə seçilir. Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququ yalnız 2024-cü ilin yanvarında məhdudlaşdırılıb və həmin dövrdən bəri keçirilən hakim seçkilərində iştirak etməyib. Bununla belə, Azərbaycan nümayəndə heyətinin mandatı dondurulandan sonra AİHM-in Azərbaycandan olan hakimi ilə bağlı hər hansı seçki keçirilməyib. Hazırda bu vəzifəni 2017-ci ildə seçilmiş Lətif Hüseynov icra edir və onun səlahiyyət müddəti 2026-cı ilə qədər davam edir.

Bu baxımdan Azərbaycan yalnız 2024-cü ildən sonra keçirilən və digər ölkələrə aid olan 10 hakim seçkisində iştirak etməyib. Ancaq bu, həmin hakimlərin legitimliyini sual altına almağa və onların qəbul etdiyi qərarları tanımamağa hüquqi əsas vermir.

AŞPA Prosedur Qaydalarına görə, nümayəndə heyətinin mandatı yalnız üzv dövlətin Avropa Şurasının Nizamnaməsində əks olunmuş fundamental prinsipləri – o cümlədən insan hüquq və azadlıqlarını – ciddi şəkildə pozduğu hallarda dayandırıla bilər. Azərbaycan bu qaydaları və prosedurları Avropa Şurasına üzv olduğu vaxtdan qəbul edib. Başqa sözlə, mandatın dondurulması ehtimalı əvvəlcədən məlum idi və dövlət bu risklə razılaşaraq Avropa Şurasına qoşulub.

Beləliklə, AŞPA-nın tətbiq etdiyi sanksiyalar nəticəsində seçkilərdə iştirak etməmək, Azərbaycanın AİHM qərarlarını tanımamaq hüququnu yaratmır. Çünki Azərbaycan bu prosedurları əvvəlcədən qəbul edib və bu prosesin bir hissəsi olmağa razılıq verib.

Üstəlik, Azərbaycan həm Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, həm də Konstitusiyanın 12-ci və 151-ci maddələrinə görə beynəlxalq hüquqi öhdəliklərə əməl etməlidir. Bu sənədlərə əsasən, beynəlxalq hüquq daxili hüquqdan üstün sayılır və AİHM qərarlarının icrası hüquqi məcburiyyət daşıyır.

Qeyd edilməlidir ki, AİHM qərarlarının necə icra olunacağı məsələsi dövlətlərarası müqavilələrə əsaslanır və bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət səlahiyyəti Milli Məclisə məxsusdur. Prezident bu prosesdə yalnız icraedici rol oynayır və parlamentin müəyyən etdiyi hüquqi çərçivə daxilində hərəkət edə bilər. Hazırda parlament AİHK-in 46-cı maddəsinin şərtlərini qəbul edib və AİHM qərarlarının qeyd-şərtsiz icrasını nəzərdə tutub.

2017-ci ildə AİHM qərarlarının icrasının məhdudlaşdırılması ilə bağlı qanun layihəsi təklif olunsa da, sonradan bu təşəbbüs reallaşmayıb. Bu da onu göstərir ki, hazırda AİHM qərarlarının icrası ilə bağlı hüquqi mexanizm tam olaraq yerində qalır və qüvvədədir.

Nəticə:

Prezident İlham Əliyevin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tanımamaqla bağlı verdiyi bəyanat nə Azərbaycan Respublikasının Konstitusiyası, nə də ölkənin qoşulduğu beynəlxalq hüquqi sənədlərlə uzlaşır. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etməklə bu sənəddən irəli gələn öhdəlikləri, o cümlədən AİHM-in yurisdiksiyasını və qərarlarının icrasını hüquqi baxımdan qəbul edib.

Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi, mövcud beynəlxalq prosedurlara uyğun olaraq həyata keçirilmiş bir sanksiyadır və bu halın özü, ölkənin AİHM qarşısındakı öhdəliklərini sual altına almaq üçün hüquqi əsas yaratmır. Azərbaycan bu prosedur qaydaları əvvəlcədən qəbul etdiyindən, həmin prosedurların nəticəsi olaraq sanksiyaya məruz qalması hüquqi baxımdan öhdəlikdən imtina üçün əsas sayıla bilməz.

Bundan əlavə, Konstitusiyanın 148-ci və 151-ci maddələri beynəlxalq müqavilələrin və beynəlxalq hüququn daxili hüquq sistemində birbaşa tətbiqini və üstünlüyünü tanıyır. AİHM qərarlarının icrasının təmin olunması yalnız beynəlxalq hüquqdan irəli gələn məsələ deyil, həm də daxili hüquqi öhdəlikdir. Bu qərarların icrasına nəzarət və hüquqi tənzimləmə isə parlamentin səlahiyyətindədir və Prezidentin bu məsələdə qərarverici deyil, icraedici funksiyası var.

Beləliklə, verilən bəyanat siyasi xarakter daşısa da, hüquqi reallıqda onun əsası yoxdur. Azərbaycan beynəlxalq hüququn iştirakçısı kimi, öz üzərinə götürdüyü öhdəlikləri icra etməyə borcludur. Bu həm hüquqi dövlət prinsipinin qorunması, həm də Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş olaraq qalması baxımından vacibdir.

Ana səhifəAnalitikaPrezidentin bəyanatı Konstitusiya və beynəlxalq sənədlərlə uzlaşmır