close
>

“Qanunsuz küçə ticarəti”ndən ciblərə axan milyonlar

Mənbə: Meydan tv

Yazar: Rövşən Hacıbəyli

Bu ticarətlə məşğul olanların bir qismi həm də yeri gələndə polisin işinə yarayan adamlardı

Azərbaycanda 2001-ci ildən üzü bəri qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnir. Bu cəza İnzibati Xətalar Məcəlləsinin (İXM) 235-ci (Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi) maddəsində nəzərdə tutulur. Əvvəllər cərimənin məbləği 10 manatdan 35 manata qədər idi. İXM-ə edilən çoxsaylı dəyişikliklərdən sonra bu maddənin də adı dəyişdirilib “Qanunsuz küçə ticarəti” qoyuldu, cərimə məbləği də 80 manata qaldırıldı.

İXM. Maddə 454. Qanunsuz küçə ticarəti

Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə – səksən manat məbləğində cərimə edilir.

“Qanunsuz küçə ticarəti” ilə bağlı qadağa 2001-ci ildən qüvvədə olsa da, həmin ticarət bu gün də davam edir və paytaxt sakinlərinin çoxu bunu sərfəli sayır. Bir çoxu rayondan gətirilən, ekoloji cəhətdən təmiz məhsula üstünlük verdiyinə, eyni zamanda harasa getmədən qapıda aldığına görə bu ticarətdən razı qalır. Eyni zamanda daimi gəlib-gedən satıcıyla sakinlər arasında münasibət yaranır və onlar istədiyi məhsulu, ərzağı sifariş də verirlər. Yəni “qanunsuz küçə ticarəti sakinlərin rahatlığını pozur” kimi rəsmilərin arqumentləri əsassızdır. Çünki saxta arqumentdir, gündəlik qazanc mənbəyi kimi əvəzsiz olan bu qadağan olunmuş ticarət onlara böyük pullar qazandırır. Uzun illərin müşahidəsi əsasında deyə bilərəm ki, indiyə qədər həyətə şəxsi maşınıyla məhsul gətirən satıcıların arxasınca polisin gəlməsində heç vaxt gecikmə olmayıb, proses saat mexanizmi kimi həmişə dəqiq işləyib, işləyir…

Bəs niyə hamının gözü qarşısında bu “qanunsuz” ticarət davam edir. Çünki həmin “qanunsuz” ticarət polisin əli ilə “tənzimlənir”. Bu ticarətin rəsmən qadağan olunması polisin müdaxiləsinə geniş imkanlar açır, çünki əllərində daşdan keçən İnzibati Xətalar Məcəlləsi var, yaxşı gəlir gətirən Məcəllə. Paytaxtda bütün binaların həyətində hər gün ya rayondan öz məhsulunu gətirənlər (onların arasında alverçilər də var), ya da şəhərdə şəxsi maşını ilə bu ticarətlə məşğul olanlar məhsulunu satır. Onlar həyətə çatandan az sonra polis də gəlir, ya gündəlik pulunu – 3-5 manatını alıb gedir, ya da bu pulu verməyəni tutub bölməyə aparıb 80 manat cərimələyir (cərimə nadir hallarda olur, əsasən, birinci varianta üstünlük verilir). İş bununla bitmir, kimlərsə bəlli binaların həyətində gündəlik “qanunsuz” ticarətlə məşğul olursa, o, gündəlikdən əlavə, yerindən asılı olaraq, 50 manatdan 100 manata qədər aylıq ödəməlidir.

Bundan başqa, qanuni ticarətlə məşğul olanlar, tutaq ki, hər bir sənədi qaydasında olan istənilən dükan işlədənlər mağazanın qapısından çölə nəsə qoyurlarsa, bu artıq küçə ticarəti sayılır, onlar ya aylıq və gündəlik “rüsum”, ya da cərimə ödəməlidirlər. Bir çox hallarda qarşılıqlı anlaşma əsasında cərimədən vaz keçilir. Ərzaq mağazası işlədənlərin, demək olar, hamısı soyuducuları dükanın qabağına qoyur (şəhərin hər yerində belədir) bu isə “qanunsuz küçə ticarəti” anlamına gəlir və polisin müdaxiləsi ilə nəticələnir. Sevindirici məqam odur ki, sahibkarla polis arasında mübahisə uzun çəkmir. Həmişəki kimi tərəflər razılığa gələ bilir, daha doğrusu, sahibkar qoyulan tələbi yerinə yetirmək zorunda qalır. Mağazanın qarşısına qoyulan hər soyuducunun aylıq qiyməti 100 manatdır, yəni 5 soyuducu qoyursansa, 500 manat aylıq ödəməlisən (bəzi zonalarda aşağı yeri də var), bunun gündəlik yığılan “rüsum”a dəxli yoxdur. “Tariflər” mağazaların profilinə, yerlərinə görə dəyişir. Paltar, xırdavat, tikinti materialları və s. mağazalar satdıqları mala uyğun “rüsum” ödəyir.

Bakının rayon və qəsəbələrini, ticarət obyektlərini, malları, soyuducuları obyektinin qarşısına qoyan mağazaları, hər gün həyətinizə gələn maşınları, yəni “qanunsuz küçə ticarəti” ilə məşğul olanları düşünün, qanunsuz qazanılan, ciblərə axan milyonları, miqyası təsəvvür edə bildinizmi?..

Bu ticarətlə məşğul olanların bir qismi həm də yeri gələndə polisin işinə yarayan adamlardı. Onlardan müxtəlif məqsədlər üçün istifadə olunur. Yalançı şahid, “aksiyaçı”, aksiyalara etiraz edən “xalqın nümayəndəsi”, “paytaxt sakini” və s. Məsələn, çoxunun yadında olar, 2019-cu ilin 8 martında qadınların “8 Marş – zorakılığa qarşı GET” yürüşündə metronun “İnşaatçılar” stansiyası ətrafında küçə ticarəti ilə məşğul olan qadınları aksiyaçılar qarşısına çıxarmışdılar, onlar jurnalistlərə və aksiya iştirakçılarına hücum çəkir, təhqir edirdi…

Bazar olsun!

Ana səhifəMənim Fikrimcə“Qanunsuz küçə ticarəti”ndən ciblərə axan milyonlar